• çərşənbə, 17 Aprel, 01:55
  • Baku Bakı 14°C

Azərbaycanda əlilliyi olan şəxslərin sayı açıqlanıb

03.12.18 13:23 803
Azərbaycanda əlilliyi olan şəxslərin sayı açıqlanıb
2018-ci il üçün 3 dekabr - Beynəlxalq Əlilliyi olan şəxslər gününün mövzusu "Əlilliyi olan şəxslərin imkanlarının genişləndirilməsi, inklüzivliyin və bərabərliyin təmin olunması”dır. Azərbaycan da əlilliyi olan şəxslərlə bağlı dövlət siyasətinin mütərəqqi beynəlxalq yanaşmalara, xüsusilə BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına uyğun qurulduğu və ildən-ilə gücləndiyi ölkələrdən biridir.
Ölkəmizdə 620 minə yaxın əlilliyi olan şəxs var ki, onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyə görə əmək pensiyası və ya pensiya hüququ olmadıqda aylıq sosial müavinətlə təmin olunurlar.
Nazirlikdən Trend-ə verilən məlumata görə, 2018-cı il 1 oktyabr tarixinə respublikamızda olan 1 milyon 309 min nəfər pensiyaçının 30 faizi əlilliyi olan şəxslər, aylıq sosial müavinət ödənilənlərin isə 60 faizə qədəri əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır.
Əlilliyə görə əmək pensiyası və ya aylıq sosial müavinətlə yanaşı müharibə əlilləri və onlara bərabər tutulanlar, həmçinin yalnız aylıq müavinət alan ümumi səbəblərdən I qrup əlilliyi olanlar Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin olunurlar. 1997-ci ildən bəri ötən dövrdə nazirlik tərəfindən mənzillə təmin edilən 6,1 min nəfər əlil və şəhid ailəsindən də təqribən 75 faizi müharibə əlilləri və onlara bərabər tutulanlar, gözdən əlilliyi olanlardır. İndiyədək 6 mindən çox müharibə əlili və onlara bərabər tutulan şəxsə isə dövlət büdcəsi hesabına minik avtomobili verilib. Müharibə əlillərinin, I və II qrup Çernobıl AES əlillərinin uşaqlarına da aylıq sosial müavinət, radiasiya qəzası nəticəsində zərər çəkərək əlil olmuş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət ödənilir. Evlərində sosial xidmətlə təmin edilənlərin 2,3 minə qədəri əlilliyi olan şəxslərdir. Aparılan işlərin davamı kimi, 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1229 nəfər əlilliyi olan şəxsin istirahəti təşkil edilib.
Bu gün nazirliyin 14 bərpa-müalicə müəssisəsi var ki, onlarda hər il 10 mindən çox əlilliyi olan şəxsə bərpa müalicəsi xidməti göstərilir. Dövlət başçısının göstərişi ilə Nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzində və Uşaq Bərpa Mərkəzində yüksək səviyyəli reabilitasiya şəraiti yaradılıb. Ölkəmizdə bərpa-müalicə infrastrukturunun ən müasir tələblərə uyğun qurulması istiqamətində işlər hazırda davam etdirilir.
Nazirlik tərəfindən bu ilin 11 ayında 8,2 min əlilliyi olan şəxsə (o cümlədən 956 nəfər Qarabağ müharibəsi əlilinə) və sağlamlıq imkanları məhdud uşağa 29,4 min müxtəlif reabilitasiya vasitəsi, o cümlədən 1200-ə yaxın əlil arabası verilib. Bakıya gələ bilməyənlərə reabilitasiya vasitələri yaşadıqları rayonlarda, hətta evlərində aparılıb verilir.
Əlilliyi olan şəxslərin əmək bazarına çıxışının, məşğulluğunun dəstəklənməsi də onların cəmiyyətə inteqrasiyasında vacib amillərdəndir. Bu istiqamətdə işlərin davamı olaraq 2018-ci ilin 11 ayında Dövlət Məşğulluq Xidməti vasitəsilə 500-dən çox əlilliyi olan şəxs işlə, 60-dan çox əlilliyi olan şəxs ödənişli ictimai işlə təmin olunub. Dövlət Məşğulluq Xidməti və Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən ümumilikdə 320-dək əlilliyi olan şəxs peşə hazırlığına cəlb edilib.
Özünüməşğulluq proqramına cəlb edilmək üçün müraciət edənlər arasında üstünlük verilən sosial cəhətdən həssas kateqoriyalardan biri də əlilliyi olan şəxslərdir. 2018-ci ildə müraciət edən əlilliyi olan şəxslərdən özünüməşğulluq fəaliyyətini və kiçik biznesini qurmaq üçün potensialları olan 1000 nəfərdən çox nəfər əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb olunub. Onlardan artıq 300 nəfəri proqram çərçivəsində mal və materiallarla təmin edilərək kiçik ailə təsərrütlarını yaradıb ki, bu da onların kiçik sahibkarlığına çıxışına imkan verib. Digərlərinin də mal və materiallarla təminatı davam edir.
Fiziki məhdudiyyətli insanların istedad və qabiliyyətlərinin aşkara çıxarılaraq cəmiyyətə tanıdılması məqsədilə tədbirlər də təşkil olunur. Həmin tədbirlərin davamı olaraq, nazirliyin təşkilatçılığı ilə 3 dekabr - Beynəlxalq Əlilliyi olan şəxslər günü ilə əlaqədar Bakıda Fiziki məhdudiyyətli şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgi - müsabiqəsi (İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu, Qoşa qala qapısı tərəfdən girişdə) təşkil olunub. Bu gündən başlayan və üç gün davam edəcək sərgi-müsabiqədə ölkəmizin müxtəlif bölgələrindən 250 nəfərdən çox fiziki məhdudiyyətli şəxsin 1500-dən çox əl işi nümayiş olunur. Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların əl işlərinin satışına da şərait yaradılıb.
banner

Oxşar Xəbərlər