AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanda hansı yazıçının əsərinə film çəkmək olar? SORĞU

Azərbaycanda hansı yazıçının əsərinə film çəkmək olar? SORĞU

Mədəniyyət
22 Dekabr 2012, 11:27 2541
Bildiyimiz kimi son dövrlərdə Azərbaycan ədəbiyyatında müxtəlif tendensiyalar özünü göstərir. Amma dəyərli əsərlər ekran işi kimi özünə yer tapmır. Daha çox rejissorlar öz ssenarilərinə film çəkməyə üstünlük verirlər. Amma elə əsərlərimiz var ki, o bədii mətnlər əsasında qiymətli filmlər çəkmək olar. Təbii ki, bütün əsərlər ekran işi üçün əhəmiyyətli ola bilməz. İndiki, halda film kommersiyaya hesablandığından gərək elə əsərlərə film çəkilə ki, həm qeyri-ciddi olmaya, həm də tamaşaçı marağı toplaya bilə. Bütün bunları nəzərə almaq şərti ilə yaradıcı adamlar aşağıdakı sualla müraciət etdik.

Azərbaycan ədəbiyyatında hansı əsəri, hansı xüsusiyyətinə görə film üçün uyğun hesab edirsiniz?

Əsəd Cahangir (tənqidçi):
Azər Abdullanın "Qəmərlidən keçən qatar" povesti film üçün çox uyğundur. Mövzu aktuallığı, gərgin süjet, incə psixologizminə görə film çəkilməsi üçün çox uyarlıdır. Amma burda o qədər psixoloji nünaslar var ki, bunu yalnız Hollivud aktyorları oynaya bilər.

Məmməd Orucun "Köçürülmə" romanı ümummilli faciəmizi əks etdirməsi, epik ehtiva çevrəsinin genişliyi, xalq faciəsinin dünyadan xəbərsiz uşağın diliylə verilməsindən doğan sarsıdıcı tragizminə görə maraqlıdır. Bu roman əsasında faşistlərin yəhudilərin başına açdığı vəhşiliklərdən bəhs edən filmlər sayaq film çəkmək və Azərbaycan həqiqətini dünyaya çatdırmaq olar.

Eləcə də, Aslan Quliyevin "Rusiyadan gələn qardaş" hekayəsi – orijinal mövzuya həsr olunması (toy günü bəyin "bağlanması"), komizm, canlı, koloritli obrazlarına, göz yaşı və gülüşün targikomediya effekti doğurmasına, insana inam və ümid aşılamasına görə diqqət çəkir. Bu hekayə əsasında gürcü kinematoqrafçıları sayağı əla bir kinokomediya çəkmək olar. Məsələn, "Küp" kinokomediyası kimi.

Mübariz Cəfərlinin "Rəqqas" povesti – aktual mövzuya həsr olunması (yüksək vəzifə sahibinin yalançı "patriotluğu və saxta ata obrazı), insanda gedən daxili dəyişmə və eybəcərləşməni psixoloji cəhətdən gözəl əks etdirməsinə görə. Bu povest əsasında ikinci doğuluş mövzusuna dair gözəl və təsirli, aktual film çəkmək olar. Amma orijinallıq ondan ibarət olar ki, adətən edildiyinin əksinə olaraq, Mübariz bu ikinci doğuluşu təsdiq yox, inkar edir.

Elçinin "Bayraqdar" povesti - mövzuca aktuallığına görə. Əsər qaçqın, amma istedadlı, bütün ailənin ümid yeri olan bir yeniyetmənin faciəli ölümnə həsr olunub. Gələcəyin rəmzi olan bu gənci köhnəlik öldürür. Yalançı vətənpərvərlik libasına bürünmüş köhnəlik. Əsərin bütün tragizminə baxmayaraq son dərəcə işıqlı aurası var. Xüsusən də yeniyetmələrin mənəvi-əxlaqi inkişafına çox müsbət təsir edə bilər.

Əyyub Qiyas (yazıçı): Film üçün olan ədəbi nümunələrin özünün dili olur. Məsələn, Anar, Natiq Rəsulzadə, İbrahimbəyovlar həm də kino ədəbiyyatı yaradırlar. Mən özü də peşəkar ssenarist olduğumdan istər-istəməz romanlarımda, hekayələrim də görüntülü ədəbiyyat yazıram. Görüntülü dili olan ədəbi nümunələrin ən keyfiyyətlisini və ən peşəkarını filmə gətirmək olar. Məsələn, mənim “Köpək bürcü” romanım serial, “Sonuncu büt” və “Qara işıq” romanlarım film üçün yazılıb.

Mirmehdi Ağaoğlu (yazıçı):
Şərif Ağayarın "Haramı" romanı əsasında yaxşı film çəkmək olardı. Bu əsərlə həm Qarabağ mövzuna toxunmaq, həm müharibədən sonra qaçqınların vəziyyətini canlandırmaq, üstəlik də kriminal süjetli bir film ərsəyə gətirmək olardı.

Əsəd Qaraqaplan (gənc yazar): Düzü, buna konkret əsər adı çəkməklə cavab vermək çətindi. Son vaxtlar filmlərə çox baxıram və hərdən özümü bir rejissor kimi də hiss edirəm. Düşünürəm ki, mən film çəksəm necə olar və hansı əsərə çəkərəm... İnsan özünü və öz yazdıqlarını daha yaxşı tanıdığına görə elə özündən, öz yazdığından nəsə çəkmək istəyir. Çünki bu, sənə daha aydın mənzərədi. Etiraf edim ki, uzun müddətdir son romanım "Savaşroman" haqda film çəkliməsi haqda çox düşünürəm. Ona görə yox ki, bu əsər mənim əsərimdi, ona görə ki, mənə elə gəlir, bu, çağdaş insanımızın, xüsusən də gəncliyimizin düşdüyü ən dəhşətli psixoloji məqamlardı. Çox vaxt bu əsərin kadrlarını da canlandırıram beynimdə.
Mən o şeyləri özüm yaşadığıma görə istəyirəm bir film formasında da insanlara çatdıram. Heyf ki, rejissor deyiləm və belə bir əsərin tam ürəyimcə çəkilməsi üçün bizdə potensial da görmürəm. Hətta bəzən bu "film" beynimdə bir serial kimi canlanır. Hər anın, hər bölməsini bir serial kimi yaşayıram. Fikrimcə, bizə elə psixoloji filmlər gərəkdi. Bizim insanın içi, daxili aləmi ekrana gəlməlidir. Bəlkə də, bu üzdən daha çox bu əsər haqqında "film kimi" düşünrəm. Həm də çəkiləcək bu filmin ənənəvi süjetdən çıxıb, süjetsizliklə filmimizdə yenilik ola biləcəyini də düşünürəm. Elə başqa psixoloji əsərlərimizə də filmlər çəkmək olar.

Amma belə əsərlər varmı? Düzü, xatırlamıram. Şəxsən məni artıq bir tamaşaçı kimi psixoloji, inansın içi maraqlandırır. "Çöllərlə" çox uğraşdıq, bəsdi məncə. Bəlkə də, bu üzdən bu əsəri yazdım və onun film variantını da görmək istəyirəm. Müasir türk filmlərinin bəziləri var ki, məni dəli edir. Məhz, bu tərəfinə – insan içini məsələsinə görə. Buna görə belə filmlərin bizdə də olmasını istəyirəm. Məncə, bu, daha effektli və gözəldi. Həm də çox nüfuzedicidi. Biz dünyanın yalnızlıq dövrünü yaşayırıq. Buna görə də filmlər də bunu – bu insanı anlatmalıdı. Həm də bütün çılpaqlığıyla. Hələ ki, belə bir filmin çəkilməsi üçün yalnız "Savaşroman"ı uyğun görürəm. İnanıram ki, belə əsərlər və belə əsərlərə çəkilən filmlər də get-gedə çoxalacaq.

Fərid Hüseyn