• cümə, 19 Aprel, 21:01
  • Baku Bakı 24°C

“Azərbaycanda davamlı və dayanıqlı iqtisadi inkişaf təmin edilib”

10.10.14 18:03 2503
“Azərbaycanda davamlı və dayanıqlı iqtisadi inkişaf təmin edilib”
Şəmkirdə sahibkarların iştirakı ilə “Aqrar-sənaye kompleksinin rəqabətqabiliyyətinin artırılması: nailiyyətlər və perspektivlər” mövzusunda müzakirələr keçirilib. Tədbirə İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN), Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Dövlət Aqrar Universitetinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) nümayəndələri, eləcə də regionda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər. İSN mətbuat xidmətindən “kaspi”yə bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Gəncə-Qazax iqtisadi rayonunda istehsal edilən ixracyönümlü və rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının sərgisi ilə tanış olublar. Məlum olub ki, sərgidə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 30-a yaxın şirkətin 100-dən çox çeşiddə məhsulları nümayiş etdirilir. Sərgi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Daha sonra “Aqrar-sənaye kompleksinin rəqabətqabiliyyətinin artırılması: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilmiş müzakirələrdə çıxış edən İSN-nin müavini Sahib Məmmədov Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə davamlı və dayanıqlı iqtisadi inkişafın, makroiqtisadi sabitliyin təmin edildiyini, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, Azərbaycanda aparılan uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatı dinamik inkişaf edir, rəqabətqabiliyyətli məhsul istehsalının həcmi artır, ixrac imkanları genişlənir: “Özəl sektora kompleks dövlət dəstəyi tədbirləri, məqsədli dövlət proqramlarının icrası, güzəştli kreditlərin verilməsi və s. kimi tədbirlər sahibkarlığın inkişafını stimullaşdırır, müasir texnologiyaların tətbiqinə əsaslanan iri istehsal müəssisələri yaradılır. Bu müəssisələrdə istehsal olunan rəqabətqabiliyyətli məhsullar dünyanın bir sıra ölkələrinə ixrac olunur, beynəlxalq sərgilərdə nümayiş etdirilir”.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxışında dövlət başçısının rəhbərliyi ilə ölkədə quruculuq işlərinin geniş vüsət aldığını, digər rayonlar kimi, Şəmkirin də sürətlə inkişaf etdiyini, yeni istehsal, emal və infrastruktur sahələrinin yaradıldığını, bu sahədə sahibkarların rolunun daha da artdığını qeyd edib.
Tədbirdə Azərbaycan Dövlət Aqrar Universitetinin prorektoru İsrafil İsmayılov çıxış edərək aqrar sektorun inkişafı perspektivləri, elmi təminat və kadr potensialının gücləndirilməsi tədbirləri barədə məlumat verib, son dövrlər kənd təsərrüfatına diqqətin daha da artığını vurğulayıb.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firdovsi Fikrətzadə çıxışında aqrar sahənin inkişafı, bu sahəyə dövlət tərəfindən göstərilən dəstək tədbirləri barədə məlumat verib, rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasının əhəmiyyətini vurğulayıb.
Nazirliyin Xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin nümayəndəsi Allahverdi Paşayev çıxışında Azərbaycanda özəl bölmənin inkişafına dəstək tədbirləri, ölkədə istehsal olunan məhsulların ənənəvi və yeni bazarlara ixrac imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Tədbirdə çıxış edən sahibkarlar ölkədə sahibkarlığın inkişafına göstərilən dəstəyə görə dövlət başçısına minnətdarlıqlarını bildirib, yaradılmış əlverişli biznes mühitindən istifadə edərək məhsul istehsalının və ixracın artırılması istiqamətində görüləcək işlər barədə məlumat veriblər.
Tədbir çərçivəsində Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının istehsalı və emalı müəssisələri olan “Şərq Ulduzu” MMC, “Azaqro” MMC və Kəmalə Bayramovaya məxsus soyuducu anbar kompleksinin fəaliyyətinə baxış keçirilib.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər