AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanda içməli suyun tərkibi 24 saat yoxlanılır -

Azərbaycanda içməli suyun tərkibi 24 saat yoxlanılır - "Azərsu"

Təfsilat
04 İyun 2020, 09:07 228
Azərbaycanda içməli suyun tərkibinə mütəmadi şəkildə nəzarət olunur.
Bunu Trend-ə açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı deyib.
Şöbə rəisi bildirib ki, əhaliyə verilən suyun təmizlənmə prosesi 24 saat fasiləsiz həyata keçirilir:
"Bu da suyun keyfiyyətinin tam təhlükəsiz olmasını təmin edir. Bu gün "Azərsu" Səhmdar Cəmiyyəti hər bir anbardan götürülən suyun tərkibini, xlorlaşma səviyyəsini araşdırır. Eyni zamanda Respublika Gigiyena və Epidemiologiya Mərkəzi razılaşdırılmış qrafik əsasında suyun göstəricilərini yoxlayıb analiz edir. Analizlər zamanı bu vaxta qədər əhaliyə verilən içməli suyun tərkibində hər hansı bir neqativ hal aşkarlanmayıb. Hazırda əhaliyə verilən içməli su tam olaraq standartlara uyğundur".
A.Cəbrayıllı bildirib ki, içməli suyun tərkibi Bakı ilə yanaşı ölkənin 9 regionunda yoxlanılır: "Həm Mərkəzi laboratoriya, həm də 9 regional laboratoriya vasitəsilə bütün su mənbələrimiz daim nəzarət altındadır. İstər Bakı, istərsə də bölgələr üzrə içməli suyun tərkibi daim yoxlanılır".
Qurum rəsmisi koronavirusun içməli su vasitəsilə yayılması ilə bağlı məlumatlara da münasibət bildirib. Onun sözlərinə görə, bu xəbərlər təsdiqini tapmayıb: "Ümumdünya Səhiyyə Təşkilatı da təsdiqləyib ki, virusun sudan yayılması ilə bağlı fakt aşkarlanmayıb. Amma buna baxmayaraq, istər pandemiya dövründə, istərsə də əvvəlki vaxtlarda əhaliyə verilən içməli suyun tərkibi daim yoxlanılır".