“Azərbaycanda 300-ə yaxın internet media qurumu fəaliyyət göstərir” - Fotolar
Avropa İttifaqı və Avropa Şurasının Bakı Ofisinin təşkilatçılığı
ilə bu gün Bakıda "İnternet və insan hüquqları” mövzusunda təlim keçirilib.
Təlimdən
öncə Avropa Şurasının Bakı Ofisinin
nümayəndəsi Pərvanə Bayramovaçıxış edərək bildirib ki, "İnternet və insan hüquqları” təlimi
Avropa İttifaqı və Avropa Şurasının "Azərbaycanda ifadə və media azadlığı” birgə
layihəsi çərçivəsində baş tutan tədbirdir. Onun sözlərinə görə, bu təlim son
bir ildə Bakıda jurnalistlər üçün təşkil edilən ilk təlimdir: "İndiyə qədər biz
əsas hədəfi region jurnalistlərinə yönəltmişdik. Bugünkü təlimin əsas məqsədi internet
və insan hüquqları sahəsində mövcud olan Avropa Şurası və Avropa İnsan Haqları
Məhkəməsinin standartlarına dair media mənsublarının məlumatlılığını
artırmaqdan ibarətdir.
Avropa
Şurasının Bakı Ofisi rəhbərinin müavini Joel Mermet təlim iştirakçılarını Azərbaycan dilində
salamlayaraq, internet və insan hüquqlarının çox vacib məsələ olduğunu söyləyib.
Bildirib ki, bu mövzuda təşkil olunan tədbirdə çıxış etmək onun üçün şərəfdir: "Avropa
Şurası demokratiya, insan haqları, qanunun aliliyi, media plüralizmi, peşəkarlıq,
internet azadlığı məsələlərini Azərbaycan da daxil olmaqla bütün üzv dövlətlərdə
təşviq edir. Bu sahədə Avropa Şurası Avropa İttifaqı ilə yaxından əməkdaşlıq
edir. Bu əməkdaşlığın bariz nümunəsi "Azərbaycanda ifadə və media azadlığı”
layihəsidir. Hazırkı təlim də bu layihə çərçivəsində keçirilir. Layihə yaxşı
idarəçilik tərəfdaşlığı naminə təşəbbüsün əsas elementlərindən biridir. Onun məqsədi
Azərbaycanda həm internet sahəsində, həm də Avropa Şurasının internet və insan
haqları sahəsində standartları barədə biliklərin artırılmasıdır. Bu təlim əsasən
internetdə insan haqlarının müdafiəsinə həsr olunub. Bu da təsadüfi deyil. Ona görə
ki, statistik rəqəmlərə görə, Azərbaycanda internetdən istifadə edənlərin sayı
artıb. 2010-2015-ci illərdə internetdən istifadə edən əhalinin faiz göstəricisi
46-dan 72 faizə qədər artıb. Bu, o deməkdir ki, hər 100 Azərbaycan vətəndaşından
72 nəfəri genişzolaqlı internetdən istifadə edə bilir. Bütün bunları nəzərə
alaraq, hesab edirəm ki, bu günkü təlim çox maraqlı və faydalı olacaq”.
Avropa
İttifaqının Azərbaycandakı nümayəndəliyinin proqram meneceri Aleksandra
Nerisanu da keçirilən
təlimin Avropa Şurası ilə Azərbaycan hökumətinin əməkdaşlığı sayəsində
reallaşan layihə çərçivəsində baş tutduğunu vurğulayıb. Onun sözlərinə görə, icra
müddəti iki il olan həmin layihə fundamental insan hüquqlarını özündə əks etdirən
mühüm sənədlərə söykənir.
Azərbaycan
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Avropa İttifaqı və Avropa Şurası tərəfindən "Azərbaycanda
ifadə və media azadlığı” layihəsinin artıq iki ilə yaxındır həyata
keçirildiyini bildirib. Qeyd edib ki, Mətbuat Şurası da bu layihənin gerçəkləşməsinə
ciddi dəstək verir: "Bu layihə ötən iki il müddətində bütün Azərbaycanı əhatə
etməklə yanaşı, media sahəsində bütün aktual mövzulara toxunub, çoxsaylı
toplantılar, seminarlar, konfranslar keçirilib. Hesab edirik ki, Azərbaycan
media təmsilçilərinin, ümumilikdə xəbər istehsalçılarının hər birinin maariflənməsi,
yeni bilgilər əldə etməsi baxımından bu layihə kifayət qədər aktual olub.
Hazırda keçirilən təlimin mövzusu da olduqca aktualdır. İnternet və insan
haqları kifayət qədər geniş, araşdırılması zəruri olan mövzudur. Azərbaycanda
azad və əlçatımlı internetin olması üçün dövlət proqramları həyata keçirilib. Bu
proqramların icrası öz müsbət nəticələrini verib. Təsadüfi deyil ki, bu gün Azərbaycanda
internet istifadəçilərinin sayı ümumi əhalinin 80 faizi səviyyəsindədir. Bu,
olduqca böyük bir rəqəmdir. İnternet bizdə yalnız kommunikasiya, hazır məlumatların
ötürülməsi vasitəsi olmayıb. Dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də internet
özü yeni xəbər istehsalçıları qrupu, yeni jurnalistlər təbəqəsi yetişdirir”.
M.Ələsgərli bu gün Azərbaycanda 300-ə yaxın
internet media qurumunun fəaliyyət göstərdiyini bildirib. Qeyd edib ki, bu xəbər
portalları, saytlar, TV və radiolar öz xəbərlərini internet üzərindən yayır, fəaliyyətlərini
internet üzərindən qururlar: "Təəssüf ki, internetdə yayılan informasiyalar heç
də hər zaman qanunlar və qaydalar çərçivəsində olmur. Bəzən kiminsə azad, sərbəst
şəkildə yaya biləcəyini hesab etdiyi informasiya digər bir vətəndaşın
hüquqlarının, azadlıqlarının tapdanmasına, onun şəxsi həyatına müdaxiləyə,
yaxud işgüzar nüfuzuna xələl gətirməyə də səbəb olur. 2013-cü ildən Mətbuat
Şurası bu sahədə tənzimlənmə həyata keçirmək üçün yeni təşəbbüslə çıxış edib.
Şuranın tərkibində 2013-cü ildən etibarən internet medianın tənzimlənməsi üçün
xüsusi komissiya yaradılıb. Komissiyanın tərkibində Mətbuat Şurasının idarə heyətinin
üzvləri olmaqla bərabər, internetə aidiyyəti olan təşkilatların nümayəndələri,
mütəxəssislər, media ekspertləri də iştirak edirlər. Onlar internet medianın tənzimlənməsi
ilə əlaqədar çox ciddi təşəbbüslər irəli sürürlər. Nəticə olaraq bu sahədə müəyyən
praktiki addımlar atılır. Düzdür, internet sərbəst, azad fikir paylaşmaq
platformasıdır. Lakin burada paylaşılan xəbərlər, fikirlər qanunlar çərçivəsini
aşmamalı, başqalarının hüquq və azadlıqlarını pozmamalıdır. Bunun üçün xəbər
istehsalçılarının özlərinin biliklərinin, təcrübəsinin artırılmasına daha böyük
ehtiyac var. Çünki, yalnız qanunun tələbi bütün bu çatışmazlıqları aradan
qaldıra bilməz. Ona görə Mətbuat Şurası da digər təşkilatlarla birlikdə bu sahəyə
dair bir çox tədbirlər keçirir”.
Azərbaycan
İnternet Forumunun prezidenti Osman Gündüz təlimin mövzusunun Azərbaycan üçün çox aktual
olduğunu dilə gətirib. O, artıq dünyada real və virtual həyat arasındakı sərhədlərin
silindiyini diqqətə çatdıraraq, internet həyatda özünü göstərən bəzi problemlərin
müzakirə formatında, qarşılıqlı fikir mübadiləsi əsasında aradan
qaldırılmasının vacibliyini vurğulayıb.
Təlimin açılış mərasimindən sonra Avropa Şurasının
eksperti Monika Horten İnternet və insan hüquqları mövzusunda Avropa Şurası və
Avropa İnsan Hüquqları Konvensiyası standartları barədə məlumat verib. Həmçinin
onun moderatorluğu ilə müzakirələr aparılıb. Eyni zamanda təlimdə Azərbaycan İnternet
Forumunun prezidenti Osman Gündüz təlim iştirakçılarına "İnternet – Azərbaycan
təcrübəsi” mövzusunda məlumat verib.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim oluub.
Rufik
İSMAYILOV