• cümə axşamı, 25 aprel, 11:13
  • Baku Bakı 14°C

Azərbaycanda bu böyük sosial bəlanın kökü kəsilməlidir

10.07.18 17:42 631
Azərbaycanda bu böyük sosial bəlanın kökü kəsilməlidir
Demokratik inkişaf yolunu seçmiş hər bir ölkədə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ön sırada dayanır. Müsəlman Şərqində ilk demokratik cümhuriyyət quran Azərbaycan xalqı, ilk dəfə qadınlara seçib-seçilmək hüququ verən Azərbaycan dövləti, eləcə də müasir Azərbaycan Respublikası da bu sosial bəla ilə mübarizəni prioritet vəzifə sayıb. Prezident İlham Əliyev tərəfindən də korrupsiyaya qarşı çox ciddi mübarizə aparılması üçün siyasi iradə nümayiş etdirilir. Bunun nəticəsidir ki, şəffaflığın gücləndirilməsi, elektron xidmətlərin inkişafı və korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Korrupsiyaya qarşı mübarizədə əsaslı addımların atılması üçün ilk növbədə qanunvericilik bazası yaradılıb və zamanla möhkəmləndirilib, müxtəlif qanunlar qəbul olunub. Prezident İlham Əliyev 13 yanvar 2004-cü il tarixdə "Korrupsiyaya qarşı mübarizə haqqında” qanunu təsdiq edib. Qanunda birmənalı olaraq qeyd edilib ki, bu sənəd korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına, sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunmasına, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılmasına, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəlib. Eyni zamanda göstərilib ki, bu qanun dövlət orqanlarına əhalinin etimadının möhkəmləndirilməsi, peşəkar kadrların dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında qulluğa həvəsləndirilməsi, həmin şəxslərin korrupsiya ilə əlaqədar hüquqpozma törətməsini istisna edən şəraitin yaradılması məqsədini daşıyır.
Bundan başqa, Korrupsiyaya qarşı mübarizə sahəsində 2004-2007-ci illəri əhatə edən Dövlət Proqramı qəbul edilib, iki ixtisaslaşmış qurum – Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi yaradılıb. "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın qəbul edilməsi isə şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasının prioritet istiqamətlər kimi müəyyən edilməsində böyük rol oynayıb. Bu sənəd korrupsiyaya qarşı mübarizə aparan ixtisaslaşmış qurumların fəaliyyətini daha da təkmilləşdirib, vətəndaş cəmiyyətinin üzvləri ilə səmərəli əməkdaşlıq əlaqələri qurulmasında böyük rol oynayıb. Korrupsiyaya qarşı mübarizə və açıq hökumət prinsiplərinin genişlənməsi, bu sahədə həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə Azərbaycan prezidentinin 2016-cı il 27 aprel tarixli sərəncamı ilə Açıq hökumətin təşviqinə dair 2016-2020-ci illəri əhatə edən növbəti Milli Fəaliyyət Planı qəbul edilib.
Bunlarla yanaşı, Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən davamlı strategiya çərçivəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla da əməkdaşlıq edib və etməkdədir. Əlbəttə ki, bütün bunlar dövlətimizin başçısının korrupsiyaya qarşı mübarizədə siyasi iradə nümayiş etdirdiyini təsdiqləyən faktlardır. Korrupsiyaya qarşı mübarizə hazırda da Azərbaycanda dövlət siyasətinin prioritetini təşkil edir. Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin məhz bu məsələ üzərində dayanması da söylənilənləri təsdiq edir. İclasda geniş nitq söyləyən dövlət başçısı bildirib ki, Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmalıdır. Onun sözlərinə görə, aprel ayında formalaşmış yeni hökumət qarşısında bu vəzifə çox kəskin qoyulub. Prezident deyib ki, bu xoşagəlməz hallara son qoyulmalıdır: "Son illər ərzində böyük işlər görülüb və beynəlxalq təşkilatlar da bunu qeyd edir. Bu məsələ ilə məşğul olan beynəlxalq təşkilatların reytinqlərində Azərbaycan daim irəliyə gedir. Ancaq irəliləyiş olsa da, bu, bizi qane edə bilməz. Azərbaycanda bu böyük sosial bəlanın kökü kəsilməlidir. Bunu etmək üçün də imkanlar var. Həm güclü siyasi iradə, həm də indi bizim institusional mexanizmlərimiz var. Ən önəmlisi, kadr islahatı aparılır və aparılacaq. Hansı dövlət məmurları bu meyarlara uyğun gəlməyəcəklərsə, onlar işdən çıxarılacaqlar və bunu bütün dövlət məmurları bilsinlər. Korrupsiyaya, rüşvətxorluğa qarşı bundan sonra da çox ciddi mübarizə aparılacaq. Biz elə etməliyik ki, korrupsiya hallarının baş verməməsi üçün institusional mexanizmlər işə düşsün”.
Prezident İlham Əliyev bu istiqamətdə müsbət meylləri də diqqətə çatdırıb. Deyib ki, ictimai xidmətlər sahəsində "ASAN Xidmət” korrupsiyadan tam azad bir qurumdur: "ASAN Xidmətə 20 milyondan çox müraciət olunub və vətəndaşların bəyənmə əmsalı 100 faizə yaxındır. Yəni, bunu etmək mümkündür. Sadəcə, siyasi iradə olmalıdır, bu da var və çox ciddi tədbirlər görülməlidir, o cümlədən cəza tədbirləri görülür və görüləcək. Ancaq onu da deməliyəm ki, bəzi hallarda inzibati cəza tədbirləri işləmir. Ona görə ən ciddi beynəlxalq təcrübə tətbiq edilməlidir. Dünyanın aparıcı ölkələrində bu sahədə hansı yollarla mübarizə aparılırsa, Azərbaycanda da həmin yollarla mübarizə aparılmalıdır. Əlbəttə ki, dövlət xərclərinə nəzarət gücləndirilməlidir. Müvafiq nazirliklərə göstəriş verilib, indi islahatlar aparılır və bütün dövlət qurumlarının rəhbərləri bunu bilsinlər və mənim tapşırıqlarıma əməl etsinlər”.
Sonda qeyd edək ki, Azərbaycan Avropa Şurasının korrupsiyaya qarşı dövlətlər qrupunun GRECO və OECD Antikorrupsiya Şəbəkəsinin 3-cü qiymətləndirmə raundundan uğurla keçən ölkələrdəndir. Əldə edilən uğurlar, qarşıya qoyulan hədəflər, dövlət başçısının nümayiş etdirdiyi siyasi iradə onu deməyə əsas verir ki, dünyada böyük sosial bəla kimi qəbul edilən korrupsiya və rüşvətxorluğun Azərbaycanda kökünün birdəfəlik kəsilməsi üçün bundan sonra da lazımi addımlar atılacaqdır.
Alpər TURAN
banner

Oxşar Xəbərlər