• çərşənbə axşamı, 23 aprel, 11:07
  • Baku Bakı 20°C

Azərbaycanda bal toplaya bilməyənlər Kıbrısı seçirlər

29.07.15 13:15 2614
Azərbaycanda bal toplaya bilməyənlər Kıbrısı seçirlər
Orxan Həsənoğlu: “Çox önəmli fakültələrə bizimkilər maraq göstərmir”
Son illər soydaşlarımızın üz tutduğu ölkələr içərisində Kıbrıs da fərqlənməyə başlayıb. Mətbuat səhifələrində adanın şimal hissəsində yaşayıb-yaradan soydaşlarımız haqqında xəbərlərə rast gələndə qürur hissi keçirməyə bilmirsən. Belə insanlardan biri də Girne-Amerikan Universitetində çalışan Orxan Həsənoğludur. O, həm də Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədridir. Kıbrısda 4 ilə yaxındır fəaliyyət göstərir.
Kıbrısda bir azərbaycanlı kimi yaşamaq bir az çətindir
- Kıbrısda Azərbaycan üçün darıxmırsınız ki?
- Ümumiyyətlə, qeyd edim ki, Kıbrısda bir azərbaycanlı kimi yaşamaq bir az çətindir. Balaca bir yerdir. Öz yaşam tərzi var, həm də ki, turizm ölkəsidir. Düzdür, yerli əhali ilə ortaq cəhətlərimizdə bir oxşarlıq var, ancaq gündəlik həyata gəldikdə ölkələrimiz arasında ciddi fərq hiss olunur. Burada əsas işimiz beynəlxalq təhsillə bağlıdır. Təhsil sahəsində dünyanın müxtəlif ölkələri ilə əməkdaşlıq edirik. Bu gün 100-ə yaxın ölkə ilə əməkdaşlıq edirik. Bura artıq bir təhsil mərkəzinə çevrilib, 11-12 ali məktəb fəaliyyət göstərir. Sevindirici haldır ki, burada Azərbaycandan 40-a yaxın professor-müəllim çalışır. Onların içərisində rektor köməkçisi, kafedra müdirləri, departament rəhbərləri olan həmvətənlərimiz var. Bu da təbii ki, bizi sevindirir. Kıbrısın siyasi həyatında, gündəmində olan vətəndaşımız isə təəssüf ki, yoxdur. Ən önəmlisi odur ki, azərbaycanlı professorlar, elm adamları burada xüsusi fəallıqları ilə seçilirlər və burada onların xüsusi yeri var. Bunların arasında Cavanşir Quliyev, Rəşad Əliyev, Nazim Muradov və başqalarını qeyd etmək olar.
Ölkəmiz barədə təbliğat aparmağımız üçün ideal mühit var
- Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyəti haqqında danışdınız. Bu cəmiyyətin fəaliyyəti nədən ibarətdir?

- Bu cəmiyyət 2001-ci ildən fəaliyyət göstərir. Özüm də daxil olmaqla bir neçə azərbaycanlı tələbə ilə birlikdə yaratmışıq. Əksər diaspor təşkilatları kimi bizim də məqsədimiz ölkəmizin təbliğ olunması, xüsusilə də Dağlıq Qarabağ problemi barədə yerli insanlara obyektiv məlumatların çatdırılmasıdır. Əvvəlcə bir çox insan buna qarşı çıxdı. Onlar deyirdilər ki, Kıbrıs çox balaca bir ölkədir və burada diaspor fəaliyyəti ilə məşğul olmağın perspektivi yoxdur. O vaxt da, indi də mən bu fikrə qarşıyam. Düzdür, Kıbrıs balaca bir ölkədir. Lakin bu faktı qeyd edim ki, əhalisinin sayı 300 minə çatan Kıbrısda 75 min əcnəbi tələbə təhsil alır. Nəzərə alsaq ki, bizim ölkəmiz barədə məlumatı olan bu gənclər sonradan öz ölkələrindəki insanlara Azərbaycan həqiqətləri barədə məlumatlar çatdıra bilərlər, bizim burada ölkəmiz barədə təbliğat aparmağımız üçün ideal mühit var. Azərbaycanla bağlı demək olar ki, hər ay tədbir keçiririk.
- Kıbrısla Azərbaycan arasında siyasi münasibətlər bəlli səbəblərdən mövcud deyil. Əməkdaşlıq hazırda hansı səviyyədədir?
- Kıbrısın tək bizimlə deyil, əksər ölkələrlə iqtisadi, siyasi, ictimai əlaqələri mövcud deyil. Buranın özünəməxsus xüsusiyyətləri var. O da hökumətin iki ildən artıq fəaliyyət göstərməməsidir. Kıbrısda hakimiyyətə gələn yeni hökumət öz platformasını hazırlayıb həyata keçirən kimi hökumət dəyişir. Kıbrısda belə bir ənənə var – ən uzun hökumət burada iki il hakimiyyətdə olur. Bu da yeni gələnlərin Azərbaycanla əməkdaşlığa başlaması, qarşılıqlı münasibətlərin qurulmasını problemli edir. Düzdür, Kıbrısın dövlət rəsmiləri Azərbaycanla münasibət qurmaq istəyirlər. Lakin qısa müddətdə hakimiyyətdə olduqlarından bunu reallaşdıra bilmirlər. Kıbrısın universitetlərində minə yaxın tələbə təhsil alır. Burada 10-12 nəfər azərbaycanlı iş adamı fəaliyyət göstərir. Bundan əvvəl xarici ölkələrdə yaşayıb, uşaqları Kıbrısda təhsil alan azərbaycanlılar da var. Açığını deyim ki, kənardan gəlib Kıbrısda yatırım etmək üçün əlverişli mühit yoxdur.
- Yəni bu, riskli hesab olunur?
- Elədir, burada iqtisadi islahatlar həyata keçirilməlidir. Bir azərbaycanlı və yaxud istənilən əcnəbi burada investisiya qoyursa, dövlətlə şərikli fəaliyyət göstərməlidir. Kıbrıs birincisi, qanunlarındakı boşluqları doldurmalıdır. Onu doldurmadığı müddətdə iqtisadi inkişafdan söhbət gedə bilməz.
- Bu həftə Azərbaycan iş adamlarından ibarət heyət Kıbrısa səfər edəcək. Bu, əməkdaşlığın inkişafına səbəb ola bilərmi?

- Hər il Azərbaycan nümayəndə heyətinin Kıbrısa səfər etməsi artıq ənənə şəklini alıb. Ancaq real nəticə yoxdur. Sadəcə, bu, turist səfərlərinə çevrilib. Kıbrısda investisiya qoyulacaq çox sahələr var. Məsələn, ölkədə 75 mindən artıq tələbə var. Lakin onlar üçün heç bir şərait yaradılmayıb. Hər hansı bir sosial mərkəz yoxdur. Bu da Kıbrısın özündən irəli gələn məsələdir.
- Yerli KİV-lə münasibətləriniz necədir?

- Pis deyil. Bütün tədbirlərdə mətbuat orqanları iştirak edir. Lakin obyektiv yazılarla yanaşı, qərəzli yazılara da rast gəlinir. Qarşılıqlı işbirliyi olmadığından hər hansı bir münasibət yoxdur. İki ölkənin mediası arasında ciddi bir işbirliyi yoxdur. Bir çox mətbuat orqanlarının Azərbaycanla bağlı hər hansı bir məlumatı yoxdur. Amma media bütün tədbirlərimizdə iştirak edir. Xəbər mahiyyəti daşıyan bütün xəbərləri yayırlar.
Azərbaycanlı tələbələr çox passivdir

- Burada təhsil alan azərbaycanlılar xüsusən hansı ixtisaslara üstünlük verirlər?

- Bilirsiniz, bizdə bir ənənə formalaşıb ki, uşaqlar iqtisadiyyat üzrə oxumalıdır. Bu, çox mənfi bir tendensiyadır. Valideynlərdə belə bir fikir formalaşıb ki, uşaq iqtisadiyyat üzrə təhsil alıb iş adamı olacaq, bizneslə məşğul olsun. Burada təhsil alan azərbaycanlıların böyük bir qismi iqtisadiyyatın idarə edilməsi üzrə ixtisas almağa üstünlük verirlər. Yerdə qalanları başda turizm olmaqla, fərqli-fərqli fakültələrdə təhsil alır. Bu gün Türkiyə və yaxud Avropada təhsil alan tələbə strateji seçim edir. Onlar hesab edirlər ki, bizdə 5 il sonra turizm ixtisasına böyük tələbat olacaq. Onlar diqqəti yönəldirlər bu sahəyə. Yəni bunu planlı şəkildə edirlər. Məsələn, bu gün Türkiyədə 10 minə yaxın pilota ehtiyac var. Artıq Türkiyədaxili uçuşların sayı artıb. Qiymətlər o qədər ucuzlaşıb ki, avtobuslarla demək olar ki, eynidir. Türkiyə universitetləri pilotluq fakültələri açıblar. Eləcə də müasir təhsil ən önəmli sistemlərdən birinə çevrilib. Kıbrısda yeni ixtisasların öyrənilməsində azərbaycanlılar çox passivdirlər. Magistr pilləsi üzrə yeganə bir azərbaycanlı təhsil alır. Çox önəmli fakültələrə bizimkilər maraq göstərmir. Eləcə də Azərbaycan mətbuatının ən ağrılı yerlərindən biri olan reklamçılığa da maraq azdır. Bu sahəyə də tələbələrimiz maraq göstərsə, yaxşı olar. Tələbəni valideyn təəssüf ki, göndərir başqa bir sahəyə. Düşünmür ki, ölkədə bu sahədə kadr boşluğu var.
Burada onlarla tələbə tanıyıram ki, bir-iki imtahandan keçib

- Azərbaycanlı tələbələrin bəziləri ilə söhbət zamanı öyrəndim ki, təhsilə maraqları azdır. Yəni kəsiri olan tələbələrimiz çoxluq təşkil edir.

- Bu gün Kıbrıs ali məktəblərə imtahansız tələbə qəbul edir. Universitetlərə heç bir imtahan vermədən attestatla qəbul olmaq olur. Yəni Azərbaycanda attestatını alıb gəlib Kıbrısda tələbə ola bilərsən. Hər kəs istəyir ki, övladı ali təhsil alsın. Ancaq bu, məcbur deyil. Kifayət qədər peşələr var və övladlarını ora yönəldə bilərlər. Azərbaycanda istənilən qədər bal toplaya bilməyənlər dərhal Kıbrısı seçirlər. Mən ilk gündən bu fikrə qarşı olmuşam. Çünki real problemlər var, minə yaxın tələbə var. Lakin onlardan cəmi yüzə yaxını məzun ola bilir. Elə tələbələr var ki, gəlib bir-iki il qalıb oxumağın çətin olduğunu görüb, geri qayıdıb. Burada onlarla tələbə tanıyıram ki, dörd ildir buradadır, toplam bir-iki imtahandan keçib. Buna dövlət səviyyəsində xüsusi bir dəstək olmalıdır.
- Sirr deyilsə, burada əmək haqqı sizi qane edirmi?

- Kıbrısda orta aylıq əmək haqqı 1450 türk lirəsidir. Bu da Kıbrısdakı mövcud qiymətlərlə o qədər də aşağı qiymət deyil. Orta hesabla götürsək, Kıbrısda orta əmək haqqı dövlət universitetində (Kıbrısda iki dövlət universiteti var-müəl.) 2500 dollardan başlayır, özəllərdə isə bir az bundan yuxarı əmək haqqı var. Aylıq əmək haqqı buradakı müəllimləri qane edir.
- Kıbrıs üçün Türkiyə, Türkiyə üçün Kıbrıs nə deməkdir?

- Türkiyədə ziyalı, elit təbəqə Kıbrıs barədə tam obyektiv məlumata malik olub. Kıbrıs ictimai mühiti ilə əlaqələr o qədər də yüksək deyil. Sadə türklərlə kıbrıslılar arasında hər hansı bir əlaqə mövcud deyil. Onların Kıbrısa baxışları fərqlidir. Türkiyədə belə bir fikir formalaşıb ki, biz heç nədən hər ay Kıbrısa dotasiya ayırırıq. Türkiyədə Kıbrıs dedikdə bir az aqressiya yaranır. Türkiyədə Kıbrısla bağlı xəbərlər ancaq şou-biznes, kazino xəbərləri olur. Türkiyə mətbuatında Rauf Denktaşdan sonra Kıbrısla bağlı xəbərlər yalnız kazino və gecə klubları ilə bağlıdır. Bu da Türkiyədə Kıbrısla bağlı təbliğatın aşağı səviyyədə olmasına səbəb olur. Türkiyədə heç kim övladını Kıbrısa yay məktəbinə təhsil almağa göndərmir. Yəni orada belə bir fikir formalaşıb ki, uşaq Kıbrısa gedən kimi qumara, gecə həyatına bulaşacaq. Bu, ictimai proseslərə təsirin ilk başlıca səbəbidir.
-Perspektivdə adanın birləşdirilməsini görürsünüzmü?

- Kıbrısda artıq 40 ildir danışıqlar aparılır. Adanın birləşdirilməsi texniki cəhətdən mümkünsüz görünür. İstənilən dövlət başçısı seçildikdə bu məsələ aktuallaşsa da, nəticəsiz olur. Çünki danışacağı başqa bir mövzu yoxdur. 40 ildir danışıqlar getsə də, bir faiz irəliləyiş yoxdur. Kıbrıs probleminin həlli ən azından yaxın 50 ildə görünmür.
Sonda müsahibim onu da bildirdi ki, Kıbrıs universitetləri ilə Azərbaycan universitetlərinin əməkdaşlığının genişləndirilməsinin tərəfdarıdır. Onun sözlərinə görə, Kıbrıs universitetlərinin tətbiq etdiyi təhsil sisteminin Azərbaycanda tətbiq olunmasının tərəfdarıdır: “Daha öncə də bunu qeyd etmişəm. Bizim universitetlərin Kıbrısdan götürəcəyi çox şeylər var”.
Azər NURİYEV
Bakı-Kıbrıs-Bakı

banner

Oxşar Xəbərlər