• cümə, 19 Aprel, 05:42
  • Baku Bakı 18°C

Azərbaycançılığın manifesti: Anamın kitabı

15.04.19 14:15 5978
Azərbaycançılığın manifesti: Anamın kitabı
"Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət açırıq. Budəfəki həmsöhbətimiz AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir İsa müəllimin sevdiyi əsər Cəlil Məmmədquluzadənin "Anamın kitabı” dramıdır

– Siz Cəlil Məmmədquluzadənin Azərbaycan ədəbiyyatı və ictimai fikrinin inkişafında yerini və rolunu nədə görürsünüz?
– Görkəmli Azərbaycan yazıçısı və böyük ictimai xadim Cəlil Məmmədquluzadə çoxəsrlik tarixi inkişaf yoluna malik olan milli ədəbiyyatımızı yeni mərhələ səviyyəsinə çatdırmışdır. Cəlil Məmmədquluzadə mənsub olduğu xalqın ümummilli oyanışına və istiqlalına xidmət edən böyük ədəbiyyat yaratmaq missiyasını şərəflə yerinə yetirmişdir. Heç tərəddüd etmədən demək olar ki, Cəlil Məmmədquluzadə Azərbaycan milli istiqlal ədəbiyyatının sərkərdəsidir.
Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatında tənqidi realizm ədəbi cərəyanının və "Molla Nəsrəddin” ədəbi məktəbinin banisidir.
Böyük demokrat ədibin bütün əsərləri milli oyanış və dirçəlişə, azərbaycançılıq ideyalarına və istiqlala həsr olunmuşdur. Ədib 1894-cü ildə yazdığı "Danabaş kəndinin əhvalatları” povesti ilə sadə, sıravi, "kiçik” insanı böyük ədəbiyyatın əsas qəhrəmanı səviyyəsinə qaldırmışdır. O vaxta qədər "kiçik adam” ədəbiyyatda epizodik obraz səviyyəsində təmsil olunmuşdur. Cəlil Məmmədquluzadə sadə adamların timsalında mənsub olduğu xalqın taleyini ədəbiyyata gətirmiş, onu axıradək müdafiə etmişdir. Yazıçı Məmmədhəsən əmi, Novruzəli, Usta Zeynal kimi insanların yanıqlı taleyini açıb göstərmiş, onların halına ürək ağrısı ilə yanaşmış, həmvətənlərinin hüquqlarını əlindən almış müstəmləkəçilik siyasətini tənqid etmişdir.
Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatında kiçik hekayənin böyük ustadıdır. Mirzə Cəlil tragikomediya janrının yaradıcısıdır. Yazıçının "Ölülər” və "Dəli yığıncağı” tragikomediyaları bu janrın dünya ədəbiyyatındakı ən yaxşı nümunələrindən biri sayılmağa layiqdir. Böyük ədib "Molla Nəsrəddin” jurnalında çap etdirdiyi məqalələrdə satirik publisistikanın əsasını qoymuşdur. Ən əsası, Cəlil Məmmədquluzadə ədəbiyyatda azərbaycançılıq idealının və milli istiqlal ideyasının ən qüdrətli carçısıdır. Xalqımızın müstəqil dövlətçiliyə hazırlanmasında Cəlil Məmmədquluzadənin misilsiz xidmətləri vardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinin qeyd edilməsi haqqındakı 17 yanvar 2019-cu il tarixli Sərəncamı böyük sənətkarın Azərbaycan ədəbiyyatı və xalqımız qarşısındakı xidmətlərinə dövlət səviyyəsində göstərilən böyük ehtiramın əməli ifadəsidir.
– Hansı məziyyətlərinə görə "Anamın kitabı” sizin üçün fərqli əsərdir?
– Azərbaycan ədəbiyyatında XVIII əsrdən etibarən ölkə həyatının realist mövqedən təqdim edilməsinə başlanılmışdır. Mirzə Fətəli Axundzadə XIX əsrdə Azərbaycan gerçəkliyinin bir sıra ciddi problemlərini ədəbiyyata gətirmişdir. Bunlar ədəbiyyatda böyük dönüşün ifadəsi idi. Lakin Cəlil Məmmədquluzadənin "Anamın kitabı” tragikomediyasında ilk dəfə olaraq bir ailənin timsalında Azərbaycan cəmiyyətinin mövcud vəziyyəti bütün reallıqları ilə göstərilmiş və xalqımızın gələcək taleyi ilə əlaqədar çıxış yolları öz əksini tapmışdır. Nə Cəlil Məmmədquluzadədən əvvəl və nə də ondan sonra Azərbaycan xalqının milli taleyi "Anamın kitabı”ndakı qədər öz əksini tapa bilməmişdir. Bu əsər bütün dövrlər üçün aktual ola biləcək Azərbaycannamədir.
"Anamın kitabı” Cəlil Məmmədquluzadənin yaradıcılığında geniş yer tutan azərbaycançılıq və istiqlaliyyət ideyalarının möhtəşəm yekunudur. Fikrimcə, "Anamın kitabı” dramı Azərbaycan ədəbiyyatında azərbaycançılıq məfkurəsi və milli istiqlal idealına həsr olunmuş ən mükəmməl bədii əsərdir. "Anamın kitabı” Azərbaycan milli istiqlal ədəbiyyatının şedevridir. "Anamın kitabı” azərbaycançılıq ideallarının və milli istiqlal ədəbiyyatının manifestidir.
– Sizcə, bu əsərin 1919-cu ildə yazılması hansı tarixi amillərlə bağlı idi?
– XX əsrin əvvəlləri çoxəsrlik Azərbaycan tarixində ictimai-siyasi baxımdan, milli-mənəvi oyanış cəhətdən xüsusi mərhələdir. Bu tarixi epoxa Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov və Nəriman Nərimanov, Hüseyn Cavid və Əlibəy Hüseynzadə kimi böyük dühaları meydana çıxarmışdır. Bizə görə, 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin meydana çıxmasında Azərbaycan ədəbiyyatının və ictimai fikrinin müstəsna dərəcədə böyük rolu olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan ədəbiyyatının milli istiqlal ideallarının həyatdakı real təzahürüdür. Ona görə də, XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatının yaradıcıları Xalq Cümhuriyyətinin yaradılmasına böyük tarixi hadisə kimi, ürəkdən yanaşmışlar. O cümlədən, Cəlil Məmmədquluzadə də Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasını rəğbətlə qarşılamışdır. Cəlil Məmmədquluzadə Azərbaycan Xalq Cümhuriyyətinin işində iştirak etməyə cəlb olunmamışdır. O, Qarabağla bağlı Hindarx layihəsi haqqında "Azərbaycan” qəzetinə yazmaqla Cümhuriyyətin işində iştirak etməyə cəhd göstərmişdir. Cümhuriyyət qurucuları da Cəlil Məmmədquluzadənin əsərləri, "Molla Nəsrəddin” jurnalının fəaliyyəti ilə yaxından tanış idilər. Baş vermiş mürəkkəb hadisələr onların Cəlil Məmmədquluzadəyə diqqət yetirmələrinə maneçilik törətmişdir. Buna bir qədər zaman lazım idi.
Ümumiyyətlə, Cəlil Məmmədquluzadə siyasi baxışlarına görə azərbaycançı və cümhuriyyətçi idi. Onun məşhur "Azərbaycan” məqaləsi azərbaycançılığın, "Cümhuriyyət” məqaləsi isə cümhuriyyət tipli milli dövlət quruluşunun nizamnaməsidir. Azərbaycan Xalq Cümhuriyyətində təmsil olunmasa da, o, müstəqil respublikanın fəaliyyətini dəstəkləmişdir. Hesab edirəm ki, Cəlil Məmmədquluzadənin Azərbaycan Xalq Cümhuriyyətini qəbul etməməsi haqqındakı fikirlər sovet dövrünün diktə etdiyi ideoloji tələblərdən doğmuşdur. Ümumiyyətlə, 1919-cu ildə, aradan çox az bir vaxt keçməmiş Azərbaycan Xalq Cümhuriyyətinin dövlət olaraq itirilmək təhlükəsinin hiss olunması Cəlil Məmmədquluzadəni narahat etmişdir. Cəlil Məmmədquluzadə "Anamın kitabı” dramını yazmaqla Azərbaycan xalqına ölkədəki mürəkkəb ictimai-siyasi şəraiti və mənasız qütbləşmənin vəziyyətini çatdırmaq istəmiş, bütün çətinliklərə baxmayaraq, müstəqil dövlətçiliyi qorumağın zəruriliyini diktə etmişdir.
– Əsərdə Gülbahar sandıqdan anasından qalma bir kitab çıxarıb oxuyur. Sizcə, bu kitab simvolunun arxasında Cəlil Məmmədquluzadə nəyi nəzərdə tuturdu?
– "Anamın kitabı”nda Gülbahar obrazı yeni Azərbaycanın simasıdır. Gülbaharın açıb oxuduğu kitab rəmzi mənada Azərbaycanın birlik və istiqlaliyyət kitabıdır. Ümumiyyətlə, "Anamın kitabı” – Azərbaycan istiqlaliyyətinin şah əsəridir. Cəlil Məmmədquluzadə bu əsərində bütün gücü ilə Azərbaycanın ideallarının qorunub saxlanılmasına və yaşadılmasına, davam etdirilməsinə çağırış edir. "Anamın kitabı”ndakı Gülbaharın monoloqu Azərbaycanın müstəqillik uvertürası kimi səslənir: "Yer, göy, aylar və ulduzlar göylərdə seyr edib gəzə-gəzə genə əvvəl axır Günün başına dolanırlar. Çünki bunlar hamısı qədim əzəldə Gündən qopub ayrılmış parçalardır.
Mən etiqad edirəm ki, mənim də balalarım dünyada hər yanı dolansalar, genə əvvəl-axır anaları Zəhranın ətrafında gərək dolanalar. Çünki ay və ulduz Şəmsin parçaları olan kimi, bunlar da analarının ayı və ulduzlarıdır. Vay o kəsin halına ki, təbiətin həmin qanununu pozmaq istəyə. Onun insafı və vicdanı ona müdamül-həyat əziyyət edəcək. Nə qədər canında nəfəs var, peşman olacaq”.
"Anamın kitabı” əsərindəki Zəhra Ana obrazı – Vətənin, Gülbahar – milli istiqlalın rəmzidir. Ananın kitabı isə Azərbaycanın tale kitabıdır.
Əsərdəki digər məsləkayrı qardaşların taleyini də Cəlil Məmmədquluzadə onların yazıb-oxuduqları kitablarla üzvi əlaqədə açıb göstərmişdir. Rüstəm bəy – rus lüğətinə, Mirzə Məmmədəli – Xüsuf-Küsuf dualarına, Səməd Vahid Osmanlı elmi-qafiyə, vəzmi-şeir kitablarına etiqad etdikləri üçün fərqli baxışlara malikdirlər. Əsərdə hər kitab bir əqidənin, bir ölkənin mahiyyətini ifadə edir. Cəlil Məmmədquluzadə fərqli məsləklərə malik olan üç qardaşın simasında Azərbaycanı əhatə edən daxili və xarici güclərin yad niyyətlərin, özgə ölkələrin əsiri olmağın miskin simasını mənalandırmışdır.
– Cəlil Məmmədquluzadənin əsərlərinin sosial-siyasi yönü ilə yanaşı, fəlsəfi alt qatı da olur. Sizcə, "Anamın kitabı” pyesinin fəlsəfi əsasında hansı ideya dayanır?
– Cəlil Məmmədquluzadənin əsərlərində XX əsrin əvvəllərinin ictimai-siyasi çağırışları ilə səsləşən ümummilli ideyalar və müasirləşmə meyilləri ifadə olunmuşdur. Cəlil Məmmədquluzadənin bədii əsərlərinin baş qəhrəmanı Azərbaycandır. Onun yaradıcılıq fəlsəfəsinin əsas hərəkətverici qüvvəsi azərbaycançılıqdır.
"Anamın kitabı” adlanan əsərdə yazıçının sosial-siyasi mövqeyi kimi, müəllifin alt qatda olan fikirləri də kitab səhifələri kimi açıqdır. Cəlil Məmmədquluzadənin "Anamın kitabı” əsəri böyük tərbiyəvi əhəmiyyətə malik olan milli-mənəvi özünüdərk, vətənçilik, birlik və müstəqillik dərsliyidir. "Anamın kitabı” – Azərbaycanın təkcə XX əsrin əvvəllərindəki deyil, həm də həmin yüzilliyin sonlarındakı tale kitabıdır. Əsər çox güclü müasirlik imkanlarına malikdir. Vətən, millət, ölkə təhlükə qarşısında olanda əsil vətəndaş yazıçının örtülü eyhamlarla danışmağa mənəvi haqqı yoxdur. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti çox çətin dövrünü yaşayırdı. Xüsusən, bolşevik-daşnak birləşmələrinin törətdiyi 1918-ci ilin mart qırğınlarından sonra ölkədə dərin bir daxili gərginlik var idi. Cəlil Məmmədquluzadə "Anamın kitabı”nı yazmaqla açıq-aşkar ölkədə birlik və sabitliyi qorumağa, nəticə etibarilə mövcud dövləti möhkəmləndirməyə çağırış etmişdir.
Fikrimcə, "Anamın kitabı” – milli ədəbiyyatımızın ən mükəmməl azərbaycannaməsidir. Cəlil Məmmədquluzadə bu əsərlə həm də Azərbaycan ədəbiyyatında azərbaycançılıq ideyasının əsas yaradıcılarından olduğunu isbat etmişdir. Bütün bunlar görə, "Anamın kitabı” dramı Azərbaycan ədəbiyyatının ən möhtəşəm azərbaycançılıq abidəsidir. Bu əsər Azərbaycan ədəbiyyatının sonrakı inkişafına çox təsir göstərmiş, bədii düşüncədə və ictimai fikirdə azərbaycançılığın genişlənməsində mühüm rol oynamışdır. "Anamın kitabı”ndan Azərbaycan ədəbiyyatına gur işıq düşmüşdür.
– Bu fikirlə razısınızmı ki, müəllifin digər əsərləri ilə müqayisədə "Anamın kitabı”ndakı obrazlar canlı insanlar olmaqdan daha çox, müəyyən bir ideyanın təcəssümüdürlər və bu cəhətdən əsərə bir sxematizm gətirir?
– Cəlil Məmmədquluzadə ideyalı yazıçıdır. "Anamın kitabı”ndakı obrazlar da konkret ideyanın daşıyıcılarıdırlar. Lakin yazıçı əsərdəki məsləkayrı qardaşları ideoloq kimi yox, siyasi və mənəvi cəhətdən çökmüş bir ideyanın əsirinə çevrilmiş canlı insanlar kimi təsvir etmişdir. Bu əsərlə Cəlil Məmmədquluzadə özgə ideyalara, yad məmləkətlərə xidmət edən adamların faciəsini təsvir etmişdir. Seçilmiş həyat materialının canlı, təbii vasitələrlə təqdim edilməsi əsərə sxematizm gətirməsinə imkan verməmişdir. Yazıçı hər qardaşı təkcə öz qiyafəsində yox, həm də özünəməxsus həyat tərzində təqdim etmişdir. Hər birinin ayrı yad kitaba sitayiş etməsi onların bənzərliyi yox, fərqidir. Gülbahar obrazı da həyəcanları və davranışı ilə təbii alınmışdır.
Əsərdə həyatilik, təbiilik, süjetin dinamik inkişafı sxematizmə yer qoymamışdır. Vətəndaş yazıçının çağırışları əsərin məntiqindən doğan və yekun monoloqda ifadə olunan mətləblər vasitəsilə ifadə edilmişdir.
– Cəlil Məmmədquluzadənin yaradıcılığı ilk əsərlərindən etibarən xalq ədəbiyyatı ilə qırılmaz tellərlə bağlıdır. Sizə görə, "Anamın kitabı” pyesində ədib özünün xalq yaradıcılığı ilə əlaqə mənasında ənənəsinə sadiqdirmi?
– "Cəlil Məmmədquluzadə və xalq ədəbiyyatı” məsələsi geniş həcmə malik ciddi bir elmi-tədqiqat işinin mövzusudur. Canlı xalq danışıq dili və xalq ədəbiyyatı, folklordan yaradıcı istifadə Cəlil Məmmədquluzadənin yaradıcılığının əsas dayaqlarıdır. Cəlil Məmmədquluzadənin yaradıcılığı milli ruhu, sadəliyi və təbiiliyi ilə yazılı ədəbiyyatın folkloru təəssüratı yaradır. "Molla Nəsrəddin” jurnalının adı və materialları da xalq müdrikliyinin, folklordakı lətifə janrının yazılı ədəbiyyatdakı və mətbuatdakı əks-sədasıdır.
"Anamın kitabı”ndakı Çoban obrazları ilə əlaqədar hadisələr Cəlil Məmmədquluzadənin xalq həyatı, milli folklor mühiti ilə dərin bağlılığının təzahürüdür. Əsərdə çobanların dilindən verilmiş "Biz çobanıq, dağdı-daşdı yerimiz” misrası ilə başlayan şeir parçaları Cəlil Məmmədquluzadənin müasiri Abdulla Şaiqin xalq ədəbiyyatı motivləri əsasında qələmə aldığı poetik örnəkləri diqqət mərkəzinə çəkməsi deməkdir:

Biz çobanıq, dağdı-daşdı yerimiz,
Yoldaşımız qoyun-quzu sürümüz,
Dərs almayıb, haqdı ki, heç birimiz,
Amma zövqü səfalıdı çobanlar,
Qardaşlıqda vəfalıdı çobanlar.


Bu şeirdəki "qardaşlıqda vəfalı” ifadəsi "Anamın kitabı”ndakı nəinki xalqına, hətta bir-birinə yad olan qardaşlardan fərqli olaraq, cəmiyyətdəki və ailədəki birliyi önə çəkməyə xidmət edir. "Anamın kitabı” məsləkayrı qardaşlarla "qardaşlıqda vəfalı” olan qardaşlığın dayaqları üzərində ucaldılmış birlik abidəsi təəssüratı doğurur. "Qardaşlıqda vəfalı” olmaq "Anamın kitabı”nın ideya əsasıdır. Ümumiyyətlə, Cəlil Məmmədquluzadə xalq ədəbiyyatından yaradıcı istifadə ənənəsinə həmişə sadiq qalmışdır. Yazıçı "qardaşlıqda vəfalı” olmağı milli birliyin əsas şərti kimi irəli sürmüşdür. Qardaşların yad baxışları "qardaşlıqda vəfalı” olmamağın faciəsi, çobanların arasındakı dərin mənəvi bağlılıq isə əsil birliyin təsdiqidir.
– Ədibin əvvəlki pyesləri – "Ölülər”, "Dəli yığıncağı” ilə müqayisədə "Anamın kitabı”nda komizm bir qədər zəifləyir. Bunun səbəbini nədə görürsünüz? Sizcə, yazıçı özünün sevimli komediya janrından nə üçün imtina edib? "Anamın kitabı”nın janr özünəməxsusluğu nə ilə əlaqədardır?
– Nəzərə almaq lazımdır ki, Mirzə Fətəli Axundzadənin komediyaları drama, Cəlil Məmmədquluzadənin komediyaları isə faciəyə yaxındır. Təkcə Cəlil Məmmədquluzadənin deyil, geniş mənada Azərbaycan və dünya ədəbiyyatının qiymətli nümunələrindən biri olan məşhur "Ölülər” əsəri janr baxımından ibrətamiz bir tragikomediyadır. "Ölülər” – kütlənin faciəsi, Şeyx Nəsrullahın komediyası, Kefli İsgəndərin dramıdır. "Dəli yığıncağı” da tragikomediya janrında yazılmış orijinal dram əsəridir. Bu, tarixi mövzu əsasında yazılsa da, mövcud cəmiyyətin faciəsini açıb göstərən ibrətamiz bir tragikomediyadır.
Ümumiyyətlə, Cəlil Məmmədquluzadənin sırf komediya janrında yazılmış dram əsəri yoxdur. Hətta cəmi bir səhifədən ibarət olan və heç bir sözü olmayan "Lal” pontomim pyesində də tragik və komik məqamlar vardır. Onun pyeslərini komediya adlandırmaq yanlışdır. Cəlil Məmmədquluzadənin dramaturgiyası ilə XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatında tragikomediya mərhələsi yaradılmışdır. Bu mənada "Anamın kitabı” əsəri cəmiyyətdə komediya ilə faciənin üz-üzə dayanmasının, birinin digərini tamamlamasının mükəmməl təzahürüdür. "Anamın kitabı” – əsərdəki üç qardaşın komediyası, Ananın faciəsi, Gülbaharın dramıdır.
– "Anamın kitabı” pyesi özündən sonrakı Azərbaycan ədəbiyyatına ciddi təsir göstərən əsərlərdən biridir. Səməd Vurğunun "Vaqif” dramındakı "Bir yandan Türkiyə, bir yandan İran, Ordan da Rusiya göndərir fərman” misralarında Cəlil Məmmədquluzadə ilə həmrəylik görürsünüzmü?
– Cəlil Məmmədquluzadənin "Anamın kitabı” tragikomediyası sonrakı dövrlərdə Azərbaycanın istiqlalı, azərbaycançılıq ideyaları, milli-mənəvi birlik ruhunda yazılmış əsərlərin meydana çıxmasına gur işıq salmışdır. Səməd Vurğunun "Vaqif” pyesindən misal gətirdiyiniz şeir parçasında da xalq şairinin ölkəmizə münasibətdə məntiqi mənada "Anamın kitabı”nın müəllifi ilə həmrəyliyi ifadə olunmuşdur. Bütövlükdə isə sovet rejimi zamanı yazıçı və şairlərin Vətən və istiqlalçılıq mövzusunda "Anamın kitabı”nda olduğu kimi açıq və sərt əsərlər yazmaları mümkün deyildi. Ona görə də Səməd Vurğunun yaradıcılığında Azərbaycanın tərənnümünə, vəsf edilməsinə üstünlük verilmişdir. Lakin Səməd Vurğunun təqdim etdiyi dərin vətənpərvərlik ruhu mahiyyət etibarilə "Anamın kitabı”ndan çıxarılan nəticə ilə onu təkrar etmədən səsləşir.
XX əsrin əllinci illərindən sonra cəmiyyətin siyasi mühitində yaranan yumşaq iqlim ədəbiyyatda "Anamın kitabı” motivlərinin yenidən qüvvətləndirilməsinə şərait yaratmışdır. Bəxtiyar Vahabzadənin "İstiqlal” və "Gülüstan” poemaları, ana dilinin qorunmasına həsr edilmiş şeirləri yeni dövrün "Anamın kitabı” hesab oluna bilər. Məmməd Arazın "Atamın kitabı” poeması da "Anamın kitabı”nın notları üstündə kökləmiş yeni məzmunlu əsərdir.
– Xalq yazıçısı Anar "Ağ qoç, qara qoç” əsərində Bakını üç yerə bölünmüş şəhər kimi təsvir edir: Bolşevizm, islam həyat tərzi və Amerika yolu. Anarın Azərbaycanı ideoloji cəhətdən əsarətdə saxlamağa çalışan üç tərəfdən biri kimi Türkiyəni Amerika ilə əvəz etməsi nədən irəli gəlir?
– Ümumiyyətlə, xalq yazıçısı Anar dünyabaxışı etibarilə böyük azərbaycançıdır. Anarın yaradıcılığı Cəlil Məmmədquluzadənin azərbaycançılıq ideallarının yeni tarixi şəraitdəki yaradıcı davamıdır. Anar müasir dövrün Molla Nəsrəddinidir. O, Cəlil Məmmədquluzadəni qətiyyən təkrar etmədən ölkənin və xalqın taleyinə münasibətdə fərqli üsullarla Cəlil Məmmədquluzadə ilə həmrəylik nümayiş etdirir. Daha doğrusu, Cəlil Məmmədquluzadənin gəlib çatdığı nöqtədən Anarın yaradıcılığı başlayır. "Ağ qoç, qar qoç” əsərində Azərbaycanın XX əsrin əvvəllərindəki yox, XXI əsrin başlanğıcındakı taleyindən bəhs olunur.
"Anamın kitabı” əsərindəki Səməd Vahid obrazı isə Cəlil Məmmədquluzadənin Türkiyə dövlətinə münasibətini ifadə etmir. XX əsrin əvvəllərində Azərbaycan üçün Türkiyə tərəfdən xüsusi bir təhlükə yox idi. Cəlil Məmmədquluzadə Səməd Vahid obrazı ilə Türkiyə üçün də başağrısı olan, şeirbazlıq, elmi-qafiyə kimi mənasız işlərlə məşğul olub, ölkəsinin və xalqının siyasi taleyindən uzaqda dayanan, milli təəssübkeşliyini itirmiş yarımçıq ziyalılara tənqidi münasibətini bildirmişdir.
– Əsərdəki Zəhra ananın həyat yoldaşı yoxdur, övladları isə Ananın təəssübünü çəkəcək halda deyildirlər. Doğrudanmı Cəlil Məmmədquluzadəyə elə gəlirdi ki, o dövrdə ana vətəni xilas edəcək bir kişi yox idi?
– Fikrimcə, "Anamın kitabı”ndakı Gülbahar obrazına yalnız Azərbaycan qadınlarının nümayəndəsi kimi baxmaq tamamilə yanlışdır. Gülbahar – qadınların və ya kişilərin yox, Azərbaycan xalqının yeni nəslinin ümumiləşmiş obrazıdır.
Cəlil Məmmədquluzadə 1930-cu ildə yazdığı "Ər” pyesində "Gülbahar işi”ni dərinləşdirmiş və inkişaf etdirmişdir. Böyük yazıçı bu fikirdə idi ki, xalqı "Dəli yığıncağı” əsərindəki yad məmləkətlərdən gəlmiş Lal Byuz kimi həkimlər deyil, ölkənin öz içərisindən çıxmış ərlər xilas edəcək. Cəlil Məmmədquluzadə "Ər seçimi” adı altında özünün ölkəsində rəhbərlik edə biləcək, xalqın seçdiyi lider axtarışlarını ifadə etmişdir. Demokrat yazıçı bu qərara gəlmişdi ki, "evlənmək təklifi – rəhbər seçmək haqqı – azad əsrin, azad iqrarın azad rəftara münasibətinin adi şəkli” olmalıdır. Ər – xalqın içərisində yetişmiş, onu başa düşən və irəli aparan bir şəxs olmalıdır. Əsərdə deyildiyi kimi, bu şəxs Türküstan şahzadəsi və ya özgə məmləkətin nümayəndəsi Lal Byuz yox, heç Qalxan bəy olmasın, qoy rəiyyət olsun, ...kəndli olsun, ancaq Ər olsun.
Ölkəsində Sergey Kirovun, Mirzoyanların hakimiyyətdə olub, xalqa zülm etdiyi bir dövrdə Cəlil Məmmədquluzadənin xalqa rəhbərlik edə biləcək və onun öz içindən çıxmış Ər – lider axtarışı ideyasını gündəmə gətirməsi böyük vətəndaşlıq cəsarəti tələb edən məsələ idi. Fikrimizcə, Cəlil Məmmədquluzadənin uğrunda mübarizə apardığı azərbaycançılıq və istiqlalçılıq işini XX əsrin yetmişinci illərindən Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyev həyata keçirmişdir. Məhz Heydər Əliyev – xalqın içərisində yetişib formalaşmış, ümummilli ideallar məqamına yüksəlmiş Cəlil Məmmədquluzadənin arzu etdiyi bütün ali dəyərlərə malik Ər idi.
– Cəlil Məmmədquluzadə "Anamın kitabı”nın əvvəlində iştirakçılar haqqında məlumat verərkən üç qardaşdan əlavə Aslan bəy, Mirzə Baxşəli və Hüseyn Şahidi təqdim edərkən onların da qardaşlara bənzədiyini qeyd edir. Sizə görə bunlar zahiri oxşarlıqlardır, yoxsa seçilmiş yol?
– Təkcə "Anamın kitabı”nın əvvəlində yox, pyesin müxtəlif yerlərində də Cəlil Məmmədquluzadə xalqının başına gətirilən fəlakətlərin, meydana çıxan təhlükənin vahid bir məqsədi – Azərbaycanın istiqlalını hədəfə aldığını göstərmişdir. Azərbaycanın milli istiqlalına qarşı olmaq baxımından müxtəlif qüvvələrin birləşmək meylinin hər zaman mümkün ola biləcəyi "Anamın kitabı”nın diktə etdiyi obyektiv reallıqdır. Əsərdəki digər obrazlardan hərəsinin bir qardaşa bənzədiyini göstərməklə yazıçı onlardan hər birinin cəmiyyətdə fərdi yox, müəyyən bir qütbü təmsil etdiyini göstərmişdir. Qütbləşmə isə Azərbaycan idealının qarşısındakı ən böyük maneə idi. Cəlil Məmmədquluzadə Azərbaycanın birliyi və istiqlalına çatmaq üçün həmin qütbləri aşmaq zərurətini diqqət mərkəzinə çəkmişdir. Deməli, fərdlər arasındakı oxşarlıqlar zahiri bənzərliyin yox, qrup mənafelərinin ifadəsidir.
– "Anamın kitabı”nda Çar Rusiyasının və ya bolşeviklərin Azərbaycana qarşı müstəmləkəçilik siyasəti hansı məqamlarda ifadə olunub?
– Fikrimcə, "Anamın kitabı” başdan-başa xalqın əsarət altında saxlanılmasına, müstəmləkəçilik siyasətinə qarşı yazılmış ciddi, kəskin və əhəmiyyətli bir əsərdir. Cəlil Məmmədquluzadə ümumiyyətlə bütün yaradıcılığı boyu və "Anamın kitabı”nda Azərbaycanı əhatə edən dövlətlərin ölkəmizə və xalqımıza qarşı yaratdıqları və ya törədə biləcəyi gərginlikləri diqqət mərkəzinə çəkmişdir. Lakin əsərin üçüncü məclisində məsləkayrı qardaşların fəaliyyətindən şübhələnərək onların evində təftiş aparmaq üçün polis işçiləri ilə gəlmiş Senzor Mirzə Cəfərin aşağıdakı sözlərində Rusiya dövlətinin Azərbaycana müstəmləkəçi münasibəti öz əksini tapmışdır: "Xub, sizdən gərək pünhan olmaya kimi, sizin bir para bədxahlarınız hökümət nəzərində sizi belə qələmə veriblər ki, siz üç qardaş söz bir və həmfikir olmuşsunuz ki, əvvəla, Rusiya islamlarını Türkiyə dövlətinə tərəf çəkib, ittihadi-müslümlər cəmiyyətində iştirak edəsiniz. Saniyən, axır zamanlarda Azərbaycanda əmələ gələn "Hübbi-Vətən” və "Ədəmi-mərkəziyyət” fiqəsinin amalı yolunda çalışmaqdasınız ki, bir tərəfdən Qafqaz Azərbaycanını, digər tərəfdən isə İran Azərbaycanını – ki, ...bu vilayətləri bir-birinə ilhaq edib, müstəqil Azərbaycan hökuməti əmələ gətirəsiniz. Vəsilən bu fikirdən də uzaq deyilsiniz ki, müsavat və hürriyyət əsaslarını kəndli və əhli-kəsəbə içində müntəşir edirsiniz ki, min il yuxuda olan camaat hökumətin əsarət zəncirini qırıb, özləri üçün nicat yolu tapsınlar və həmin niyyətlərinizi əmələ gətirmək yolunda lazımi mətbuat cəm eləyib, qələm ilə çalışmaqdasınız.”
Bu sözlər Cəlil Məmmədquluzadənin doğma xalqının və məmləkətinin gələcəyi haqqındakı arzularının ifadəsidir. Göründüyü kimi, Cəlil Məmmədquluzadə müstəqil Azərbaycan dövlətinin tam tərəfdarı və böyük ideoloqu olmuşdur. Yuxarıda ifadə olunan mətləblər Cəlil Məmmədquluzadənin Azərbaycanda yaradılmış müstəqil dövlətə – Xalq Cümhuriyyətinə və hakimiyyətdə olan siyasi partiyalara anlaşıqlı münasibətini və hətta rəğbət bəslədiyini nümayiş etdirir. 1919-cu ildə yazılmış "Anamın kitabı” pyesindəki bu səhnə ilə Cəlil Məmmədquluzadə Azərbaycan Xalq Cümhuriyyəti üçün Rusiya-bolşevik təhlükəsinin mövcudluğu barədə xəbərdarlığını nəzərə çatdırmışdır. Bu, bəzi tədqiqatçıların və media nümayəndələrinin Cəlil Məmmədquluzadə ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında ziddiyyətlərin mövcud olması, yaxud da yazıçının bu dövləti bəyənmədiyi haqqındakı mülahizələrin yanlış olduğunu bir daha təsdiq edir. Cümhuriyyətin əsas ideoloqu Məmməd Əmin Rəsulzadənin əsərlərində Cəlil Məmmədquluzadənin yaradıcılığına və "Molla Nəsrəddin” jurnalının fəaliyyətinə verilmiş yüksək qiymət də ədibin Azərbaycan Xalq Cümhuriyyəti ilə qarşılıqlı münasibətlərinə aydınlıq gətirir. Nəzərə almaq lazımdır ki, hələ 1905-ci ildə Məmməd Əmin Rəsulzadə Cəlil Məmmədquluzadənin "Bakinskiy raboçiy listok” qəzetində rus dilində çap olunmuş "Binəsiblər” və "Xeyir-dua” məqalələrini Azərbaycan dilinə tərcümə etmişdir.

Söhbətləşdi: Fərid Hüseyn


banner

Oxşar Xəbərlər