• cümə axşamı, 28 mart, 18:35
  • Baku Bakı 13°C

“Azərbaycanda həyata keçirilən gənclər siyasəti digər ölkələr üçün nümunədir”

05.06.14 09:45 2489
“Azərbaycanda həyata keçirilən gənclər siyasəti digər ölkələr üçün nümunədir”
Bir neçə gün öncə Heydər Əliyev Sarayında Azərbaycan Gənclərinin VII Forumunun baş tutduğu haqda xəbər vermişdik. Prezident İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi" 2011-2015-ci illərdə" Dövlət Proqramının müvafiq yarımbəndinin icrasının təmin edilməsi məqsədi ilə həyata keçirilən bu forum, dövlətin gənclər siyasəti ilə bağlı edilən yeni təkliflər, gənc kadr və fəalların dövlətçilikdə rolu və s. məqamlarla bağlı suallarımızı Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov cavablandırır.
- Şahin bəy, Gənclər Forumu ilə bağlı hansı təəssüratlarınız var?
- Bildiyiniz kimi, Azərbaycan gənclərinin 7-ci forumu öz işini başa vurdu. Nəzərinizə çatdırım ki, forum olduqca səmərəli və maraqlı müzakirələr şəraitində keçdi, vacib məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Xatırladım ki, müzakirələr bir neçə panellərdə həyata keçirilirdi. Həmin panellərdə aidiyyəti dövlət qurumları nümayəndələri, o cümlədən gənclər təşkilatlarının aktiv üzvləri iştirak edirdi. Sevindirici haldır ki, foruma 1100-dən artıq region gənci qatılmışdı. Düşünürəm, elə bu məqamın özü çox şeydən xəbər verir və forumun nə qədər vacib əhəmiyyət daşıdığını göstərir. Mən də panellərdən birində iştirak etdim. Qeyd edim ki, müzakirələr nəzərdə tutulandan daha çox vaxt apardı və iştirakçı gənclər rahatlıqla ekspertlərə, aidiyyəti qurumların təmsilçilərinə suallarını verdilər. Yəqin bu səbəbdən də aparılan fikir mübadilələri olduqca rəngarəng şəkildə keçdi. Region gənclərindən, müəyyən təşkilatlardan, hətta heç bir təşkilat üzvü olmayan fəal gənclərdən kifayət qədər maraqlı təklif və suallar gəldi. Düşünürəm ki, növbəti illərdə gənclər siyasətində bu forum zamanı səsləndirilən fikirlər, təkliflər öz əksini tapacaq. Ümumiyyətlə, forumu olduqca yüksək qiymətləndirirəm. Bilirsiniz ki, cənab prezident yenə də öz diqqətini əsirgəməyərək tədbir iştirakçılarına təbrik məktubu göndərmişdi. Prezident qeyd edirdi ki, ümummilli lider Heydər Əliyevin gənclərlə bağlı siyasəti uğurla davam etdirilir. Çox sevindirici haldır ki, savadlı gənc nəsil yetişir və onlar dövlətçilik, vətənpərvərlik istiqamətində uğurlu fəaliyyət sərgiləməyi bacarırlar.
- Bu forum haqqında mənfi fikirlər səsləndirənlər də var. Müxalif gənclərdən bəziləri deyirlər ki, Gənclər Forumunun gənclərə heç bir aidiyyəti yoxdur...
- Bu fikirləri səsləndirənlərə bir sual ünvanlamaq istəyirəm. Siz dövlətin həyata keçirdiyi siyasətin hansı məqamından razı qalmısınız ki? İndiyə qədər həyata keçirilən gənclər siyasətində kifayət qədər uğurlar əldə olunub. Bu, istər statistik göstəricilərdə, istərsə də real həyatda açıq-aşkar görünür. Qəribəsi budur ki, onların sanki bir işi var - bütün həyata keçirilənlərə qara yaxmaq, görülən işləri kölgələmək, baltalamaq. Bu səbəbdən də artıq bu cür fikirlər bizi təəccübləndirmir. Onların nə cür reaksiya verəcəyini qabaqcadan təxmin etmək çətin deyil. O insanların işi yalnız qərəzli davranaraq iqtidara ləkə yaxmaqdır. Diqqət etsəniz görərsiniz ki, müxalifətçi gənclər özləri heç bir işlə məşğul olmurlar. Yalnız seçki ərəfəsində müxtəlif ajiotajlar yaratmaq, müəyyən qüvvələrin təsiri altına düşüb qərəzli fikirlər səsləndirmək həmin insanların əsas həyat tərzidir. Mən hər zaman onlara təklif etmişəm ki, ölkədə baş verən hadisələri, gənclər üçün yaradılan şəraiti müşahidə etsinlər. Yaxşı olar ki, özləri üçün bir qərara gəlib digər normal gənclər kimi fəaliyyətlərini qursunlar və normal həyat tərzi sürsünlər. Forumun uğursuz olduğunu deməklə, bunun gənclər üçün heç bir əhəmiyyət daşımadığını söyləməklə onun fəaliyyətinə kölgə salmaq düşünülmüş addımdır. Onlar böhtan atmağa öyrəşiblər. Halbuki, forumdan xeyli gənc faydalanır. Xatırladım ki, orada 1800-ə yaxın gənc iştirak edirdi. Onların hər birinə ayrı-ayrılıqda suallar ünvanlaya bilərsiniz. Görəcəksiniz ki, gənclər ağızdolusu forumun əhəmiyyətindən danışırlar. Heç bir fəaliyyətlə məşğul olmayan, yalnız pafoslu çıxışlar, müxtəlif siyasi şoular göstərməklə məşğul olan insanlar mənfi fikirlər söyləyirsə, bu o demək deyil ki, forum uğursuz. İnanıram ki, layihənin uğurlu nəticələri yaxın illərdə özünü göstərəcək və gənclər siyasətinə öz töhfəsini verəcək.
- Bəs dövlətin gənclər siyasəti necə, sizi qane edirmi? Gənclər dövlətçiliyin qorunmasında iştirak edə bilirlərmi?
- Azərbaycan 20 ildən artıqdır ki, müstəqildir. Bir çox dövlətlərin müstəqillik tarixi ilə müqayisədə bu, qısa zaman kəsiyidir. Amma ölkəmiz bu müddət ərzində çox uğurlu işlər ortaya qoyub. Dövlətin gənclər siyasəti demək olar ki, müstəqillik dövrümüzlə həmyaşıddır. Əgər gənclər siyasətinə bu qədər önəm verilirsə, hər il öncəkinə nisbətən dövlət tərəfindən ayrılan vəsaitin həcmi artırsa, həyata keçirilən layihələr, qayğı və diqqətin miqyası genişlənirsə, bu, o deməkdir ki, gənc nəsil dövlət üçün xüsusi bir yer tutur. Biz həqiqətən də, gənclərə kifayət qədər önəm verilən ölkədə yaşayırıq. Bunun ən yaxşı isbatı ölkəmizin digər dövlətlərlə müqayisəsidir. Bizimlə eyni vaxtda müstəqillik qazanmış ölkələrə nəzər salsanız, şahidi olacaqsınız ki, MDB məkanında gənclərlə bağlı ən uğurlu siyasət Azərbaycanda aparılır. Elə Şərqi Avropa ölkələri ilə də müqayisədə bizim gənclər siyasətinin kifayət qədər uğurlu olduğunu görürük. Diqqətinizə çatdırım ki, bəzi xarici ekspertlər Azərbaycanda həyata keçirilən gənclər siyasətinin digər ölkələr üçün nümunə olduğunu deyirlər. Qeyd edim ki, biz ölkədə fəaliyyət göstərən 300-ə yaxın gənclər təşkilatından biriyik. Əgər 4 ilə yaxın fəaliyyətimiz ərzində 500-dən çox layihə həyata keçirə, yüz minlərlə tələbəni əhatə edə bilmişiksə, bu, dövlətlə sıx əməkdaşlığımızın nəticəsi kimi qiymətləndirməlidir. Əgər digər gənclər təşkilatları da normal təkliflər irəli sürərlərsə və lazımi təşəbbüslərdə bulunarlarsa dövlət böyük məmnuniyyətlə onun reallaşdırılmasına razılıq verəcək. Mən bunu öz təcrübəmə əsasən deyirəm.
- 2011-2015-ci illəri əhatə edən «Azərbaycan gəncliyi» Dövlət proqramı haqda da fikirləriniz maraqlıdır.
- Hesab edirəm ki, dövlətlə gənclərin əməkdaşlığının ən yaxşı nümunələrindən biri də məhz bu proqramdır. Çünki bu layihənin hazırlanmasında gənclər aktiv şəkildə iştirak ediblər. Məlum olduğu kimi, proqram cənab prezident tərəfindən təsdiq olundu və hazırda da onun bəndləri lazımi şəkildə həyata keçirilməkdədir. Qeyd edim ki, Prezident yanında Gənclər Fondunun təsis olunması proqramın uğurlu fəaliyyət göstərməsinin nəticəsi hesab olunmalıdır. Eyni zamanda, proqrama uyğun olaraq gənclər təşkilatlarının maliyyələşdirilməsinin təşkil olunması, vətənpərvərlik sahəsində həyata keçirilən layihələr, gənclərin beynəlxalq əlaqələrinin inkişafı və s. ilə bağlı məqamlar keyfiyyətli şəkildə icra olunmaqdadır. Düşünürəm ki, 2015-ci ilə qədər proqramda nəzərdə tutulan bütün bölmələr həyata keçiriləcək.
- 4-5 il ərzində bütün problemlərin həllini tapa bilməməsi mümkündür. Sizcə, gələcəkdə daha hansı işlər görülməlidir?
- Təbii ki, hələ də həllini tapmayan məsələlər qalıb. Uğurlardan danışarkən problemləri də yaddan çıxarmamalıyıq. Məsələn, tələbələrin müəyyən problemləri var ki, bunlardan da ən vacibi onların yataqxana problemləridir. Həmçinin bir sıra sosial problemlər müşahidə olunur. Ola bilsin ki, gələn illərdə dövrə uyğun olaraq müəyyən problemlər ortaya çıxsın. Əminəm ki, indi olduğu kimi, gələcəkdə də yaranacaq problemlər vaxtında həllini tapacaq.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər