• çərşənbə axşamı, 23 aprel, 16:48
  • Baku Bakı 24°C

Azərbaycanda Avro-5 yanacağı nə vaxt əldə olunacaq?

05.01.21 19:00 470
Azərbaycanda Avro-5 yanacağı nə vaxt əldə olunacaq?
Tarif Şurasının qərarı ilə ölkədə Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Qurumun yeni qərarında həmçinin qeyd olunur ki, 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin Avro-5 standartına tam uyğunlaşdırılması nəzərdə tutulur.
Kaspi.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov benzin və dizel yanacaqlarının istifadəsinin ətraf mühitə mənfi təsirlərini müqayisə edib.
Onun sözlərinə görə, bütün dünyada atmosfer çirklənməsinin əsas mənbəyi avtomobillərin daxili yanma mühərriklərində formalaşan qazlar və bərk hissəciklərdir.
"Bu gün Azərbaycanda ən çox istifadə olunan yanacaq növü benzin və dizeldir. Dünyanın bir çox ölkələrində, xüsusən də Avropada aparılan təhlillərin nəticələri göstərir ki, dizel yanacağı ilə işləyən nəqliyyat vasitələri benzinə nisbətən ətraf mühiti daha çox çirkləndirir. Mütəxəssislərin hesablamalarına görə dizellə işləyən mühərriklər daha az karbon qazı emissiyası ilə seçilsələr də, benzinlə işləyən mühərriklər bir sıra digər parametrlərdə onları qabaqlayır. Məlumdur ki, eyni gücə malik dizel yanacağının tərkibində ağır fraksiyalar benzinə nisbətən daha çoxdur. Dizel mühərriklərində yanacağın yanması üçün daha çox oksigen tələb olunduğundan, yanma prosesi müxtəlif kimyəvi reaksiyaların getməsi və nəticədə daha çox çeşidli yanma məhsulunun formalaşması ilə nəticələnir. Dizel mühərriklərində formalaşan tüstü kəskin qoxusuna və rənginə görə də seçilir. Benzinin tərkibinə xüsusi maddələri əlavə etməklə oktan ədədini qaldırmaq və zərərli emissiyaları azaltmaq mümkün olsa da, dizeldə bu qatqılar effektiv olmur və külli miqdarda əlavə atqılarla nəticələnir.
Ümumiyyətlə, dizellə işləyən mühərriklər yanma prosesində azot oksidləri, bərk hissəciklər, kükürdlü birləşmələr, karbohidrogenlər və onların törəmələri, o cümlədən politsiklik karbohidrogenlər və digər məhsullar formalaşdırır. Formalaşan bu tullantılar nəinki atmosferə, ətraf mühitin bütün digər komponentlərinə zərərli təsir edir. Gözlə görünməyən bərk hissəciklərin isə tərkibində kanserogen maddələr olduğu üçün insan sağlamlığına mənfi təsiri xüsusi qeyd edilməlidir.
Mütəxəssis bildirib ki, mütərəqqi texnologiyaların tətbiqi və avrostandartlara keçid mütləqdir:"Bu gün Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda bu sahədə gərgin iş gedir. Görülən işlər və nəticələri ətraf mühitlə birbaşa əlaqəli olduğu üçün, bizim əməkdaşlar da gedişatı izləyir, görüşlər keçirir. İnanıram ki, yaxın zamanlarda Avro-5 standartlarına uyğun dizel yanacağının və Aİ-92 benzininin əldə olunmasına nail olacağıq".
banner

Oxşar Xəbərlər