• cümə, 19 Aprel, 20:52
  • Baku Bakı 24°C

Azərbaycanda əlilliyi müəyyənləşdirəcək yeni qurum yaranacaq

20.12.13 13:50 1125
Azərbaycanda əlilliyi müəyyənləşdirəcək yeni qurum yaranacaq
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Dünya Bankının ekspertlər qrupu ilə görüşündə ölkədə tibbi-sosial ekspertiza xidmətinin təkmilləşdirilməsi məqsədilə fikir mübadiləsi aparılıb. Bu barədə Lent.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Hazırda respublikada tibbi-sosial ekspertiza xidmətinin müasir tələblərə cavab vermədiyini və əlillik təyinatlarının aparılması prosedurunda subyektiv yanaşmalara şərait yaratdığını qeyd edən S. Müslümov dövlət başçısının tapşırığına uyğun olaraq, bu sahədə şəffaf fəaliyyət mexanizminin qurulmasının nazirlik qarşısında əsas vəzifələrdən biri olduğunu diqqətə çatdırıb.
Qeyd olunub ki, aparılacaq islahatlar ilk növbədə bu sistemin avtomatlaşdırılmasını, beləliklə, əlilliyin müəyyən olunması prosesində məmur-vətəndaş kontaktının aradan qaldırılmasını, tibbi-sosial ekspertiza xidmətində məqsədyönlü struktur dəyişikliklərini təmin etməlidir.
Görüşdə ayrı-ayrı dünya ölkələrinin uyğun sahədə təcrübələri və onların yerli şəraitdə tətbiqi imkanları nəzərdən keçirilib, səslənən təkliflərlə bağlı müzakirələr aparılıb. Əlillik qrupu almaq üçün əyani müraciət formasının aradan qaldırılması və vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi üçün onların xəstəlik tarixçələri barədə müvafiq orqanın elektron informasiya bazasından məlumat əldə olunması təklifi diqqətdə saxlanılıb.
Eyni zamanda, Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinin daha çox formal bir qurum kimi mövcud olduğu nəzərə alınmaqla, bu struktur vahidinin ləğv edilməsi və ilkin əlilliyin təyini zamanı mürəkkəb ekspertiza tələb edən halların araşdırılması üçün Respublika Əlillərin Bərpa Mərkəzi nəzdində müasir avadanlıqlarla təchiz edilmiş aidiyyatı sektorun yaradılması məqsədəuyğun sayılıb.
banner

Oxşar Xəbərlər