• cümə, 19 Aprel, 16:02
  • Baku Bakı 25°C

Azərbaycanda əlillərin sayı niyə artır? Araşdırma

16.11.13 08:41 3207
Azərbaycanda əlillərin sayı niyə artır? Araşdırma
“Azərbaycanda son 6 il ərzində əlil insanların sayında artım müşahidə olunub”. Bu sözləri Milli Məclisin iclasında Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il üçün büdcə layihəsinin müzakirəsi zamanı sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib. Onun sözlərinə görə, ölkədə əlillik statusu alan şəxslərin sayı təxminən 61 min nəfər artıb: “Dünya praktikasında ölkə əhalisinin 10 faizinin əlil statusu alması normal hesab olunur. Azərbaycanda 2008-ci ildə 286 min insan əlilliyə görə təqaüd alırdısa, gələn ilə proqnozlaşdırılan rəqəm 346 min nəfər təşkil edəcək. 6 il müddətində əlillərin sayı təxminən 61 min nəfər artıb”.
Bəs görəsən ölkəmizdə əlilliyin sayının artmasına səbəb nədir? Bu suala cavab tapmaq üçün ekspertlərlə söhbətləşdik.
Əlillərin sayının artması normaldır

Əlil Təşkilatlar İttifaqının sədri Davud Rəhimov qəzetimizə açıqlamasında əlillərinin sayında artım müşahidə olunmasının normal olduğunu bildirdi. Onun sözlərinə görə, dünyada da ümumi tendensiya belədir ki, əhalinin sayı artdıqca əlilliyi olan insanların sayı da paralel olaraq artır: “Heç kim deyə bilməz ki, illər keçdikcə əlilliyin sayında artım olmayacaq və ya fiziki qüsurlu insanların sayı azalacaq. Bu, normaldır. Təsadüfi deyil ki, dünyada artıq əlil insanların sayı bir milyarda çatıb. Respublikamızda isə 520 793 nəfər əlil var. Bundan 4-5 il öncəsinə qədər müəyyən səbəblərdən insanlar əlillik statuslarını ala bilmirdilər, hətta, bəzi hallarda da əlil olduqlarından utanırdılar və gizlədirdilər. Bu sahədə artım müşahidə olunması hüquqi maarifləndirmə, şəffaflıq, məlumatlılığın artması ilə bağlıdır”.
Əlilliyin yaranma səbəbləri

Əlilliyin yaranma səbəblərindən danışan ekspert vurğuladı ki, xəstəliklərin və qəzaların sayının artması əlillərin də sayının artmasına səbəb olur: “Statistikaya görə, ən çox əlillik dərəcəsi alan insanlar əsəb sistemi xəstəliklərindən əziyyət çəkən, ruhi davranış pozuntuları olan və anadangəlmə anomaliyaları olan insanlardır. Bundan əlavə, cəmiyyətdə müəyyən səbəblərdən yaranan və yayılan xəstəliklər əlilliyin yaranmasına səbəb olur. Yol-qəza hadisələri çoxaldıqca, eyni zamanda, fiziki qüsurlu insanların da sayı çoxalır. Bütün bunlar əlilliyin artma dinamikasına təsir edir”.
Əsas səbəb maariflənmədir

Əlil Qadınlar Cəmiyyətinin sədri Məhluqə Rəhimova bizimlə söhbətində əlilliyin artma səbəblərini son illərdə əhalinin maariflənərək öz hüquqlarını tələb etməsindən irəli gəldiyini söylədi: “Əlillərin sayının artmasının ən böyük səbəbi onlar arasında maarifləndirmə işlərinin düzgün aparılması ilə bağlıdır. Xüsusilə son dövrlər onlar maariflənərək öz hüquqlarını tələb edir və sənədləşmə işlərini vaxtında görə bilirlər. Bundan bir neçə il öncəsinə qədər insanlar bilmirdilər ki, hansı hallarda onlara əlillik statusu düşür”. M.Rəhimova vurğuladı ki, əlillərin sayının artmasının ikinci səbəbi müharibə şəraitində yaşamağımızdır: “20 faiz torpaqlarımız işğal olunub və siz təsəvvür edin ki, o 20 faiz torpaqlar da təkcə yaralı və zədəli insanlar əlil deyil, əslində orada yaşamış və hadisələrin şahidi olmuş bütün insanlar qüsurludurlar. Mühit bu bölgələrdə yaşayanların əsəb-sinir sisteminə də təsir edir. Onların hər biri psixoloji zədə alıb və hər biri əlildir”.
Fiziki qüsurlu insanlar müayinə olunmurlar

Gözdən Əlillər Cəmiyyətinin sədr müavini Reyhan Cəfərova isə əlil insanların sayının artmasının səbəbini əlillərin cəmiyyətə inteqrasiya edə bilməməsində görür. Onun sözlərinə görə, əlil kişi əlil qadın ailə qurduğu üçün onların övladları da fiziki qüsurlu olaraq dünyaya gəlir: “Ölkəmizdə fiziki imkanları məhdud olan insanlar normal insanlarla ünsiyyət qurmaqda çətinlik çəkirlər. Buna görə də əlil öz əlil yoldaşı ilə ünsiyyət qurur və evlənir. Bu da genetik xəstəliklərin yaranmasına səbəb olur. Onların fiziki imkanları məhdud olmayan insanlarla ailə qurması imkansızdır. Çünki, cəmiyyətimizdə əlillər fiziki qüsurlu olduğu üçün onlara inam, etibar yoxdur”. R.Cəfərova vurğuladı ki, əlil qadınlar hamilə olduğu zaman vaxtlı vaxtında müayinə olunmurlar və bir çox hallarda əlil ananın dünyaya gətirdiyi uşaq da fiziki qüsurlu olaraq doğulur: “Qüsurlu insanların vaxtında müayinə olunmaması nəticəsində xəstəliklər yayılır və onların sayında çoxalma müşahidə olunur. Xəstəliyin ana bətnində aşkarlanıb müayinə olunması üçün vaxtlı-vaxtında insanlar müayinə olunmalıdırlar. Əlillərin əksəriyyəti ailə qurduqdan sonra hamilə olarkən həkim müayinəsindən keçmirlər və irsi olduğu üçün çox zaman onun dünyaya gətirdiyi uşaq da qüsurlu olur”. R.Cəfərova bizimlə söhbətində vurğuladı ki, əlilliyin çoxalmasının qarşısını almaq üçün ilk növbədə genetik xəstəliklərin qarşısı alınmalı və əlilliyi olan şəxslər üçün müayinələr pulsuz həyata keçirilməlidir: “Xüsusilə əlilliyi olanlar süni mayalanma yolu ilə hamilə qalsa daha yaxşı olar. Çünki bu zaman xəstəlik riski normal doğuşa nisbətən daha az olur”.
Qeyd edək ki, rəsmi statistikaya görə, Azərbaycanda olan əlillərin sayı ümumi əhalinin 5,5 faizini təşkil edir.
Aygün Cəfərli
banner

Oxşar Xəbərlər