• cümə axşamı, 25 aprel, 19:25
  • Baku Bakı 21°C

Azərbaycanda böyük potensialı olan ekoturizm

25.06.19 12:00 4258
Azərbaycanda böyük potensialı olan ekoturizm
İqtisadiyyatın qeyri-neft sektorunda inkişaf edən sahələrindən biri də turizmdir. Son dönəmlər turizm sahəsində gedən inkişafı görməmək mümkün deyil. Ölkəmizdə keçirilən beynəlxalq yarışlar turist axınını təmin edən ən əsas faktorlardandır. Turistlərin ölkəmizə marağı artdıqca, turizm növləri də genişlənir. Turizmin müxtəlif növləri var və hər biri də özünəməxsusluğu ilə seçilir. Onlardan biri də ekoturizmdir. Ekoturizm turizmin elə bir növüdür ki, istirahətə gələn xarici qonaqlar məhz yerli əhali ilə təmas qurur, onların evində kirayə qalır, mətbəxlərindən yararlanır. Yerli əhali də xarici turistin ölkəsi, tarixi və mədəniyyəti, musiqi və mətbəxləri haqqında bilgilər əldə edir.
Mütəxəssislər təbiət turizmi haqqında danışarkən yerli əhalinin bu biznesdən qazancını diqqət mərkəzinə çəkir, bildirirlər ki, bu, həm işsizliyin, həm də insanların dövlətdən asılılığının qarşısını alır. Əvvəllər turizm deyəndə, təsəvvürə ilk olaraq dəniz, qum, çimərlik və günəş, sonra isə kondisionerli otaq gəlirdi. Lakin son illər xarici turistlər ucqar, mənzərəli, təkrarı olmayan yerlərə səyahət etmək, meşələrdə gecələmək, quşların səsini eşitmək, dağlara çıxmaq, təbii bulaqlardan su içmək, bir sözlə, təbiətin qoynunda dincəlmək, ocaq üstə bişən təamlardan dadmaq istəyirlər. Ona görə də, turizmin bu növü artıq dünyanın diqqət mərkəzindədir, ekoloji və iqtisadi baxımdan sərfəli, macəra axtaranlar üçün də maraqlıdır. Mütəxəssislər qeyd edir ki, böyük şəhərlərdən gələn insanlarda, adi kənd evində yaşayıb istirahət etmək arzusu olur. Buna "kənd turizmi”, "aqroturizm” də deyilir. Adından da bəlli olduğu kimi, yerləşmə obyekti kənd evidir. Kənd evi qısa müddət ərzində buraya qonaq gəlmiş turistə qidalanma, yerləşmə, lazım gəldikdə ekskursiya və digər xidmətlər təqdim edən kiçik mehmanxana müəssisəsinə çevrilir.
Kənd yaşıl turizmi XX əsrin 70-ci illərindən başlayaraq dünyanın müxtəlif ölkələrində, xüsusi ilə də Avropada inkişaf edib. Azərbaycanda da bu turizm növünün çox böyük potensialı mövcuddur. Əsrarəngiz təbiətə, zəngin tarixi abidələrə, adət-ənənələrə, mədəniyyətə və mətbəxə malik kəndlərimiz var. Hacıkənd və Lahıc qəsəbələri, Kiş, İlisu, Xınalıq ölkəmizdə kənd yaşıl turizminin daha da inkişaf etdirilməsi üçün böyük imkanlara malik yaşayış məntəqələridir. Demək olar ki, ölkəmizin bütün kəndlərində bu turizm növünü inkişaf etdirmək olar. Hazırda Quba, Qusar, Şəki, Qax, Zaqatala, Xaçmaz, Lənkəran, Astara, Masallı, Lerik, Göygöl və digər rayonlarımızın kəndlərində kənd yaşıl turizmi müəyyən dərəcədə fəaliyyət göstərir.
Maraqlıdır, hazırda ölkəmizdə bu turizm növünün inkişaf səviyyəsi necədir, insanları maarifləndirmək üçün nə kimi işlər görülür?
"New ERA Travel” turizm agentliyinin rəhbəri Elçin Rüstəmov bu turizm növünün istənilən səviyyədə inkişaf etmədiyini bildirdi: "Elə insanlar var ki, istirahət etmək üçün kənd həyatına üstünlük verir. Daha çox Avropa turistləri bu sahəyə meyllidir. Ekoturizm onlarda daha çox yayılıb. Ərəb və Asiya bazarı üçün bu, o qədər də maraqlı deyil. Gedib oteldə qalmaq, orada istirahət edib qayıtmaq artıq ənənəvi bir turizm növüdür. Bu, artıq turistlərin marağını o qədər də cəlb etmir. O turistlər bir az yenilik, fərqlilik, insanların arasında daha çox qaynayıb qarışmaq istəyirlər. Bu turizmə insanlar daha çox qrup halında getməyə üstünlük verirlər. Bizdə Qəbələ, Balakən, Zaqatala, Xınalıq və Cənub rayonlarında, yəni təbiəti olan bölgələrdə bu turizm inkişaf edib. Qəbələdə kifayət qədər otellər var və turistlər bundan lazımi səviyyədə istifadə edirlər. Yəni sizin qeyd etdiyiniz ekoturizm xüsusi bir turizm sahəsi kimi inkişaf edir. Azərbaycanda bu tip turizm şirkətləri var. Turist gəlir, özünü bir həftə, on gün cəmiyyətin bir fərdi kimi hiss edir. Onlar daha çox otel mühitindən bezmiş turistlər olur. Gündəlik qayğılardan ayrılmaq üçün turizmin bu növündən istifadə edirlər. Ancaq düşünürəm ki, bizdə bu sahəni daha da inkişaf etdirmək lazımdır”.
Azərbaycan Turizm Assosiasiyasının icraçı direktoru Əhməd Qurbanov qeyd etdi ki, bu turizm növünün inkişafı üçün ölkəmizdə geniş imkanlar var: "İnfrastrukturlar qurulmağa başlayıb. Düzdür, bu iş çox da böyük - kütləvi şəkildə deyil, amma yavaş-yavaş artıq bununla bağlı işlər gedir. Azərbaycanın meşə relyefinin zənginliyi, həmçinin iqlim şəraitinin əlverişli olması bu sahədə müəyyən addımlar atmağa imkan yaradır. Buna görə də hazırda Azərbaycanda ekoturizm inkişaf mərhələsindədir. Ekoturizm əsas etibarilə təbiətlə bağlıdır. Turist həm ətraf mühiti seyr edir, həm də onun qayğısına qalırlar. Bəzən olur ki, ağacəkmə aksiyaları şəklində həyata keçirilir. Yəni bunun bir çox qolları var. Azərbaycanda da hazırda əsasən şimal bölgəmizdə – daha çox Zaqatala, Balakən, Qəbələ zonasında ekoturizmlə bağlı işlər gedir. Bu sahənin istənilən səviyyədə inkişafı üçün birinci növbədə dövlət dəstəyinə böyük ehtiyac var. Bu, sərmayə yatıran insanlarda da stimul yaradar. Yaxşı olar ki, boş təbiət əraziləri, sırf turizm imkanlarını genişləndirmək üçün sərmayə yatıran insanlara verilsin ki, onlar da bunu inkişaf etdirə bilsinlər”.
Ekspert qeyd etdi ki, ekoturizmlə bağlı insanları maarifləndirmək üçün birinci növbədə müxtəlif marşrutlar işlənilib hazırlanmalıdır və bu işdə həm dövlətin, həm də turizm şirkətlərinin üzərinə böyük işlər düşür: "Turizm şirkətləri yeni və fərqli marşrutlar işləyib turistlərə təqdim etməlidirlər. Milli parklarımızın olması bu sahənin inkişafına təsir edir. Azərbaycan Turizm Assosiasiyası olaraq biz keçən il Şirvan milli parkına infotur təşkil edib, oranın imkanlarını turizm şirkətlərinə göstərmişdik. Bundan sonra digər turizm şirkətləri də turlar təşkil etməyə başladılar. İnsanları maarifləndirmək turizm şirkətlərinin üzərinə düşür. Onlar yeni turlar, yeni marşrutlar hazırlamalı, bunun təbliğini də qurmalıdırlar ki, insanlar ekoturizmə maraq göstərsin”.

Günel Azadə

Bu məqalə "Ekoloji Tarazlığın Qorunması” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Ekoloji mədəniyyətin formalaşması istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanıb.


banner

Oxşar Xəbərlər