Azərbaycanda hepatit xəstələri Allahın ümidinə buraxılıb ARAŞDIRMA

Azərbaycanda hepatit xəstələri Allahın ümidinə buraxılıb ARAŞDIRMA

Cəmiyyət
04 Dekabr 2012, 08:43 4004
Dekabr ayı ilk gününə aidiyyəti üzrə “Ümumdünya AİDS-lə Mübarizə Günü” ilə başladı. Həmin gün artıq geridə qalmasına baxmayaraq, özü ilə bir problemi aktuallaşdırdı. Elə bir problem ki, onun həll olunması bütün insanlar üçün vacibdir. Söhbət İİV (immunçatışmazlığı) virusuna yoluxmuş xəstələrin hepatit “C”-dən əziyyət çəkməsindən və bu xəstələrin qeydiyyata alınmamasından gedir.

Ombudsman Aparatının İqtisadi, sosial və mədəni hüquqların müdafiəsi sektorunun böyük məsləhətçisi Rəşad Novruzovun qəzetimizə verdiyi məlumatda maraqlı nüanslar ortaya çıxıb. Narahatlıq doğuran İİV virusuna yoluxmuş xəstələrin böyük əksəriyyətinin hepatit “C” virusundan əziyyət çəkməsi və bu cür xəstələrin sayının artmasıdır: “Müvafiq terapiya vasitəsilə İİV virusuna yoluxmuş xəstələrin həyatını bir çox hallarda xilas etmək mümkün olsa da, onların əksəriyyəti hepatit “C” virusu ilə müşayiət olunan böyrək çatışmazlığından dünyasını dəyişir. Təsadüfi deyildir ki, “Təhlükəli yoluxucu xəstəliklərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 iyun 2011-ci il tarixli, 105 saylı qərarında “B” və “C” hepatitləri təhlükəli yoluxucu xəstəliklərin siyahısına daxil edilib. Bununla belə, adı çəkilən virusa yoluxmuş şəxslərin qeydiyyatının aparılmaması, bu səbəbdən onların sayı barədə dəqiq statistik məlumatların olmaması, profilaktika və müalicə tədbirlərinin mərkəzləşdirilmiş qaydada həyata keçirilməməsi bu virusa yoluxma və xəstəliyin ağır fəsadları səbəbindən ölüm hallarının kəskin artmasına səbəb olur”. İnsanın immunçatışmazlığı virusu (İİV/QİÇS) bütün dünyada olduğu kimi, Azərbaycanda da böyük narahatlıqla qarşılanır. Dünya ictimaiyyətinin, ayrı-ayrı dövlətlərin və beynəlxalq təşkilatların davamlı səylərinə baxmayaraq, bu dəhşətli xəstəlik yer üzündə sürətlə yayılmaqdadır: “Ölkəmizdəki statistik göstəricilər, bu xəstəliyin inyeksion narkotik istifadəçiləri, həbs yerlərində saxlanılan şəxslər, o cümlədən son zamanlar qadınlar və gənclər arasında daha geniş yayılması barədə mülahizələr problemin ciddi xarakter almasından xəbər verir. Bununla belə son illərdə effektiv “antiretrovirus” terapiyasının tətbiqi, müalicəyə kompleks yanaşma ölümə məhkum İİV/QİÇS xəstələrinin ömrünü uzatmağa imkan verir, bu xəstəliyi idarə oluna bilən xroniki xəstəliyə çevirir. Lakin, İİV/QİÇS-in müalicəsinin hələ də tibbə məlum olmaması bu problemi bəşəriyyətin ən ciddi təhlükələrindən biri kimi gündəmdə saxlayır”.

Əksər xəstələr yalan danışır!

Deyək ki, İİV/QİÇS-in müalicəsi hələ də tibbə məlum deyil, amma hepatit xəstələrini müəyyən eləmək ki mümkündür. Bu halda ortaya bir neçə sual çıxır. Hepatit virusuna tutulmuş xəstələrin qeydiyyatı niyə aparılmır? Xəstəliyin profilaktika və müalicəsinin mərkəzləşdirilmiş qaydada aparılmasına nə mane olur?

Bir neçə ekspertlə məsələni aydınlaşdırmağa çalışdıq. “Dental House” klinikasının həkimi Mehriban Həsənova dedi ki, onlar hər bir xəstəyə anketlər təqdim edirlər və orada sual da qoyulur ki, sizin hepatitiniz varmı, hepatit müayinəsindən keçmisinizmi?!: “Əksəriyyəti deyir ki, məndə heç nə yoxdur. Çünki, xəstələr laboratoriyadan əsas sənəd gətirmirlər, biz onların dediyinə inanırıq. Amma laboratoriyalar bunu qeydiyyata alsalar, o zaman xəstələrin dəqiq statistikasını müəyyənləşdirmək olar. Düzdür, vətəndaşın özünə bildirməsələr də, statistikaya bildirilməlidir ki, bu qədər adamda hepatit xəstəliyi var. Yəni xəstənin hepatit olub-olmadığını müəyyənləşdirmək bizdən asılı deyil”.

Həkimin dediyinə görə, onlara müraciət edən xarici vətəndaşlar öz anketlərində nə var onu da yazırlar: “Biz onsuz da hər xəstəyə hepatit xəstəsi kimi yanaşırıq, yəni xəstənin sözünə inanmırıq, əlcəkdən istifadə edirik, ləvazimatları cəmi bir dəfə işlədirik, daha sonra virusa qarşı 5 faizli “gegasept” dərmanı atırıq. Amma xaricilərdən fərqli olaraq, bizim vətəndaşların çoxu hepatit xəstəsi olduğunu bildirmir. Gizlədir, utanır, qorxur ki, birdən onu müalicə etməzlər. Amma xəstə bildirməlidir ki, virusun digərlərinə də keçməsinin qarşısı alınsın. Eynilə, qadınlar salonlara gedib manikür-pedikür edərkən buna diqqət etməlidirlər. Amma baxanda görürük ki, həm salon işçisi aldadır qadını, deyir ki, “hə, alətləri sterilizasiyadan çıxarmışam”, həm də qadın deyir ki, “məndə hepatit yoxdur”.

Reallığı əks etdirməyən statistika

Tibb elmləri doktoru, professor Adil Qeybulla da xəstələrin öz xəstəliklərini gizlətməsini təsdiqlədi: “Hepatit xəstələrinin çoxu ayrı-ayrı həkimlərə müraciət edib ayrılıqda müalicə olunurlar. Ona görə də, real vəziyyət statistik göstəricilərlə heç vaxt uyğun gəlmir. Hepatit C “polevadit” virusdur, bunun 6 genotipi, 10 sort “ditr”i var. Yəni çox tez bir müddətdə formasını dəyişmək qabiliyyətinə malikdir. Ona görə də, indiyə qədər bu virusun vaksini hələ hazırlanıb qurtarmayıb. Amma hepatit A və B viruslarının vaksini var. Demək olar ki, sovet dövründə bu xəstəliyi təyin eləmək heç mümkün olmayıb”.

Ekspert əlavə etdi ki, xəstələrin düzgün həkimə müraciət etməsi, Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi klinik protokol üzrə müalicəni düz alması çox mühüm şərtdir: “Bütün bu proseslər həkim nəzarəti altında həyata keçirilməlidir. Yaxşı olardı ki, bu xəstələrin hansısa formada qeydiyyatı aparılsın. Yəni, hansısa tibbi müəssisədə belə bir xəstə qeydə alınarsa, onu müvafiq qurumlara müraciət edib qeydiyyata saldırsaydılar, məqsədəuyğun olardı. Hər halda, bu gün belə bir qeydiyyat yoxdur. Ayrılıqda bəzi xəstəxanalarda olur, bəzisində olmur. Ümumiyyətlə, hepatit virusu olan xəstələr ayrı-ayrı klinikalarda müalicə oluna bilərlər, amma əlbəttə, bu xəstələrin müalicəsi ixtisaslaşdırılmış bir yerdə olmalıdır. Bu zaman xəstələrə nəzarət də güclü olar, həmçinin, hepatitlə bağlı düzgün proqnozları müəyyənləşdirmək asanlaşar”.

AİDS-lə mübarizə İctimai Birliyinin adının çəkilməsini istəməyən eksperti isə bildirdi ki, “Azərbaycan təbabətinin müasir nailiyyətləri” jurnalında dərc olunan məqaləyə görə, hələ 2000-2009-cu illərdə təkcə Naxçıvan və Bakıda 50 mindən çox (18-60 yaş arası) hepatit xəstəsi qeydə alınıb. Onların 3.5 %-i hepatit D, 4.5 %-i isə hepatit C olub: “İndi bu barədə ölkədə heç bir araşdırma aparılmır. Ona görə də, xəstəliyin hazırkı durumunu demək mümkün deyil. Səhiyyə Nazirliyə müraciət edirsən, oradan da məsələ ilə bağlı bir cavab vermirlər. Əhali arasında müəyyən sorğular, testlər aparılmalıdır”.

300 manatlıq dərman

Mütəxəssis onu da dedi ki, hepatitə qarşı istifadə olunan bütün dərmanlar çox bahadır. Preparatların qiymətləri 180-300 manat arasında dəyişir: “Bir hepatiti olan xəstənin müalicəsi üçün 15-20 min manat pul lazımdır. Bu qiymətlər bütün dünyada bahadır. Bununla bərabər, bizdə bu sahədə mütəxəssis azlığı var. Ona görə də, xəstələrimiz İrana və Türkiyəyə gedirlər. İstərdik ki, hepatologiya mərkəzi yaradılsın və müayinələr dövlət tərəfindən aparılsın”.

Səhiyyə Nazirliyi ilə də əlaqə saxlamağa çalışdıq. Amma nazirliyin mətbuat xidmətindən zənglərimizə cavab verən olmadı. Nazirliyin ümumi telefonunda oturan xanımdan mövzumuzla bağlı aidiyyəti şəxslərdən biri ilə əlaqələndirməsini xahiş etdik. Dedi ki, ancaq mətbuat xidmətiylə danışın. Onlarsa otaqda deyil. Durumla bağlı rəsmi məlumat ala bilməsək də, problem göz qabağındadır. Özü də bu məsələnin həlli hər bir vətəndaş üçün vacibdir.

Sonda xatırladaq ki, «İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında» qanuna əsasən, İİV infeksiyası ilə mübarizə və İİV-lə yaşayan şəxslərə tibbi və sosial yardım göstərilməsi dövlət təminatı, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquqlarına və azadlıqlarına riayət və hörmət edilməsi prinsipləri əsasında həyata keçirilməlidir. Qanuna görə, İİV-lə yaşayan şəxslərin İİV-ə yoluxması səbəbinə görə hüquq və azadlıqlarının hər hansı formada məhdudlaşdırılmasına yol verilmir.

Elgün Mənsimov