• çərşənbə axşamı, 19 mart, 15:01
  • Baku Bakı 8°C

Azərbaycanda "facebook" istifadəçilərinin fəallığı azalır

20.09.17 10:00 1092
Azərbaycanda "facebook" istifadəçilərinin fəallığı azalır
2017-ci ilin yanvar-avqust aylarında Azərbaycanda "Facebook" sosial şəbəkəsinin istifadəçilərinin fəallığı 25,8 faiz azalıb.
Trend bu barədə "GlobalStats" statistika mərkəzinə istinadən məlumat verir. Hesabatda qeyd olunur ki, sentyabrın 1-ə olan vəziyyətə görə, Azərbaycan sosial media bazarında "Facebook"un payı 65,3 faiz təşkil edib. Bu rəqəm 2016-cı ilin eyni dövrü ilə müqayisədə 21 faiz azdır. Populyarlığına görə "Facebook" Azərbaycan sosial media bazarında birinci yerdə qərarlaşıb. Populyarlığına görə ikinci yerdə "YouTube"dur. Bu sosial şəbəkənin istifadəçilərinin fəallığı ötən ilə nisbətən 27 dəfə artıb. "YouTube"un ölkə sosial media bazarında payı 14,1 faiz təşkil edib. "Twitter" sosial şəbəkəsində fəallıq bu ilin ilk səkkiz ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfədən çox artıb. Bu sosial şəbəkənin Azərbaycan sosial media bazarında payı 8,7 faiz təşkil edib ki, bu da ötən illə müqayisədə 24,3 faiz çoxdur. Azərbaycan sosial media bazarında payına görə dördüncü yerdə "Pinterest" (5,11 faiz) qərarlaşıb. Növbəti sıralarda "İnstagram" (2,91 faiz), "V kontakte" (1,19 faiz) və "Tumblr" (1,12 faiz) qərarlaşıb.
Verilən məlumatın nə qədər doğru olduğunu, məşhur sosial şəbəkələr olan "Facebook” və "Twitter” şəbəkələrinin faiz göstəriciləri arasındakı fərqin səbəbini və bunun sosial mediaya necə təsir etdiyini öyrənməyə çalışdıq.
Sosial Media mütəxəssisi Orxan Rzayev bildirir ki, statistika hazırlanarkən bir neçə məqam əsas götürülə bilər: "Azərbaycanda "Facebook” istifadəçilərinin sayında son bir ildə demək olar ki, artım olmayıb, hətta bəzi vaxtlarda azalma müşahidə olunub. Ola bilər istifadəçilər "Facebook”da daha az vaxt keçirirlər. Amma GlobalStats'ın açıqlamasında maraqlı məqamlar var. Bazar payına görə "Pinterest” siyahıda 4-cü (5.11%), "İnstagram” isə 5ci (2.91%) göstərilib, halbuki son iki ildə Azərbaycanda "İnstagram” sürətlə inkişaf edir, hətta "Facebook”dan daha çox istifadəçisi olduğu ehtimal edilir. "Pinterest” şəbəkəsinin "İnstagram”dan iki dəfə çox bazar payına sahib olması isə real görünmür. Ola bilər "GlobalStats” da hansısa fərqli parametrləri əsas meyar olaraq seçib”.
PR və Kommunikasiya üzrə mütəxəssis Azər Nəzərov deyir ki, "Facebook” saxta profilləri sildiyi üçün azalma baş verir: "Əslində buna istifadəçilərin azalmasını demək də doğru olmaz. Burada diqqət yetirməli olduğumuz bir neçə nüans var. Birincisi odur ki, "Facebook” mütəmadi olaraq aktiv olmayan və saxta profilləri sistemdən silir, yəni bu zaman avtomatik olaraq sayda azalma baş verir. İkinci məsələ budur ki, ölkəmizdə internet istifadəçilərinin ümumi sayı artır və təbii ki, statistik faizlər də ona uyğun olaraq dəyişir. Yəni deməzdim ki, insanlar "Facebook”a maraqlarını itirirlər, əksinə, günü-gündən maraq artır və insanlar gündəlik həyatlarında etdikləri bir çox fəaliyyətləri bu şəbəkə üzərindən edirlər. Statistikaya təsir edən növbəti amil isə insanların "Youtube”a olan marağının artmasıdır, bunun isə səbəbi onların daha çox vizual məzmunu üstünlük verməyə başlamalarıdır, eyni məsələ "İnstagram”a da aiddir. "Twitter”də gəldikdə isə, hazırda bu şəbəkənin Azərbaycan seqmenti bir neçə il öncə olandan ciddi fərqlənir, indi artıq gənclər fikirlərini ifadə etmək üçün bura üz tuturlar, qısa lakonik şəkildə paylaşımlar edirlər. Düşünürəm ki, istənilən halda Azərbaycanda "facebook”a olan maraq azalmayacaq. Onların təqdim etdiyi statistikaya görə, hazırda bu şəbəkənin ölkəmizdə 2 milyon 700 min istifadəçisi var”.
Mövzu ilə bağlı həm "Facebook”, həm də "Twitter” istifadəçilərinin də fikrini öyrəndik.
Elgün Abdullazadə deyir ki, "Twitter” ən çox istifadə etdiyi sosial platformadır: "Artıq 5 ildir ki, "twitter” istifadəçisiyəm. Düzdür, "Facebook” və digər sosial şəbəkə hesablarım da var. Amma demək olar ki, gün ərzində ən çox istifadə etdiyim şəbəkədir. "Facebook”u isə iş üçün işlədirəm. İşlə bağlı materialları buradan əldə edirəm. Gün ərzində demək olar ki, əsas səhifəni bir, uzağı iki dəfə yeniləyirəm. "Twitter” mənim üçün daha maraqlıdır və orada daha aktivəm. "facebook” istifadəçisi ilə "twitter” istifadəçisi arasında ciddi mənada fərq var. Düşüncə tərzi, baxış bucağı və s. "Facebook”da hər yaşda insan var. Əsasən yaşlı nəslin nümayəndələri bəzən paylaşımlara birmənalı yanaşmır, hətta elə olur ki, etdiyim hansısa paylaşıma görə tənqid edir və s. Bu da narahatlıq hissi yaradır. "Twitter”də sənin izlədiklərin və səni izləyənlər var. Hələlik Azərbaycanda daha çox gənc nəslin nümayəndələri "twitter” istifadəçisidir. Yəni mənə görə burada sərbəstlik daha çoxdur. Bundan başqa, "facebook”da gələn spam mesajlar, lazımsız dostluq təklifləri "twitter”də demək olar ki, yoxdur. Sərbəst platformadır. İstədiyini paylaşa, istədiyini izləyə bilərsən. Sənə maraqlı olan şəxslərin yazdıqlarını ilk oxuma şansı qazandırır. Burada 140 simvoldan artıq yazmaq olmur. Bu da mənə daha maraqlıdır. Çünki uzun-uzadı, böyük yazıları oxumağa nə səbrim, nə də marağım var. "Twitter”in çatışmayan bir cəhəti var ki o da redaktə bölməsinin olmamağıdır”.
Günay Nəbiyeva da "twitter”i üstün tutanlardandır. Səbəb isə "twitter”in istifadəçilərinin əksəriyyətinin gənclər olmasıdır: "Orada orta yaş təbəqəsindən kimisə nadir hallarda görmək mümkündür. Bu səbəbdən "twitter”də düşündüklərini olduğu kimi, hətta açıq formada ifadə etmək olur. 140 işarə məhdudiyyəti olduğu üçün istər-istəməz fikirlərin konkretləşir və az sözlə də düşüncələrini ifadə edə bilirsən. Həmçinin "twitter” istifadəçiləri "facebook”a nisbətən daha yaradıcıdırlar. Onları qınayan yaşlı nəsil yoxdur deyə, açıq formada düşüncələrini paylaşa bilirlər”.
Günel Azadə
banner

Oxşar Xəbərlər