• şənbə, 20 Aprel, 01:57
  • Baku Bakı 15°C

“Azərbaycanda daxili sabitlik, əmin-amanlıq qorunub saxlanılır” - Müsahibə

16.06.16 00:59 2706
“Azərbaycanda daxili sabitlik, əmin-amanlıq qorunub saxlanılır” - Müsahibə
İyun ayının 17-19-da Azərbaycanın paytaxtı Bakı şəhərində Formula-1 Avropa Qran-Prisi keçiriləcək. Formula-1 Avropa Qran Prisinin promouteri və eyni zamanda yarışların keçirildiyi şəhər treki "Bakı Şəhər Halqası” (BŞH) adlanır.20 müxtəlif döngə və 6 kilometrlik uzunluğu ilə 51 dövrədə tamamlanacaq, 340 km/saat maksimal sürət toplamağa imkan verəcək Bakı Şəhər Halqasının cari Formula-1 təqvimində ən sürətli şəhər treki statusuna imza atacağı gözlənilir.Şəhər treki pilotlardan xüsusi dəqiqlik tələb edən İçərişəhər ətrafı dar yoxuş hissəsi, inanılmaz sürət əldə etməyə imkan verən 2.2 km dənizkənarı hamar hissəsi və sair özəlliklərlə yarışı canlı olaraq tribunalarda və ya televiziya qarşısında izləyən Formula-1 azarkeşləri üçün əsrarəngiz bir şouya ev sahibliyi edəcək. Bu yarışlarda təhlükəsizlik tədbirlərinin vəziyyəti ilə bağlı ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev Azərbaycan Respublikasının Daxili İşlər Naziri, polis general-polkovniki Ramil Usubovdan ekskluziv müsahibə alıb. Kaspi.az saytı ANS-ə istinadən həmin müsahibəni təqdim edir.
- Cənab nazir! Bakı şəhərində Formula 1 yarışlarının keçirilməsinə çox az vaxt qalıb. Sözsüz ki, hüquq-mühafizə orqanları, o cümlədən Daxili İşlər Nazirliyi, xüsusilə də polis bu yarışlarda təhlükəsizliyin təmin edilməsi üçün ciddi hazırlaşıb. Nə vaxtdan başlamısınız bu hazırlığa?
- Formula-1 yarışlarında təhlükəsizlik tədbirlərin təmin olunması hazırlıqlarına ötən ilin oktyabr ayından başlamışıq. Azərbaycan Prezidenti, cənab İlham Əliyevin şəxsi tpşırığı və nəzarəti altında daxili işlər orqanları ilə bərabər, xüsusi xidmət orqanları ümumilikdə hüquq mühafizə orqanları ilə birlikdə əsas qarşıda duran vəzifələrimizi biz bilirik. Bura asayişin qorunması, təhlükəsizliyin təmin olunması və sair daxildir. Bu istiqamətdə artıq o vaxtdan hazırlıq işləri görülüb, xüsusi plan tərtib olunub. Həmin planı Daxili İşlər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizlik Xidməti, həmçinin digər qurumlar və onların rəhbərləri imzalamaqla, bu plan üzrə bu günə qədər qabaqlayıcı-profilaktik tədbirləri həyata keçirmişik. Hazırlıq işləri bu gün də davam edir.

"Təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetiriləcək”

- Polisin əsas vəzifəsi nədən ibarət olacaq?
- Polisin əsas vəzifəsi hər zaman olduğu kimi bu dəfə də yarış zamanı təhlükəsizliyin təmin edilməsi, asayişin qorunması, eyni zamanda hərəkət yollarında təhlükəsizliyin təmin edilməsi olacaq. Bundan başqa, təbii ki, biz Azərbaycana gələn qonaqların, yarış iştirakçılarının, onları müşayiət edən şəxslərin təhlükəsizlik məsələlərinə də birinci növbədə diqqət yetirəcəyik. Onların harada yaşaması, yarışların keçiriləcəyi məkanlar, hərəkət zolaqları da daxil olmaqla hamısı polisin nəzarətində olacaq. Polisin həm bayır xidməti bu işlərə cəlb olunub, həm də polisin əməliyyat-axtarış fəaliyyəti ilə bağlı da müvafiq göstərişlər verilib, kəşfiyyat işləri də aparılır.
- Avroviziya-2012, I Avropa Oyunları: Bakı-2015 ərəfəsində polis əməkdaşları dil kurslarına cəlb olunmuşdu və onlara xarici dil öyrədilirdi. Bu ənənə davam edirmi?
- Biz nəzərə alırıq ki, ölkəmizə bu yarışlar zamanı 6 min nəfərə yaxın əcnəbilər, yarış iştirakçıları, qonaqlar, turistlər gələcək. Digər tərəfdən, Azərbaycan və onun paytaxtı Bakı şəhəri ilbəil beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilir. Bu baxımdan da polis əməkdaşlarının xarici dilləri, xüsusən də ingilis dilini bilməsi vacib şərtlərdən biridir. Ona görə də bu ənənə hər zaman, o cümlədən indi də davam etdirilir, polis nəfərləri xarici dil hazırlıq kurslarına cəlb olunur. Hazırda Formula-1 yarışları ilə əlaqədar 1000 nəfərə yaxın şəxsi heyət ingilis dili kurslarını keçib. Onlar heç bir çətinlik çəkmədən xarici vətəndaşlarla təmasda olmağa, əcnəbilərə müəyyən izahat verməyə hazırdırlar.

"Yarış zonasına 3 min polis əməkdaşı cəlb edilib”

- Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi çərçivəsində yarış günləri ərzində əməkdaşların sayının artırılması nəzərdə tutulurmu?
- Ümumiyyətlə biz, artıq iyun ayının 15-dən gücləndirilmiş iş rejiminə keçmişik. İyunun 15-dən başlayaraq, Formula-1 yarışının sonuna qədər polis gecə-gündüz, sutka ərzində növbəlilik əsasında gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Şəxsi heyətin artırılmasına gəlincə, ümumiyyətlə Formula-1 yarışının təhlükəsizliyinin təmin edilməsinə birbaşa daxili işlər orqanının 3 min nəfərə qədər əməkdaşı cəlb olunub. Lakin bu 3 min yarış zonasında cəl edilən əməkdaşlardır. Ümumilikdə isə bütün Bakı qarnizonu paytaxt şəhərimizdə təhlükəsizliyin təmin edilməsinə, Formula-1 yarışlarının təhlükəsiz şəraitdə keçirilməsinə cəlb olunublar.
- Nəzərə alaq ki, Formula-1 yarışı çox mötəbər tədbir olacaq, dünyanın gözü Azərbaycanın paytaxtı Bakıda olacaq. Bu baxımdan əvvəlcədən bir müayinə tədbirlərinin görülməsi də planlaşdırılırmı? Söhbət ərazilərin yoxlanması, qabaqlayıcı tədbirlərin görülməsi və sairdən gedir...
- Heç şübhəsiz, bu, belədir. Təhlükəsizlik tədbirlərinin komponentlərindən məhz biri də bundan ibarətdir. Xüsusən də tamaşaçılar olan yerlərdə yoxlamaların aparılması işləri həyata keçirilib. Daxili Qoşunların xüsusi istehkamçıları var ki, onlar partlayıcı maddələrin müəyyən edilməsi, aşkarlanması, zərərsizləşdirilməsi ilə məşğul olurlar. Artıq onlar bu istiqamətdə öz işlərini görməkdədirlər. Onlar müəyyən ərazilərdə yoxlayıcı tədbirlər həyata keçirdikdən sonra həmin yerləri polisin mühafizəsinə verəcəklər. Düz yarışın sonuna qədər həmin yerlər polisin ciddi mühafizəsi altında olacaqdır. Yəni, təhlükəsizlik tədbirləri görülür. Eyni zamanda bizim bu gün bütün ərazi boyu üzrə təhlükəsizlik kameraları, o cümlədən üz tanıma kameralarımız var. Bu video kameralar vasitəsilə də sutka ərzində çəkilişlər həyata keçirilir, ərazi nəzarətdə saxlanılır.

"Kəsici-deşici, tez alışan alətləri yarış ərazisinə gətirmək qəti qadağandır”

- Qaydalara görə yarış izləyiciləri Formula-1 Qran-Prisinin keçirildiyi ərazilərə nələri gətirə bilər, nələri isə gətirə bilməzlər? Xüsusi yasaq olunan hər hansı predmetlər və sair varmı?
- Bakıda bu cür mötəbər tədbirlər birinci dəfə keçirilmədiyi üçün, artıq vətəndaşlarımız bunları bilirlər. Ancaq xatırlatma üçün yenə də qeyd edim ki, kəsici-deşici və ya tez alışan alətləri yarış ərazisinə gətirmək qəti qadağandır. Hər hansı bir vətəndaşa xəsarət yetirə biləcək bərk maddələr və sairin gətirilməsi də qadağandır. Misal üçün, içməli mayelərin şüşə qablarda gətirilməsi də yasaqdır. Yaxşı olar ki, yarış izləyiciləri öz tələbatlarına uyğun olaraq, plastik və kağız qablardakı içməli mayelərdən özləri ilə gətirsinlər.
- Yarışların keçirildiyi müddətdə polis əməkdaşlarıxüsusi geyim formalarında olacaqlarmı?
- Bəli. Əməkdaşların bir hissəsi xüsusi jiletlərdə, fərqləndirici geyim formalarında olacaqlar ki, onların ərazidə xidmət apardıqları bilinsin.

"Avropanın mərkəz şəhərləri ilə müqayisədə Bakı daha təhlükəsiz şəhərdir”

- I Avropa Oyunları ərəfəsində Sizdən müsahibə götürərkən qeyd etmişdim ki, bəzi xarici kütləvi informasiya vasitələrində Azərbaycanda daxili vəziyyətin o qədər də sadə olmadığı barədə məlumatlar yayılır. Həmin vaxt o media qurumları iddia edirdilər ki, Azərbaycanda kriminogen durum təhlükəli həddə çatıb. O zaman Sizdən soruşmuşdum ki, belə məlumat yayan mənbələrə nə deyə bilərsiniz? Onların şübhələri və xofları nə dərəcədə əsaslıdır? İndi də eyni sualla Sizə müraciət etmək istəyərdim...
- Uzun illərdir ki, bəzi xarici media qurumlarında Azərbaycan ünvanına bu cür qərəzli təbliğatlar gedir. Amma xaricdən gələn qonaqlar, turistlər, Azərbaycan xalqının özü, o cümlədən Bakı əhalisi də ölkəmizdəki əmin-amanlığın şahididirlər. Azərbaycana gələn qonaqların özləri bir çox hallarda etiraf edirlər ki, Avropanın mərkəzi şəhərlərində bu cür əmin-amanlıq yoxdur. Onlar qeyd edirlər ki, Avropanın mərkəz şəhərləri ilə müqayisədə Bakı daha təhlükəsiz şəhərdir. Biz rəqəmlərə müraciət edərək bu barədə fikir yürütsək deyə bilərik ki, Azərbaycanda son 5 ildə hər 100 min nəfərə 254 cinayət düşürsə, Avropa ölkələrində hər 100 min nəfərə düşən cinayət 2-3 dəfə bundan çoxdur. Bu fakt reallığı açıq-aydın göstərir. Lakin bununla mən heç də digər ölkələrdə kriminogen durumun kritik olduğu barədə fikir yürütmək istəmirəm. Sadəcə Azərbaycan haqqında əsassız, haqsız mülahizələr söyləməyi ədalətsizlik sayıram. Azərbaycanda və onun paytaxtı Bakı şəhərində ulu öndər Heydər Əliyevin ötən əsrin 90-cı illərində başladığı daxili sabitlik siyasəti çox möhkəm təməl üzərində qurulub və bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda daxili sabitlik, əmin-amanlıq qorunub saxlanılır. Vətəndaşlarımız, həmçinin Azərbaycana gələn qonaqlar üçün də heç bir təhlükə mən görmürəm.

"Vətəndaş köməyinin, vətəndaş həmrəyliyinin hər zaman şahidi olmuşuq”

- Son olaraq, Formula-1 Qran-Prisinin keçirildiyi gün yarışları aktiv şəkildə izləyəcək tamaşaçılara tövsiyələriniz nədən ibarət ola bilər?
- Hər bir azərbaycanlı, o cümlədən mən də təkcə bir nazir kimi deyil, vətəndaş kimi fəxr edirəm ki, belə bir mötəbər tədbir ölkəmizdə keçirilir. Təsəvvür edin ki, dünyanın 188 ölkəsində Azərbaycanın, onun paytaxtının adı səslənəcək. Azərbaycanlılar üçün bu, fəxrdir. Digər tərəfdən, hər bir azərbaycanlı ölkəsini sevən vətəndaş kimi Azərbaycanı tanıtmaq imkanından maksimum yararlanmalıdır. Bakı şəhərində, ümumilikdə ölkəmizdə və buradan kənarda yaşayan azərbaycanlılar da Azərbaycanda ictimai asayişin qorunmasında aktivlik nümayiş etdirməli, hüquq-mühafizə orqanlarına köməklik göstərməlidirlər. İnanıram ki, Formula-1 yarışları müddətində də bu, belə olacaq. Çünki, vətəndaş köməyinin, vətəndaş həmrəyliyinin biz hər zaman şahidi olmuşuq. Ölkəmizdə əmin-amanlığın qorunmasında, təhlükəsizliyin təmin olunmasında Azərbaycan vətəndaşları çox aktiv və ciddi rol oynayıblar.

ANS TV-nin efirində gedən müsahibəni mətnə çevirdi: Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər