AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanda elektron ticarətə dəstək mexanizmi tətbiq ediləcək

Azərbaycanda elektron ticarətə dəstək mexanizmi tətbiq ediləcək

İqtisadiyyat
02 Dekabr 2020, 15:59 240

"Made in Azerbaijan" brendinin təşviqi çərçivəsində elektron ticarətə dəstək mexanizmi hazırlanır.
"APA-Economics"in məlumatına görə, bunu "Caspian Energy Club"ın təşkilatçılığı ilə keçirilən onlayn "B2G Forum"da çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) prezidenti vəzifələrini icra edən Yusif Abdullayev deyib.
Onun sözlərinə görə, tətbiq olunacaq yeni mexanizmdə onlayn platformalarda məhsulların satışı ilə məşğul olan şirkətlərə zəruri dəstəyin verilməsi nəzərdə tutulur: "Mexanizmlərdə logistikanın subsidiyası, elektron kommersiyanın təşviqi və dəstəklənməsi, müəyyən limitlərlə patent və məhsulların dövlət hesabına xarici bazarlarda qeydiyyatı, ixrac istiqamətli nümunələrin göndərilməsi və s. nəzərdə tutulur. Bundan başqa, regional anbarların yaradılması məsələsi də gündəmdədir ki, onların bəzi ölkələrdə yaradılması satıcılara malların fasiləsiz təchizatını təmin etmək üçün imkan verəcək. "Made in Azerbaijan" brendinin təşviqi mexanizmlərində hər bir şey elə düşünülüb ki, təki sahibkar məhsullarını satsın və razı qalsın".