• cümə, 19 Aprel, 01:09
  • Baku Bakı 18°C

Azərbaycanda 22 mindən çox qlaukomalı xəstə dispanser qeydiyyatındadır

27.05.19 15:22 637
Azərbaycanda 22 mindən çox qlaukomalı xəstə dispanser qeydiyyatındadır
Göz xəstəliklərindən biri olan qlaukoma gözdaxili mayenin axınının pozulması nəticəsində baş verir. Bu xəstəliyə el arasında "qara su” xəstəliyi də deyirlər. Görmə sahəsində xarakterik dəyişikliklər, görmə sinirinin zədələnməsi, qlaukomatoz optik neyropatiyanın inkişafı ilə xarakterizə olunur. Gözdaxili təzyiqin yüksəlməsi qlaukoma yaranmasının əsas risk faktoru sayılır. Qlaukoma xroniki və proqressivləşən xəstəlikdir və qeyri-düzgün müalicə olunduqda tam korluqla nəticələnə bilər. Hazırda dünyada 60 milyon insan qlaukomadan, 8,4 milyon insan isə qlaukoma nəticəsində yaranan korluqdan əziyyət çəkir.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində ölkəmizdə yeganə olan və ən müasir diaqnostik avadanlıqlarla təchiz olunmuş Qlaukoma Mərkəzi yaradılıb. Bu mərkəzdə xəstəliyin nəinki vaxtında aşkarlanması, müalicəsi, o cümlədən bütün xəstələrin dispanser qeydiyyatı və daimi nəzarəti mümkündür. Hazırda Azərbaycanda 22 mindən çox qlaukomalı xəstə dispanser qeydiyyatındadır.
Bu barədəAZƏRTAC-a akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qlaukoma şöbəsinin müdiri, oftalmoloq-cərrah Fidan Ağayeva məlumat verib.
"Qlaukomanın əsas 2 forması mövcuddur: açıqbucaqlı qlaukoma və qapalıbucaqlı qlaukoma. Açıqbucaqlı qlaukoma görmə funksiyalarının artan pozulması ilə simptomsuz gedişata malikdir. Görmə siniri diskində və görmə sahəsində əmələ gələn kliniki dəyişikliklər ancaq sinir liflərinin təxminən 40 faizinin məhvindən sonra özünü büruzə verir.
Qlaukomanın anadangəlmə növü də var. Ana bətnində olan patoloji dəyişikliklər, ananın keçirdiyi infeksion xəstəliklər, irsi faktorlar, ana bətnində olarkən görmə orqanının inkişaf prosesinin pozulması buna səbəb olur. Bundan əlavə, uşaq qlaukomasına da rast gəlinir. Bu zaman uşaqlarda həmin xəstəlik sonradan, yəni 3-5 yaşlarında yaranır. Əsas səbəbi irsidir. Lakin ana bətnində inkişaf pozulmaları da səbəb ola bilər.
Yuvenil qlaukoma - cavanlarda adətən 35 yaşadək yaranan qlaukoma növüdür. Burda da irsi faktor rol oynayır. O cümlədən göz orqanında bəzi anatomik dəyişikliklər qlaukomaya gətirib çıxara bilər.
Birincili qlaukomada əsas faktor irsidir. Lakin bir neçə risk faktoru var. Yüksək dərəcəli miopiyası və buynuz qişası nazik olan gözlərdə birincili qlaukoma yarana bilər.
İkincili qlaukoma digər xəstəliklərin nəticəsində yaranır. Nümunə üçün deyə bilərəm ki, şəkərli diabet xəstəliyi zamanı gözün arxa hissəsində torlu qişada və gözün ön hissəsində yeni damarlar əmələ gəlir. Buna neovaskularizasiya deyilir. Həmin damarlar gözün ön hissəsində yerləşən ön kameranın bucağını tutur. Maye gözdən tam normal şəraitdə axa bilmir. Gözdə yığılaraq gözdaxili təzyiqi yüksəldir və görmə sinirində qlaukomatoz dəyişikliklər başlayır. Ona görə də görmə sahəsi daralır və mərkəzi görmə zəifləyir. Şəkərli diabetdən əziyyət çəkənlərin gözlərində həmin damarlar lazer koaqulyasiyası ilə yandırılaraq ikincili qlaukomanın qarşısı alına bilər.
İltihabi, sindromlu, revmatoid artrit kimi xəstəliklərdən əziyyət çəkənlərdə, uzun müddət, kontrolsuz, yüksək dozada steroidlərdən, hormonal dərmanlardan istifadə edən xəstələrdə gözdaxili təzyiq yüksələ bilər. Bu steroid mənşəli qlaukomadır.
İltihabi xəstəliklər zamanı gözdə iltihabi proses varsa, gözdə fibroz dəyişikliklər baş verir. Bu zaman gözdə ön kameranın bucağı tutula, maye axının qarşısı alına, gözdaxili təzyiq yüksələ və qlaukoma yarana bilər”, - deyə şöbə müdiri qeyd edib.
Mütəxəssis, həmçinin deyib: "Qlaukoma növləri arasında ən çox rast gəlinən açıqbucaqlı qlaukomadır. Bu, qlaukoma növlərinin təxminən 70 faizini təşkil edir. Tam simptomsuz olduğuna görə xəstələr oftalmoloqa çox gecikmiş halda müraciət edirlər. Müraciətlər zamanı bir gözün tamamilə görmədiyi, digərində isə görmə faizinin 10-15 və ya daha az olduğu hallara da rast gəlinir. Qlaukomada əsas əlamət görmə sahəsinin daralmasıdır. Xəstə əvvəlcə onu hiss etmir. Mərkəzi görmə zəifləyəndə isə hiss olunmağa başlayır. O zaman da sinir liflərinin 50 faizdən çoxunun artıq məhv olduğu məlum olur.
Qapalıbucaqlı qlaukoma daha çox Asiya ölkələrində aşkarlanır. Qlaukomanın bu növündə məhz gözün quruluşu mühüm rol oynayır. Gözün ön və arxa oxunun qısa, gözün ölçülərinin az, gözün ön kamerasının dayaz olması nəticəsində bucağın bağlı və ya dar olması qapalıbucaqlı qlaukomanın yaranmasına təkan verir. İşıqlı mühitdə qapalıbucaqlı qlaukoma olan xəstələrdə bəbək genələ və ön kameranın bucağı tam bağlana bilər. Nəticədə maye gözdən axa bilmir və gözdaxili təzyiq yüksəlir. Qapalıbucaqlı qlaukoma güclü ağrılar, ürəkbulanma, qusma, başgicəllənmə, baş ağrıları ilə nəticələnə bilər. Qapalıbucaqlı qlaukomanın birincili və ikincili formaları yaşlı insanlarda rast gəlinir. Ümumiyyətlə, yaş faktoru qlaukoma yaranmasının risk amillərindən biridir”.
Oftalmoloq-cərrah bildirib ki, mərkəzdə müasir diaqnostik üsullar ilə yanaşı qlaukomanın müxtəlif müasir müalicə üsulları aparılır. Qlaukomanın müalicəsinin əsasını görmə sinirinin geridönməz zədələnməsinin dayandırılması və görmə funksiyalarının azalmasının qarşısını almaq məqsədilə gözdaxili təzyiqin salınması və görmə sinirinin qidalandırılması təşkil edir. Qlaukomanın müalicəsinin 3 əsas növü var: konservativ, yəni medikamentoz, lazer və cərrahi müalicə. Qlaukomanın müalicəsi zamanı ilk olaraq gözdaxili təzyiqi salan damcılardan istifadə olunur. Əgər hipotenziv damcılar gözdaxili təzyiqi normallaşdıra bilmirsə, xəstəyə lazer müalicəsi aparılır. Gözdaxili təzyiq enmədiyi halda cərrahi müalicə həyata keçirilir. Mərkəzdə dəlib-keçməyən və dəlib-keçən antiqlaukomatoz əməliyyatlar, həmçinin antiqlaukomatoz drenajların implantasiyası icra olunur. Cərrahi müdaxilədən sonra görmə faizi artmır. Burada əsas məqsəd gözdaxili təzyiqin enməsinə və hazırki görməni saxlamağa nail olmaqdır. Xəstələr daimi nəzarət altında olmalı, damcıları vaxtlı-vaxtında tökməli, oftalmoloq əməliyyata göstəriş verərsə, çəkinməməlidirlər. Çünki göz təzyiqinin yüksəlməsi bir müddətdən sonra tam korluğa səbəb ola bilər. Lakin əməliyyatın fəsadları qaçılmazdır. Fəsadlar daha çox gözdaxili təzyiqi uzun müddət yüksək olanlarda baş verir.
F.Ağayeva diqqətə çatdırıb ki, həqiqi gözdaxili təzyiq 10-21 millimetr civə sütunu arasında dəyişir, Maklakov üsulu ilə tonometrik gözdaxili təzyiqi isə 18-26 millimetr civə sütunudur. Avropa Qlaukoma Cəmiyyətinin məsləhətinə görə, hər kəs 40 yaşdan sonra ildə bir dəfə gözdaxili təzyiqini ölçdürməlidir. Nəsildə kimdəsə qlaukoma xəstəliyi varsa, həmin insanlar 35 yaşdan sonra ildə ən azı bir dəfə gözdaxili təzyiqlərini yoxlatdırmalıdırlar.
banner

Oxşar Xəbərlər