AZE | RUS | ENG |

Azərbaycanda evlərin və ofislərin 80 faizini bəzəyən yerli məhsul

Azərbaycanda evlərin və ofislərin 80 faizini bəzəyən yerli məhsul
Ekspert deyir ki, ölkədə qeyri-neft sektoru sahələri arasında mebel sənayesinin böyük perspektivlərinin olması danılmaz faktdır”

Mebel istehsalına aid məhsullara tələbat getdikcə, azalmaq əvəzinə daha da artan tendensiya üzrə inkişaf edir. Yerli mebel istehsalı yüksək keyfiyyətə, beynəlxalq standarta tam cavab verir. 2018-ci ildə Azərbaycanda 72,6 milyon manat həcmində mebelin istehsal olunması gözlənilir ki, bu da ötən illə müqayisədə 11,8 faiz çoxdur. Bu barədə 2019-2022-ci illərdə Azərbaycanın sosial-iqtisadi inkişafı proqnoz göstəriciləri və konsepsiyasında deyilir. Proqnozlara əsasən, növbəti illərdə mebel istehsalı əhəmiyyətli dərəcədə artacaq. Belə ki, 2019-cu ildə mebel istehsalı 76,7 milyon manat, 2020-ci ildə 82,2 milyon manat, 2021-ci ildə 88,2 milyon manat, 2022-ci ildə isə 94,5 milyon manat təşkil edəcək. Azərbaycanda daha çox ofis mebelinin istehsalı gözlənilir: 2018-ci ildə ofis mebeli istehsalının 17 481 ədəd, 2019-cu ildə 18 529, 2020-ci ildə 19 641, 2021-ci ildə 20 820, 2022-ci ildə 22 069 ədədə çatacağı gözlənilir. Maraqlıdır, hazırda mebel istehsalı ölkəmizdə hansı səviyyədədir, istehsal zamanı yerli xammaldan istifadə olunur, yoxsa xaricdən gətirilir? Mebel şirkətləri bu artımı qarşılaya biləcəklərmi? Bu suallara cavab tapmaq üçün mütəxəssislərlə həmsöhbət olduq.  
 
"Mebeland” MMC-nin prezidenti, iş adamı Vüsal Rzazadə qeyd etdi ki, müştərinin sifarişinə uyğun olaraq həm yerli, həm də xarici xammaldan istifadə edilir: "Ölkədə mebel istehsalı yüksək səviyyədədir. Cənab Prezidentin məmurlara verdiyi "yerli mebellərə üstünlük verin” tapşırığından sonra yerli mebel bazarında dönüş oldu. Hazırda yerli mebel istehsalı yüksək keyfiyyətə, beynəlxalq standarta tam cavab verir və mebel istehsalında öndə gedən ölkələrdən heç də geri qalmır. Bizim şirkət qeyri-ənənəvi üsulla addımlayır. Belə ki, Azərbaycanda olan böyük mebel istehsalçıları konveyer üsuluna üstünlük verir, bazara hazır mal satırlar. Bizim şirkət isə sırf, müştərinin zövqünə uyğun, onların istəyi ilə mebellər hazırlayır. Müştərinin sifarişinə uyğun olaraq həm yerli, həm də xarici xammaldan istifadə edilir. Şirkətimiz də əksər mebel istehsalçıları kimi, xammalı bu sahədə ixtisaslaşmış gətiricilərdən alır. Yerli və xarici xammalın qiymətində elə də xüsusi fərq yoxdur. Laminat lövhələr əsasən Türkiyə, Rusiya, Belarus, Ukrayna və yerli lövhələrdir ki, onların da qiymətlərində cüzi fərq var. Müştəri hansı ölkə xammalına üstünlük verərsə, həmin xammaldan istifadə olunur. Əvvəldə də qeyd etdiyim kimi, yerli xammal keyfiyyətinə görə, xaricdən gətirilənlərdən geri qalmır.  Xammal deyərkən ancaq laminat lövhələri nəzərdə tuturuq. Digər xammallar və aksessuarlar xaricdən gətirilir. Yerli istehsal, yerli alternativ məhsul bazarda yoxdur. Düşünürəm ki, yerli sahibkarlar digər xammalların və aksessuarların istehsalına başlayacaq”.  
 
"Embavood” mebel şirkətinin marketinq direktoru Necati Yıldırım növbəti illər üçün bu artımın gözlənilən olduğunu bildirdi: "Əlbəttə ki, belə bir artım gözlənilir. Biz də şirkət olaraq planlarımızı bu istiqamətdə qururuq. Deyə bilərəm ki, bu artımı qarşılaya biləcək gücə sahibik. Biz əsas etibarı ilə mebellərimizi özümüz istehsal edirik, sadəcə, bəzi kiçik tamamlayıcı məhsulları xaricdən alırıq. Xammal isə Rusiyadan, Ukraynada, qismən Türkiyədən gətirilir”.  
 
İqtisadçı Pərviz Heydərov deyir ki, qeyri-neft sektorunun özəlliklərindən biri odur ki, çoxlu sahələri var və həmin sahələrin də hər birinin inkişafı üçün ölkədə güclü xammal bazasının olması tələb edilmir. Əsas odur ki, bazara daxil ola biləsən. Bazarda mövqe qazandınsa, fəaliyyət istənilən halda mümkündür. Mebel istehsalı və satışı məhz belə sahələrdəndir: "Xatırladım ki, keçən ilin yanvarında regionların 2014-2018-ci illər ərzində sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının 2-ci ilinin yekunlarına aid konfransda Prezident İlham Əliyev yerli istehsala məxsus məhsullara üstünlük vermək lazım gəldiyini vurğulayaraq, qeyd etmişdi ki, ölkəmizdə yüzlərlə mebel şirkəti var və onların istehsal etdikləri məhsulların keyfiyyəti heç də xarici mebellərdən fərqlənmir. Bunun üzərindən artıq 2 ilə yaxın vaxt keçir. Ötən müddətdə ölkədə qeyri-neft sektorunun inkişafında əhəmiyyətli nəticələr əldə edilib. Belə ki, iqtisadiyyatın bu qolunun bütün istiqamətlər üzrə irəliləməsinə, artım əldə olunmasına və ölkədən ixrac məhsullarının çeşidinin genişləndirilməsi işlərinə ciddi diqqət yetirilir və bu, bir nömrəli vəzifəyə çevrilib”.  
 
"Mebel və ümumiyyətlə, bunun kimi digər məişət əşyaları ən çox tələb olunan məhsullar sırasındadır” deyən iqtisadçı bildirdi ki, istər Bakı şəhərində, istərsə də rayon mərkəzlərində hər addımdan bir, mebel satış salonlarına rast gəlinir: "Bu o deməkdir ki, mebel çox gözəl biznes sahəsidir. Əvvəllər bu sahədə idxal malları üstünlük təşkil edirdi. Çünki ilk dövrdə onların həm qiymətləri sərf edirdi, həm də yerli analoqları yox idi. Lakin çox qısa müddət ərzində bu sahədə yerli istehsal obyektləri yarandı və beləliklə də, müvafiq sənaye formalaşdı. Hazırda ölkədə minlərlə böyük və kiçik mebel istehsalçısı var. Bu da ondan irəli gəlir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkə əhalisinin mebelə tələbatının hazırda 80%-ə yaxın hissəsi məhz yerli istehsal hesabına ödənilir. Tələbatın varlığı həm da alıcılıq qabiliyyətinin olması demək deyil. Yəni bir çox məqamlar tədiyyə qabiliyyətli tələbdən asılıdır. Azərbaycanda mebel alınması üçün adambaşına düşən xərc, Avropa ölkələri ilə müqayisədə olduqca aşağı səviyyədədir. İnkişaf etmiş ölkələrdə evdə və ofisdə istifadə olunan mebellər demək olar, hər 3-4 ildən bir dəyişdirilir. Ölkəmizdə isə bu rəqəm təxminən, 10-15 ildən birdir. Ölkə vətəndaşlarımızın maddi vəziyyəti ən çox yerli mebellər almağa imkan verir. Buna görə də, satış, yəni reallaşdırma səviyyəsi yaxşı vəziyyətdədir. Çünki ən yaxşı yerli mebelin alınması aşağısı 1000-2000 manatdan yuxarı başa gəlir. Xarici analoqlar üzrə isə bu rəqəm 6000-7000 manatdan başlayır”.
 
Müsahibimiz hesab edir ki,  Azərbaycanda mebel istehsalı sahəsini daha da təkmilləşdirmək və inkişaf etdirmək olar: "Bunun üçün ölkəmizdə münbit şərait mövcuddur. Söhbət, həm bazardan gedir, həm işçi qüvvəsindən, həm də xammaldan. Yeri gəlmişkən, bir daha təkrar edim ki, xammal əsas şərt deyil. Dünyada əsas mebel istehsalçısı kimi tanınan ölkələrə diqqət yetirsək, onların özlərində xammalın kənardan alındığının şahidi olarıq. Məsələn, dünya ağac ehtiyatlarının 25%-dən çox hissəsi, yəni 1/4-i Rusiya ərazisində yerləşir. Amma rus mebel sənayesi öz məhsulları ilə dünyada Çin, Sloveniya, Rumıniya, Macarıstan və İtaliya kimi ölkələrin mebelçilərindən geri qalır və onlar qədər tanınmır. Çünki, əsas keyfiyyətdir. Müvafiq texnologiyaların əldə olunması, birgə müəssisələrin yaradılması və sair yollarla bu sahədə çox böyük nailiyyətlər əldə etmək mümkündür. Ümumiyyətlə, qeyri-neft sektoru sahələri sırasında mebel sənayesinin Azərbaycanda böyük perspektivləri olduğu danılmaz faktordur”.
 
İqtisadçı deyir ki, daxili bazarın ötəri təhlili bunu da deməyə əsas verir ki, yerli mebel istehsalına aid məhsullara tələbat getdikcə azalmaq əvəzinə, daha da artan tendensiya üzrə inkişaf edir və edəcək: "Bu isə sözügedən sahəyə xüsusi diqqət və yanaşma tələb edir. Belə ki, əgər bu gün biz, daxili tələbimizin 80%-ni yerli istehsal hesabına ödəyə biliriksə, demək, dünya bazarlarına da çıxa bilərik və istər-istəməz, bu haqda da düşünməliyik. Bunun üçünsə keyfiyyətə böyük diqqət yetirmək tələb olunur. Yəni yerli istehsala məxsus mebel məhsullarının xarici analoqları ilə müqayisədə yüksək rəqabətqabiliyyətli olmasına çalışmalıyıq. Ümumiyyətlə, ölkədə mebel sənayesinin inkişafı üçün bir sıra dəstək və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə ehtiyac var və bunun görülməsi böyük effekt verə bilərdi. Düşünürəm ki, ölkədə mebel sənayesinə xüsusi diqqət yetirilərsə, yaxın 3-4 ildən sonra "Made in Azerbaijan" brendi altında ən çox tanınan məhsullarımız sırasında mebellərimiz də mühüm yer tutacaq”.   
 
Günel Azadə


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN