• cümə axşamı, 28 mart, 13:14
  • Baku Bakı 16°C

Azərbaycanda 971 sahibkara cinayət işi açılıb

07.01.15 15:28 983
Azərbaycanda 971 sahibkara cinayət işi açılıb
Ötən il ərzində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə cəmi 971 cinayət işi başlanıb. Vergilər Nazirliyindən verilən məlumata görə, bu cinayət işlərindən 205-i vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq (bunlardan 80-i külli miqdarda gəlir əldə etməklə vergidən yayınma) faktları ilə bağlı səyyar vergi yoxlamalarının nəticələrinə dair materiallar üzrə, 745-i vergi borcunun ödənilməməsi, 14-ü əmək müqaviləsi hüquqi qüvvəyə minmədən şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, aksiz markası olmadan malların satışı və saxlanılması, qanunsuz idman mərc oyunlarının keçirilməsi ilə məşğul olma faktları üzrə operativ vergi nəzarəti tədbirlərinin nəticələrinə dair vergi orqanlarından daxil olmuş materiallar əsasında, 7 iş isə qanunsuz sahibkarlıq faktları ilə bağlı digər hüquq-mühafizə orqanlarından daxil olan materiallar üzrə başlanıb.
Hesabat dövründə Departamentdə cinayət işləri və materiallar üzrə aparılan araşdırmalar zamanı 16 milyon 81,4 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir. Bir cinayət işi üzrə təqsirləndirilən şəxsin 530 min manat dəyərində olan əmlakı üzərinə həbs qoyulub.
Departamentin İstintaq idarəsində 405 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, 26 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İcraatına xitam verilmiş 280 cinayət işindən 198 iş üzrə bəzi müəssisələrin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri (32 iş üzrə külli miqdarda) ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində müvafiq qərarlar qəbul edilib.
Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 26 nəfər şəxs tutularaq Departamentin İstintaq idarəsinə təhvil verilib. İbtidai istintaqdan yayınan 324 şəxsin məcburi qaydada gətirilməsi, 226 şəxsin tapılaraq istintaqa gəlmələri, 208 şəxsin yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib. Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından, əmlakının siyahıya alınmasından yayınan və fəaliyyəti barədə bəyannamə təqdim etməyən 376 nəfər vergi ödəyicisi tapılaraq onların müvafiq vergi orqanlarına gəlmələri təmin olunub.
banner

Oxşar Xəbərlər