• çərşənbə axşamı, 23 aprel, 15:15
  • Baku Bakı 24°C

Azərbaycanca oxuyanda zövq alan türkiyəli alim

05.07.18 15:53 3376
Azərbaycanca oxuyanda zövq alan türkiyəli alim
"Azərbaycanca oxuyanda zövq alıram. İnsanların bu dildə əlaqələrindən danışsaq, bir səmimiyyət hiss olunur. Danışarkən sözlər çox içdən gəlir. Nəzakət, kübarlıq var, Azərbaycan dilində. Dilin estetik gözəlliyi, bədiiliyi var. Şeir dilidir, kəlmələri duyğu yüklüdür. Azərbaycan şairlərin, rəssamların, sənətçilərin bol olduğu ölkədir. Yəqin ki, bir az da bununla əlaqəlidir. Çox azərbaycanlı tanıdım, hamısında sənətlə bağlılıq gördüm” – bu sözləri bizimlə söhbətində ölkəmizdə ilk dəfə qonaq olan TürkiyəninBiruni Universitetinin təhsil fakültəsinin dekanı Prof.Dr. Adnan Ömerustaoğludedi.

Deyir ki, insanın, ölkənin dili çox şey anlatmaq qabiliyyətinə malikdir: "Bir insanla danışanda, onu, istifadə etdiyi dildən anlayarsan. Hansı anlayışlar onun dünyasında önə çıxır? Məsələn, maddi şeylərə qiymət verən bir insanın dilində pulla, malla, ticarətlə əlaqəli kəlmələr çox olur. Dünyası estetik tərəfdən zəngin olan insanın cümlələrində isə sənət, bədii anlayışlar daha çox yer alır. Mühafizəkar, dindar insanlara baxsanız, o tipli anlayışları çox istifadə etdiyini görəcəksiniz. Ona görə, "dilimizin sərhədi dünyamızın sərhədidir” deyilir. Dilimiz bizim sahib olduğumuz mədəniyyət quruluşunu, nə olduğumuzu anladır. Biz dillə bir hadisəni, insanı anladırıq, amma bu zaman həm də özümüzü ifadə etmiş oluruq”.

- Bakıya ilk dəfə gəlsəniz də, hələ müsahibədən kənar söhbətlərdə ölkəmiz haqqında kifayət qədər məlumatlı olduğunuz görünür.
- Bəlkə də, yaxşı müşahidə aparmışam. Təbii ki Azərbaycan haqqında məlumatım var idi, amma kitabda oxumaqla, küçələrində dolaşmaq insana bir ölkə ilə əlaqəli fərqli şeylər öyrədir. Bəzən kitabda oxuduqların o qədər də cəlbedici olmur, amma küçələrində gəzib, insanlarla danışanda daha fərqli gözəlliklər ortaya çıxa bilir. İnsanlar, küçələr sənə bir dünya anladar, ölkənin özəlliyini təqdim edər. Bəzən isə kitabda elə gözəl şeylər oxuyarsan ki, getdiyin yerdə onları tapa bilməzsən. Ya siz çox keçmişə aid məlumat oxuyubsunuz, ya da çox özəl bir şeylər yaşayan insanın xatirələrini. Bir şəhəri, ölkəni canlı gördüyünüzdə, insanlarla söhbət etdiyinizdə, daha təcrübi biliklər əldə edirsiniz. Azərbaycana çox sıx rejimli bir səfərimiz oldu, müəyyən qədər insanlarla ünsiyyət qurduq. Bütün bunlarla Azərbaycana haqqındakı düşüncəmizi, məlumatımızı yenidən inşa etdik.


- Maraqlıdır, Bakının küçələrində gəzəndə, insanları ilə ünsiyyətdə olanda nələri gördünüz?
- Azərbaycan çox sürətli dəyişiklik və inkişaf içərisindədir. Şəhərdəki memar fəaliyyəti diqqət çəkir. Yeni memarlıq işləri şəhəri bu baxımdan zənginləşdirib. Məkan çox önəmlidir, çünki məkan anlamı insana təsir edən özəlliyə sahibdir. Yeni məkanların yaradılması, dizayn edilməsi böyük yenilikdir. Mədəni inkişaf tərəfdən bunun ciddi qatqısı var. Görünür ki, keçmiş memarlıq tərzləri də qorunub saxlanılır, sadəcə, buna indi daha yeni formalar qatılır.

Bakının küçələri çox təmizdir. Bu da diqqətimi çəkdi. Bir də Dənizkənarı Bulvarın uzunluğunun bu qədər çox olması mənə xoş təsir bağışladı. İstanbulda, Boğaziçində olduğu kimi, sahil villalarla bağlanmayıb. Bəlkə 2-3 milyon adam axşam sahilə enib gəzə bilər. Bəzi universitetlərə, məktəblərə getdik. Bağçalarında mütləq ağac var. Ağac da mədəniyyət deməkdir. Onu qorumaq da önəmlidir. Tədrislə bağlı elə çox fikir söyləyə bilmərəm, çünki bunu müşahidə etməyə çox vaxt olmadı. Bəzi universitetlərdə görüşlər keçirdik, iş birliyi qurmağı düşünürük.

- Gəlişinizin əsas səbəbi nə idi?
- Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz İslam Ordusunun 100 illik yubileylərinə həsr edilmiş "Türkdilli ölkələrdə təhsil və sosial elmlər” beynəlxalq simpoziumunda iştirak etmək üçün gəldim. Fürsət oldu, rejimim nə qədər sıx olsa da, bu fürsəti dəyərləndirib gəldim. Çünki Bakını görməkdə gecikmişdim.

- Dediniz ki, universitetlərlə iş birliyi düşünürsünüz. Burda konkret nələr nəzərdə tutulur?
- Biruni Universiteti İstanbulun mərkəzində yerləşir. Tibb üstünlük təşkil etsə də, bizdə başqa fakültələr də tədris olunur. Bu istiqamətlərdə iş birliyi qurmaqla bağlı universitetlərin rəsmi şəxsləri ilə görüşlər apardıq. Bizim dünyanın bir çox ölkələrindəki universitetlərlə əlaqələrimiz, iş birliyimiz var. Azərbaycan bizim üçün özəldir, coğrafiya, dil yaxınlığı var. Bəlkə tələbə mübadiləsi edə bilərik. Bizim tələbələr bir müddət Bakıda hansısa universitetdə oxuyacaq, burdakı tələbələr də bizim universitetdə.

Yaxud, ortaq proqram yarada bilərik. Məsələn, Azərbaycandakı fəlsəfə proqramı ilə Türkiyədəki proqramı qarşılaşdırıb, ortaq bir proqram yaradarıq. Bəlkə də, bunu digər türk ölkələri ilə birlikdə edib, daha da genişləndirib YUNESKO-ya qədər təqdim ediləcək bir layihə halına sala bilərik.
Bir başqa plan isə müəllim heyətinin mübadiləsidir. Bir də ortaq simpoziumlar və konqreslər keçirmək. Bu istiqamətdə əslində, müəyyən işlər var, amma indi daha sistemli hala gətirmək istəyirik.

- Biruni Universitetində azərbaycanlı tələbələr təhsil alır?
- Tibbi fakültələrdə var. Bir tələbənin gəlib bütün təhsilini orda alması başqa bir şeydir. Biz deyirik ki, qarşılıqlı tələbə mübadiləsi edək. Bizim təhsil sistemimiz bu cür dəyişiklikləri etməyə uyğundur. Azərbaycanla bunu digər ölkələrlə etdiyimizdən daha asan edə biləcəyik, çünki dil məsələsi qısa müddətdə həll edilir.

- Bu əlaqələr maliyyə cəhətdən universitetlər üçün uyğun olurmu?
- Bu, Avropada "Erasumus” proqramı çərçivəsində edilir. Tələbələr ailələrə yük olmur. Azərbaycan və Türkiyə güclü dövlətdir, bir fond yaradıb bunu qarşılaya bilərlər. Bunu etməyin önəmini anlamaq, istəmək və qərar vermək lazımdır. Əgər valideyn uşaqlarının yaxşı təhsil almasını istəyirsə, büdcəsinin böyük qismini ona yatırmalıdır. Dövlət də maliyyəsinin böyük qismini təhsilə yatırmalıdır. Tədris bahalıdır, amma təhsilsizliyin maliyyə xərci dövlət üçün daha böyükdür.


- Burda tələbələrlə ünsiyyətdə ola bildiniz?
- Pedaqoji Universitetdə bəzi tələbələrlə danışdıq. Amma bu qısamüddətli təmasımda tələbələrin bacarıqları ilə bağlı fikir söyləmək çətin olar. Bir dərsi keçmək, birini keçməmək tələbənin müvəffəqiyyət göstəricisi deyil. Müvəffəqiyyət daha böyük anlamda ölçülməlidir. Amma Azərbaycanda və Türkiyədə gördüyüm bir inkişaf var. Bu inkişaf təhsilə də istər-istəməz öz təsirini göstərir.

- Əvvəllər bizdə daha yuxarı yaşlarda elmə meyillənmə var idi, indi bu, gənclik dövrünə də təsadüf edir. Türkiyədə bu cəhətdən vəziyyət necədir?
- Elmə gəlməyi arzulayan, o istiqamətdə erkən yaşlarda hədəfini müəyyənləşdirənlər var. Dünyada da belədir. Amma gənclərin bu istiqamətə meyillənməsini təşviq edən işlər görmək lazımdır. Elm məktəbləri quraraq, festivallar təşkil edərək və s. Bu işi öz axarına buraxmaq olmaz. Elmi sevdirəcək fəaliyyətləri artırmaq önəmlidir. Çünki dünyanın güclüləri elmi fəaliyyətdə irəlidə olanlardır. Kim biliyi istehsal edib texnologiyaya çevirirsə, daha irəlidə olur. Gənclərə, uşaqlara bunu göstərməliyik. İndi bilik toplumu informasiya toplumuna keçir. Artıq tədrisdə kodlama önəmlidir. Süni intellekt çalışmaları bu gün dünyada aktualdır. Tibb istiqamətində də sürətli şəkildə inkişaf gedir. 80-ci illərə qədər bəlkə də dünyadakı biliyin bütün təcrübəsi bəlli bir axarla gedirdi. Amma o illərdən sonra hər beş ildə bu bilik iki dəfə artdı. 2000-ci ildən sonra isə 2 ildə 2 dəfə artdı. İndi artıq bu sürəti ölçə bilmirik. O qədər sürətli bilik artımı gedir ki. Və indi həm də biliyi çox sürətli istehsal etməliyik. Burda da bir yarış var. Biri biliyi istehsal edib, texnologiyaya çevirdiyi an, siz gecikirsinizsə, onu sizin istehsal etməyinizin anlamı qalmır. O biliyin də artıq bir bazarı var.

- Yəni, deyirsiniz ki, gəncləri elmə istiqamətləndirməliyik?
- Elm hara yol alır, hansı sahələrdə daha sürətlə irəliləyir? Bunları izləmək lazımdır. İnsanların həyatını asanlaşdıran biliklərin istehsalı önəmlidir. Gələcək elmdədir. Güclü olmaq üçün biliyi istehsal etmək lazımdır. Biliyi istehsal etdiyiniz qədər gücünüz var. Keçmişdə belə deyərdik ki, bir mədəniyyətin inkişafı bir kitab üzərindən olur. Kitabı yazıb istehsal edirsinizsə, güclü mədəniyyətə sahib olursunuz. Artıq elmi biliyi istehsal etmək lazımdır. Sadəcə, elmdən danışdığımız üçün bunu deyirəm. Amma sənət istehsalı da önəmlidir. 21-ci əsrdə elm qədər önəmli olan sənət istehsalıdır. Sənət istehsalı insanın estetik yaşamı üzərində daha təsirlidir. Elmi biliyin istehsalı insanın bütün yaşamının komfortlaşdırılması baxımından daha önəmlidir. Zaman-zaman elmin, təbiətə zərər verəcək müəyyən qədər məhsulların istehsalına gətirib çıxardığını da deyirlər. Amma onların qarşısını almağın yolu da elmi biliyi istehsal etməkdədir. Elmdən vaz keçə bilmərik.


- Təhsilin elmi istiqamətini çox adam davam etdirir, amma bu sadəcə, kağız üzərində qalır, sonra heç bir fəaliyyət olmur...
- "Hər kəs elm adamı olmalıdır” deyə bir şey yoxdur. Ölkənin elmi anlamda istehsalını aparacaq zəkalı adamların, çalışqanların bu sahədə olmasına şərait yaratmaq lazımdır. Təbii ki, yüksək tədris önəmlidir, elm sahəsində yüksək tədris almamış insanı düşünə bilmərik.

ABŞ-ın hazırladığı hesabatlara baxanda görürük ki, dünyadakı yoxsullar arasında yüksək təhsil alanlar yoxdur. Cinayətlə nəticələnən hadisələrdə yüksək təhsil almışlar yüzdə bir faiz belə təşkil etmir. Bu onu göstərir ki, daha yaxşı bir dünya üçün təhsil lazımdır. Hər kəs təbii ki, elm adamı olmayacaq. Amma gələcəyin dünyasında da keçmişdə olduğu kimi, təhsilli insanlar fərq yaradacaqlar. Təhsilli insanların yaşam keyfiyyəti daha yüksəkdir. Bunu görürük.

- Fəlsəfə adamı ilə fəlsəfədən danışmasaq olmaz.
- Fəlsəfə sadəcə, filosofların sözlərini təkrar etmək, onların bir komanda anlayışları üzərindən müzakirəsini aparmaq deyil. Fəlsəfənin bir yönündə bu ola bilər, amma fəlsəfə həyatın tam içindədir. Əslində, hər kəs həvəskar bir filosofdur. Niyəsini də deyim. Ölümü, həyatı, yalnızlığı, məsuliyyəti, azadlığı, ədaləti, cəsarəti düşünməyən insan varmı? "Burda niyə varam?” deməyən adam varmı? "Eşq, sevgi nədir?” sualını özünə verməyən insan ola bilərmi? Bəs, bunları yaşamayan insan varmı? Yoxdur, min illərdir ki bu, belədir. Gələcək minilliklərdə də belə olacaq. Çünki insanın təbiəti, düşündükləri istəkləri, qərarları var. İnsan özünü, qarşındakını, kainatı anlamaq, gördüyü davranışlara anlam vermək istəyir. Dostu yanından keçdi, salam vermədi. Buna səbəb tapmağa çalışır. Belə olunca fəlsəfə həmişə bizimlə bərabərdir.

Bilirsiniz, biz müdir də olarıq, işçi də, dekan da olarıq, rektor da, prezident də ola bilərik, yaxud da olmarıq. Amma bunlar hamısı bizim bu dünyadakı rolumuzdur. O rolları oynayırıq və bunu çox qabartmamaq lazımdır. Çox şey əldə edəndə, ona görə çox qürurlanma, çox itirəndə də çox üzülmə. Filosoflar belə baxar, çünki hər şeyin keçici olduğunu bilirlər. Bir filosof deyib ki, fəlsəfə ölməyi öyrənmək, ölümə hazırlanmaq deməkdir. Ona görə, hamımız bir az həvəskar filosofuq. Fəlsəfə bizdən uzaq deyil, bizimlə birlikdədir.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər