AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanda 18 jurnalist COVİD-19-a yoluxub, bir nəfər isə həyatını itirib

Azərbaycanda 18 jurnalist COVİD-19-a yoluxub, bir nəfər isə həyatını itirib

Cəmiyyət
30 İyun 2020, 16:08 262
Jurnalistlər arasında COVID-19-a yoluxma və ölüm sayı 2 dəfə artıb.

Bu barədə Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli "Facebook" hesabında yazıb.

Onun sözlərinə görə, mayın 16-da 4 ay müddətində (fevral-may ) jurnalistlər arasında COVID-19-a yoluxan və həyatını itirənlər barədə bilgi verilib. O zaman dünyada pandemiya səbəbiylə həyatını itirən jurnalistlərin sayı 67 nəfər idi. Virusa yoluxub ağır durum keçirən jurnalistlərin sayı isə 300-ə yaxın idi:

"Qısa zaman kəsiyində - 1 ay ərzində durum kəskin dəyişib. Son bir ayın neqativ göstəriciləri əvvəlki 4 ayın nəticələrindən 2 dəfə çoxdur. Beynəlxalq təşkilatların hesabatlarına görə, iyun ayının sonlarına doğru dünyada COVID-19-a yoluxub həyatını itirən jurnalistlərin sayı 137 nəfərə çatıb. Ümumi yoluxanların sayı isə 1200 nəfərə yaxındır. Ölüm halları daha çox 31 ölkə üzrə qeydə alınıb. Yüksək rəqəmlər Latın Amerikası ölkələrində olub - 62 nəfər, Avropada 23 nəfər, Asiyada 17 nəfər, Şimali Amerika 13, Afrikada 12 jurnalist həyatını itirib. Siyahıda qabarıq görünən ölkələr: Peru (15 nəfər), Braziliya (13 nəfər), Meksika (13 nəfər), Ekvador (12 nəfər), ABŞ (12 nəfər), Rusiya (8 nəfər), Pakistan (8 nəfər), Böyük Britaniya (5 nəfər), Banqladeş (4 nəfər), Boliviya (3 nəfər), Kamerun (3 nəfər), Fransa (3 nəfər), İtaliya (3 nəfər), İspaniya (3 nəfər), Hindistandır (3 nəfər) və sairdir. Ötən ayın siyahısında dəyişən bir məqam da var: hesabatlarda artıq Azərbycanın da adı görünür. İlk 4 ay müddətində ölkəmizdə jurnalistlər sırasında COVİD-19-a yoluxan bircə nəfər belə yox idisə, bu gün durum pisləşib. İyunun sonuna olan bilgiyə görə, Azərbaycanda 18 jurnalist COVİD-19-a yoluxub, bir nəfər isə həyatını itirib".
 
Rufik İSMAYILOV