• cümə axşamı, 28 mart, 16:10
  • Baku Bakı 16°C

“Azərbaycanda azad cəmiyyət formalaşıb”

30.08.14 11:14 1299
“Azərbaycanda azad cəmiyyət formalaşıb”
Prezident İlham Əliyev: "Xarici dairələr var ki, çalışırlar Azərbaycanda sabitlik pozulsun, inkişaf dayansın, Azərbaycan asılı vəziyyətə düşsün. Biz bunu bilirik. Mən Prezident kimi gündəlik fəaliyyətimdə bu qüvvələrə qarşı açıq mübarizə aparıram"

“Bizim gözəl ənənələrimiz, milli dəyərlərimiz var. Biz onları qoruyuruq və siz gənclər onları yaşatmalısınız. Bu, böyük bir mirasdır, böyük mədəni irsdir, bizim zənginliyimizdir”.
APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Beyləqanda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
Prezident bildirib ki, Azərbaycan musiqisi, xalçaçılıq sənəti, incəsənəti, ədəbiyyat, ana dili - bütün bunlar ən böyük sərvətlərdir: “Biz bu sərvətləri bütün dövrlərdə - çar Rusiyası, Sovet İttifaqı dövrlərində qorumuşuq. Ona görə bir xalq kimi bu gün inkişaf edirik. Özümüzü dünyaya təqdim etmişik. Əlbəttə ki, müstəqillik dövründə bu dəyərləri daha da qorumalıyıq. Dövlət siyasəti var və mən Prezident kimi bu məsələlərə xüsusi diqqət göstərirəm. Bütün dövlət qurumları, eyni zamanda, ictimai təşkilatlar bu işlərlə məşğul olurlar. Ancaq burada ardıcıllıq təmin edilməlidir. Bu ardıcıllığı siz gənclər təmin edəcəksiniz. Ona görə gənclər milli ruhda tərbiyə almalıdırlar. Bunu biz məktəblərdə də, ailələrdə də təşkil etməliyik. Bizim milli ənənələrimiz var. Biz onları qiymətləndiririk. Onlar bizim həyatımızın əsasıdır”.
“Azərbaycanda azad cəmiyyət formalaşıb, bütün demokratik təsisatlar var”
Prezident deyib ki, Azərbaycanın dəyərləri əsas dəyərlərdir: “Əlbəttə ki, biz ümumbəşəri dəyərləri bölüşürük. Azərbaycan dəyərləri ümumbəşəri dəyərlərin tərkib hissəsidir. Ancaq bizim xalqımızın özünə xas olan dəyərləri var. Biz onları qoruyuruq, qorumalıyıq. Əlbəttə ki, gənclər Vətənə bağlı olmalıdırlar. Bu gün Azərbaycan o qədər sürətlə inkişaf edir ki, Vətəni sevən hər bir insan qürur hissi ilə deyir: Mən Azərbaycan vətəndaşıyam! Ümumiyyətlə, hər bir insan öz Vətənini sevməlidir. Ancaq daha inkişaf etmiş ölkələrdə təbii ki, bu, özünü daha da yüksək səviyyədə büruzə verir. Hesab edirəm ki, vətənpərvərlik, bilik, savad, fiziki hazırlıq, öz keçmişinə bağlılıq, milli ruhda tərbiyə bizim üçün əsas amillər olmalıdır”.
Prezident qeyd edib ki, dövlət siyasəti bu istiqamətdə aparılır: “Biz islahatları dərinləşdiririk. Azərbaycanda azad cəmiyyət formalaşıb, bütün demokratik təsisatlar var və onlar uğurla fəaliyyət göstərir. Bütün azadlıqlar - söz azadlığı, vicdan azadlığı, mətbuat azadlığı, internet azadlığı var. Heç bir senzura yoxdur. Facebook, Twitter, internet. İndi bir milyondan artıq Azərbaycan vətəndaşı facebookda fikirlərini paylaşır və yaxud hansısa məlumat əldə edir. Heç də hər bir ölkədə belə deyil, senzuralar, məhdudiyyətlər var. İndi bəzi digər tədbirlər görülür. Bizdə isə bu, sərbəstdir, azaddır. Çünki Azərbaycan cəmiyyəti azad cəmiyyətdir və bu, bizim böyük nailiyyətimizdir. Ona görə siyasi islahatların, eyni zamanda, iqtisadi islahatların dərinləşməsi nəticəsində son 10 ildə bir milyondan artıq yeni iş yeri açılıb. Bu proses davam edir və davam etməlidir. Çünki bizim əhalimiz artır”.
Dövlət başçısı vurğulayıb ki, Ermənistandan fərqli olaraq Azərbaycanda demoqrafik vəziyyət çox müsbətdir: “Hər il orta hesabla 170-180 min körpə dünyaya gəlir. Beləliklə, iş yerlərinin açılması daimi proses olmalıdır. Çünki əhalinin artımı əlbəttə ki, bizim üçün böyük güc mənbəyidir. Eyni zamanda, bu, əlbəttə ki, hökuməti də düşündürür. Çünki iş yerlərinin, yeni müəssisələrin açılması gərək elə sürətlə getsin ki, işsizlik aşağı səviyyədə olsun. Hazırda işsizlik beş faiz səviyyəsindədir. Bəzi bölgələrdə işsizlik orta hesabla daha da yüksəkdir. Biz bunu bilirik, bu məsələlər üzərində işləyirik. Yəni, bütün sahələr üzrə islahatlar aparılır və aparılacaq. Ölkəmizin uğurlu inkişafı təmin ediləcək. Ancaq bütün bu işlərin əsasında, təməlində bizim milli dəyərlərimiz dayanır”.
“Ölkə daxilində də milli satqınlar var…”
Prezident qeyd edib ki, indi bəzi xarici dairələr qloballaşma adı altında öz iradələrini tətbiq etmək istəyirlər: “Xüsusilə gənclər arasında iş aparılır, müxtəlif fondlar vasitəsilə guya ki, hansısa layihələrin icrası üçün vəsait ayrılır. Əslində gəncləri öz dövlətinə qarşı çevirmək, istiqamətləndirmək üçün işlər aparılır. Biz bunları bilirik.
Bu gün Azərbaycanın uğurlu inkişafını heç də hər kəs qəbul etmir. Ölkə daxilində də milli satqınlar var ki, onlar xarici antiazərbaycan dairələrinə öz vicdanını satıblar. Xarici dairələr var ki, çalışırlar Azərbaycanda sabitlik pozulsun, inkişaf dayansın, Azərbaycan asılı vəziyyətə düşsün. Biz bunu bilirik. Mən Prezident kimi gündəlik fəaliyyətimdə bu qüvvələrə qarşı açıq mübarizə aparıram. Ona görə də Azərbaycana qarşı mediada qarayaxma, böhtan kampaniyaları aparılır. Bunun səbəbi odur ki, biz müstəqilliyimizi qoruyuruq. Azərbaycan xalqının haqlı tələbini, müstəqil olmaq arzusunu qoruyuruq, qoruyacağıq. Siz də, gələcəkdə Azərbaycanı idarə edəcək insanlar da bax bu yolla getməlisiniz”.
Ölkə başçısı son zamanlar dünyada baş verən bəzi proseeslərdən də danışıb: “İndi heç kəs üçün sirr deyil ki, müxtəlif fondlar vasitəsilə, müxtəlif ölkələrdə kütləvi iğtişaşların, qarşıdurmanın yaradılması üçün praktiki addımlar atılır. Əgər 10 il bundan əvvəl bu, daha da məxfi formada aparılırdısa, hazırda artıq bütün maskalar yırtılıb, heç gizlətmirlər. Məqsəd də odur ki, təbii resurslarla zəngin, böyük potensiala, əlverişli coğrafi mövqeyə malik ölkələr təsir altına düşsün və başqasının diktəsi ilə hərəkət etsin, oturub-dursun. Bu isə o ölkələri məhvə aparır”.
“Azərbaycan üçün də oxşar ssenarilər yazılmışdı”
Ölkə başçısı yaxın tarixi xatırladıb: “Bizim qonşuluğumuzda baş vermiş hadisələrin nələrə gətirib çıxardığı da gözümüzün qabağındadır. Bilin ki, Azərbaycan üçün də oxşar ssenarilər yazılmışdı. Sadəcə olaraq bizim iqtidarımızın dəmir iradəsi imkan vermədi ki, bu ssenarilər burada həyata keçirilsin və heç vaxt imkan verməyəcəyik.
Ona görə, siz gənclər bunu yaxşı bilməlisiniz və bizim gənclərimiz xarici dairələrin təsiri altına düşməməlidir. Xarici qüvvələr Azərbaycanın inkişafını bizdən artıqmı istəyirlər? Əlbəttə ki, yox. Onların maraqları başqadır və biz bilirik bunun səbəbi nədir. Onlar da bilirlər ki, bu, bizimlə keçməyəcək və sizinlə də keçməməlidir. Ona görə, siz də bu məsələləri daim diqqət mərkəzində saxlamalısınız”.
Milyonlar müxalifət qurumlarının cibinə ötürülür
Ölkə başçısı deyib ki, Azərbaycana xaricdən heç bir yardım, kömək lazım deyil: “Lazım olanda onsuz da heç kim bizə kömək etməyib. Azərbaycan ağır vəziyyətdə olanda kim gəlib bizə kömək edib? Heç kim. Mənim yadımdadır, vaxt var idi ki, biz beynəlxalq qurumlardan kredit ala bilmirdik, vermirdilər kredit. Amma indi biz özümüz başqa ölkələrə kredit veririk. Yəni, bizim iqtisadi inkişafımız sırf Azərbaycan dövlətinin, hökumətinin uğurudur və aparılan siyasətin nəticəsidir. Ona görə bizə yardım etmək üçün heç kimə müraciət etməmişik və buna ehtiyac yoxdur. Amma yardım adı altında Azərbaycana hər il milyonlarla dollar pul ötürülür. O pul müxalifət qurumlarının cibinə gedir. Düzdür, bizim müxalifət pula o qədər meyllidir ki, o, ayrılan qrantların 70-80 faizini öz cibinə qoyur. Ona görə o pullar onu göndərənlərin iradəsi ilə xərclənmir. Ancaq fakt budur. Biz bunu bilirik, burada heç nəyi gizlətmək mümkün deyil. Bütün bank hesablarına nə qədər gəlir, kimə gəlir, o pul sonra hara gedir və bilin ki, verilən o vəsait ölkəmizin maraqlarının əleyhinə işləyən vəsaitdir. Onsuz da lap o miqdarı on dəfə artırsalar da bunun xeyri olmayacaq. Çünki Azərbaycanda sabitliyin, inkişafın təminatçısı Azərbaycan xalqıdır, görülən işlərdir, abadlaşan şəhərlər və inkişafda olan ölkəmizdir. Ona görə hesab edirəm ki, Azərbaycanda sabitliyi pozmaq cəhdləri yersizdir. Bunu artıq o cəhdləri edənlər də tamamilə başa düşürlər”.
“Ermənistan bir koloniyadır, müstəmləkədir”
Prezident deyib ki, onun üçün Azərbaycan xalqının iradəsi əsasdır: “Siz gənclər peşəkar, bilikli, həm fiziki, həm mənəvi cəhətdən sağlam olmalısınız və elə etməlisiniz ki, Azərbaycan daim inkişaf etsin və müstəqil ölkə kimi daim öz sözünü desin, formal olaraq yox, real. Çünki dünyada iki yüzdən çox müstəqil ölkə var. Bu ölkələrin hamısı müstəqil deyil. Elə götürək Ermənistanı. O ölkəyə müstəqil ölkə demək mümkün deyil. O bir koloniyadır, müstəmləkədir və qul psixologiyası ilə yaşayan Ermənistan iqtidarı ölkəni artıq tamamilə asılı vəziyyətə salıbdır. İnanmıram ki, erməni xalqının arzuladığı müstəqillik bu gün onları təmin edir. Hər bir xalq, insanlar kimi ölkələr də istəyir ki, müstəqil olsun, öz sözünü desin, heç kimdən asılı olmasın. İnsan üçün azadlıq ən böyük dəyərlərdən biridir. Hər kəs dünyaya azad gəlir və azad olmaq istəyir, təbii ki, qanun çərçivəsində. Ona görə real müstəqilliyi əbədi, dönməz etmək üçün sizdən çox şey asılıdır. Mən deyə bilərəm ki, Azərbaycan gəncləri öz vətəninə bağlıdırlar, onlar ölkəmizin inkişafına böyük töhfə verirlər. Mən sadəcə olaraq istəyirəm ki, bu məsələ ilə bağlı öz sözümü deyim, sizə öz məsləhətlərimi verim və siz də bunu rəhbər tutaraq gələcəkdə öz fəaliyyətinizi uğurla davam etdirəsiniz”.
banner

Oxşar Xəbərlər