AZE | RUS | ENG |


Azərbaycanda 200-ə yaxın kənd təsərrüfatı kooperativi ləğv olunub

Azərbaycanda 200-ə yaxın kənd təsərrüfatı kooperativi ləğv olunub
Kənd təsərrüfatı kooperativlərinin fəaliyyəti üçün ilkin hüquqi baza mövcud olsa da, aqrar sahədə kooperasiya zəif inkişaf edib.
 
"APA-Economics" xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı"nda qeyd edilib. Prezident İlham Əliyev bu gün adıçəkilən sənədin təsdiq edilməsi haqqında müvafiq sərəncam imzalayıb.
 
Sənəddə qeyd edilib ki, fermerlərin fərdiyyətçiliyə üstünlük verməsi, kooperasiya hərəkatı üçün istehsalçıların təşəbbüskarlıq göstərməməsi, iqtisadi mexanizmlərin birgə təsərrüfatçılıq formasını yetərincə stimullaşdırmaması və bu sahədə xüsusi pilot layihələrin həyata keçirilməməsi, torpaqların xırda hissələrə bölünərək pərakəndə yerləşməsi, kooperasiya barədə biliklərin azlığı və onun üstünlüklərinin geniş təbliğ olunmaması, aqrar informasiya sisteminin zəif qurulması kənd təsərrüfatı kooperativlərinin inkişafını ləngidib: "Kooperativlərin fəaliyyəti barədə göstəricilər də kooperasiya meyllərinin qənaətbəxş səviyyədə olmadığını göstərir. Rəsmi statistik məlumatlara görə, Azərbaycanda kooperativ əsaslarla yaradılmış kənd təsərrüfatı müəssisələrinin sayı 2000-ci ildə 250 olduğu halda, 2016-cı ildə 55-ə enib. Eyni zamanda, mövcud kənd təsərrüfatı kooperativlərinin müvafiq fəaliyyət göstəriciləri də (istehsal həcmi, satış dövriyyəsi, işçi sayı) potensial imkanlardan xeyli aşağıdır".
 
Dövlət Proqramında vurğulanıb ki, hazırda xırda təsərrüfatların üstünlük təşkil etməsi aqrar sahənin əsas problemlərindən biridir. Bu təsərrüfatların əksəriyyətində torpaq sahəsi 1,5-2 hektardan çox deyil. Fermerlərin sərəncamında torpaq sahəsi az olduqda onlar rentabelli işləyə bilmirlər, müasir kənd təsərrüfatı texnikası tətbiq etmək, səmərəli meliorasiya və irriqasiya sistemləri qurmaq, əlverişli şərtlərlə kredit əldə etmək imkanları məhdudlaşır, istehsalçılar məhsulun satışı və ixracında ciddi çətinliklərlə üzləşirlər.
 
"Təcrübə göstərir ki, xırda təsərrüfatlarda maliyyə imkanları məhdud olduğundan fermerlər istehsalı genişləndirə bilmirlər, növbəli əkin sisteminin tətbiqi mümkün olmur, torpaqlarda rekultivasiya və suvarma işlərinin aparılması çətinləşir. Buna görə də birgə təsərrüfatların yaradılması, o cümlədən kənd təsərrüfatı kooperasiyasının inkişaf etdirilməsi aqrar siyasətin aktual vəzifələrindən birinə çevrilir", - deyə sənəddə qeyd edilib.
 
Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarının əksəriyyəti xırda təsərrüfatlar formasında fəaliyyət göstərirlər. Belə ki, rəsmi statistik məlumatlara əsasən, 2005-ci ildə ölkədə ümumi kənd təsərrüfatı məhsulu istehsalının 96,3 faizi ailə kəndli, ev təsərrüfatları və fərdi sahibkarlar, 3,7 faizi isə nisbətən böyük torpaq sahələrinə malik kənd təsərrüfatı müəssisələri və digər təşkilatlar tərəfindən həyata keçirilirdisə, 2016-cı ildə bu göstəricilər müvafiq olaraq 92 faiz və 8 faiz olub. Eyni zamanda kənd təsərrüfatı müəssisələrinin və digər təşkilatların payı bitkiçilik məhsullarının istehsalında 1,4 faizdən 5,7 faizə, heyvandarlıq məhsullarının istehsalında isə 6,4 faizdən 9,9 faizə yüksəlib. Az da olsa müsbət dinamikanın yaranmasına baxmayaraq, kənd təsərrüfatı məhsulları istehsalının əsas hissəsi hələ də xırda təsərrüfatların payına düşür.



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6863
GBP 1 İngilis funt sterlinqi 2.2939
TRY 1 Türk lirəsi 0.4853
KWD 1 Küveyt dinarı 5.6435
SEK 1 İsveç kronu 0.2120
EUR 1 Avro 2.0209
CHF 1 İsveçrə frankı 1.7507
USD 1 ABŞ dolları 1.7007