Azərbaycanda həkimlər çoxdur?
2018-2019-cu tədris ili
üçün bakalavr səviyyəsi üzrə qəbul planı təxminən 2303 yer (5,37 %) artırılaraq
45159-a çatdırılıb. Amma bu artma bütün universitetlərdə plan yerlərinin
sayının artması demək deyil. Belə ki, Azərbaycan Tibb Universitetində qəbul
planı əvvəlki illərlə müqayisədə 26% azalıb.Statistik
göstəriciləri bir kənara qoyub, işin əsas tərəfinə nəzər yetirək. Məlumatı ilk
eşidən zaman məndə belə bir sual yarandı: "Sağlamlığımızın keşiyində
dayananların sayı nə üçün azaldılır?” Verilən bu qərar növbəti mərhələdə
səhiyyə sahəsində müsbət, yoxsa mənfi nəticələr doğuracaq? Mövzu ilə bağlı
mütəxəssislərin fikrini öyrənməyə çalışdıq.
Azərbaycan Tibb
Universitetinin Tədris şöbəsinin müdiri, dosent Samir Cavadov bu azalmanın müsbət nəticə verəcəyini deyir: "Bizə sadəcə olaraq
plan yerinin azaldılması ilə əlaqədar məktub göndərilib. Başqa heç bir məlumat
verilməyib. Düşünürəm ki, universitetə qəbul planının azaldılması yaxşı nəticə
verəcək. Çünki hazırda ölkəmizdə çox sayda həkim fəaliyyət göstərir. Yəni digər
ölkələrlə müqayisə edəndə, Azərbaycanda hər xəstəyə düşən həkim sayı çoxdur.
Ona görə də düşünürəm ki, bu azaldılma həm keyfiyyətli kadr hazırlanmasına, həm
də həkimlərin işlə təmin olunmasına gətirib çıxaracaq”.
Təhsil eksperti Nadir İsrafilov ali
təhsilin istər bakalavriat, istərsə də magistratura və ya rezidentura
səviyyələrində ayrı-ayrı tədris ili üzrə tələbə qəbulu planında bir sıra
yenilik və dəyişikliklərin aparılmasının labüd bir proses olduğunu düşünür:
"Məsələn, elə il olub ki, qiyabi təhsil forması üzrə plan 2 dəfədən çox
azaldılaraq bu yerlərin hesabına əyani tələbə qəbulu planı artırılıb.
Müəllimlik ixtisasları üzrə qiyabi təhsil forması üzrə qəbul isə ümumiyyətlə
planlaşdırılmayıb və s. Göründüyü kimi, 2018-2019-cu tədris ili də
dəyişikliksiz ötüşməyib. Yəni ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi
üzrə qəbul planının ötən illə müqayisədə 2303 yer artımı fonunda Azərbaycan
Tibb Universitetində plan yerlərinin sayı 26 % azalıb. Bu hal hər şeydən əvvəl
müəyyən universitetlərdə yeni ixtisasların açılması və plan yerlərinin onlara
ayrılması ilə izah olunur”.
Ekspert tibb sahəsi üzrə yerlərin azalmasının birmənalı
qarşılanmadığını qeyd edir: "Düzdür, kəskin artımın daha çox bədən tərbiyəsi,
ciddi azalmanın isə tibb ixtisası üzrə olması heç də hamı tərəfindən birmənalı
qarşılanmayıb. "Bizə həkim lazımdır, yoxsa idman müəllimi?” kimi fikirlər də
səsləndirilib. Danılmaz faktdır ki, regionlarda həkimlərə ciddi ehtiyac var.
Amma təəssüf ki, tibb ixtisası üzrə universitet məzunlarının heç də böyük
əksəriyyəti regionlara getməkdə o qədər də maraqlı deyillər. Paytaxtda və bir-iki
böyük şəhərlərimizdə isə xarici həkimlərin əlindən yerli gənclərə yer yoxdur.
Televiziyalarımız da gecə-gündüz yalnız onların reklamı ilə məşğuldur”.
Müsahibimiz qeyd edir ki, universitetlərdə plan yerini azaltmaqdansa,
iş yerlərinin sayını artırmaq daha məqsədəuyğun olardı: "Ümumiyyətlə bütün
bunları bir kənara qoysaq, açıq etiraf etməliyik ki, bizdə tələb-təklif
prinsipi lazımınca gözlənilmir. Ölkəmizdə təkcə müəllimlərin sayı tələbatdan
iki dəfədən artıqdır ki, bu da ali təhsilli işsizlər ordusunun yaranmasına
gətirib çıxarır. Hesab edirəm ki, ayrı-ayrı universitetlərin plan yerlərini
doldurmaqdan daha çox, tələb-təklif prinsipini gözləməklə gənclərin məşğulluğu
üçün iş yerləri barədə düşünmək daha məqsədəuyğun olardı”.
Təhsil eksperti Etibar Əliyev bildirir
ki, Tibb Universitetində elmi tədris
edəcək yeni nəsil yoxdur: "Əslində sovet dövründə də bu ixtisas üzrə qəbul çox
idi. Həmin dövrdə "Müalicə proflaftika-1”, "Müalicə proflaftika-2” fakültələri ayrı-ayrı
fəaliyyət göstərirdi. Səhv etmirəmsə, 2 minə yaxın tələbə qəbul edirdi. Bu,
bizim kimi kiçik bir ölkə üçün çox böyük say idi. Düşünürəm ki, tibb ixtisası
digərlərinə nisbətən daha çox fərdi təhsilə üstünlük verilən sahədir. Yəni bu
elə bir ixtisasdır ki, tələbələrin sayı başqa sahələrlə müqayisədə az
olmalıdır. Eyni zamanda ixtisaslaşmış professor, müəllim heyətinin tərkibi
keyfiyyətli olmalıdır. Tibb sahəsi üzrə mütəxəssislərin böyük əksəriyyətini
yaşlı nəsil təşkil edir. Çox təəssüflər olsun ki, həmin yaşlı nəsil də
gənclərin yetişməsinə şərait yaratmır. Azərbaycan Tibb Universitetində 80-90-cı
illərdən kafedra müdiri işləyənlər var. Onlar gənclər üçün yol açmırlar. Gənc
nəsil sıxışdırıldığından, yetişmə prosesi ləngiyir. Hazırda fəaliyyət göstərən
gənclərimizin böyük bir qismi isə xaricdə bu sahə üzrə təhsil alıb gələnlərdir.
Və o gələnlər də sırf praktiki olaraq həkimlik fəaliyyəti ilə məşğuldurlar.
Nəticə etibarı ilə də universitetdə elmi tədris edəcək yeni nəsil yoxdur”.
Qəbul planının azalmasının kəskin kadr qıtlığına səbəb olacağını
düşünməyən ekspert deyir ki, Tibb Universitetinin savadlı mütəxəssis
yetişdirməsi üçün kampusu olmalıdır: "Xarici ölkələrə nəzər yetirsək görərik
ki, əksər tibb universitetlərinin nəhəng kampusları var. Bizim Tibb Universitetimiz
həmin universitetlərin fakültəsi səviyyəsində belə kampusa malik deyil. Tibb
sənəti mütləq böyük kampusun olmasını tələb edir. Doğrudur, müəyyən klinikalar
var, tələbələr orada praktik fəaliyyətə cəlb olunur. Amma bunlar kampus kimi
deyil. Əgər universitetin kampusu olarsa, mütəxəssis hazırlığı, şübhəsiz, bir
qədər fərqli olar. Məncə, qəbul yerlərinin azaldılması mənfidən çox müsbət
addım kimi qiymətləndirilməlidir. Bu sahəni bitirənlərin iş tapmaqda çətinlik
çəkdiyini nəzərə alsaq, yerlərin az olması məqsədəuyğundur. Düşünmürəm ki, bu
azalma gələcəkdə kəskin kadr qıtlığına səbəb olsun. Çünki daxildə yetişdirilən
kadrlardan başqa, xaricdə təhsil alıb gələn həkimləri də işlə təmin etmək
lazımdır”.
Məsələ ilə bağlı məlumat əldə etmək üçün aidiyyatı qurumlara da müraciət
etdik. İlk olaraq tələbələrin qəbul imtahanını həyata keçirən Dövlət İmtahan
Mərkəzi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən verilən məlumata görə,
plan yerlərini Nazirlər Kabineti təsdiq edib, DİM sadəcə icraçı qurumdur. Təhsil
Nazirliyindən isə gün ərzində sorğumuza cavab verilmədi.
Günel Azadə