AZE | RUS | ENG |

Azərbaycana zorla hər hansı şərtin qəbul etdirilməsi mümkün deyil

Azərbaycana zorla hər hansı şərtin qəbul etdirilməsi mümkün deyil
Kənar qüvvələrin təsiri altında bəzi beynəlxalq qurumlarda dövlətimizə qarşı qeyri-obyektiv və qərəzli münasibət sərgilənir

1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs razılaşmasının əldə edilməsindən sonra ölkə iqtisadiyyatının inkişaf etdirilməsi, beynəlxalq əlaqələrimizin gücləndirilməsi, haqq səsimizin bütün dünyaya çatdırılması istiqamətində rəsmi Bakının fəaliyyəti gücləndirilib. Azərbaycanın yerləşmiş olduğu regionun geosiyasi, strateji və iqtisadi baxımdan dünyanın siyasi xəritəsində mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alan ulu öndər Heydər Əliyev ölkəmizin həm qonşuluq siyasətində, həm də digər region dövlətləri ilə olan münasibətlərində balanslaşdırılmış siyasət kursuna üstünlük verib. Burada bütün dövlətlərlə eyni cür məsafə saxlamaq, ilk olaraq Azərbaycanın milli maraqlarını önə çəkmək əsas götürülüb. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunda başlıca hədəf Azərbaycanın müstəqilliyinə qarşı yönələn bütün təhlükələrin aradan qaldırılması, milli təhlükəsizliyin təmin edilməsi, Ermənistan tərəfindən həyata keçirilən separatizm və işğalçılıq siyasətinin qarşısının alınması və bu məqsədlə bölgədə, həmçinin dünyada müttəfiqlərin qazanılmasıdır. 
 
 

Bu regionda hər hansı bir gərginliyin və ya münaqişənin yaranmasının, ilk növbədə, böyük enerji ehtiyatlarına və layihələrinə malik olan Azərbaycan üçün arzuedilməz hal olduğunu yaxşı anlayan rəsmi Bakı beynəlxalq təşkilatlarla münasibətlərində də balansı qoruyub. Yəni, Azərbaycan beynəlxalq təşkilatlarla əlaqələrində ölkəmizin suverenliyi, ərazi bütövlüyü və milli təhlükəsizliyi amilini ön planda saxlayıb, təmsil olunduğu təşkilatda hər hansı dövlətə qarşı təbliğat aparmayıb. Azərbaycan üzv olduğu beynəlxalq təşkilatlarda, yaxud da əməkdaşlıq etdiyi beynəlxalq qurumlarda daim milli maraqlarımızın, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinin müdafiəçisi olub. Deyilənlərə nümunə kimi Azərbaycanın BMT-nin müxtəlif komissiyalarında, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, MDB-də və digər mötəbər qurumlardakı fəaliyyəti göstərilə bilər. Azərbaycan bu təşkilatlarla əməkdaşlıq edərək, ümumbəşəri dəyərlərin, demokratik prinsiplərin, sülhün, əmin-amanlığın keşiyində dayanıb. Bu gün də bu, belədir.
 
 

Lakin əfsuslar olsun ki, bəzi hallarda Azərbaycanın əməkdaşlıq etdiyi beynəlxalq təsisatlarda erməni maraqlarından çıxış edən bəzi dairələr ölkəmiz əleyhinə fəaliyyət ortaya qoyur, həmin mötəbər qurumlarla Azərbaycan dövləti arasında münasibətlərə xələl gətirməyə çalışırlar. Kənar qüvvələrin təsiri altında bəzi beynəlxalq qurumlarda Azərbaycana qarşı qeyri-obyektiv və qərəzli münasibət sərgilənir. Misal üçün, Avropa Şurasında müəyyən ermənipərəst, sorosçu qruplar davamlı şəkildə Azərbaycana qarşı hücumlar təşkil edirlər. Əfsus ki, belə qərəzli münasibət Avropa Parlamentində xroniki xarakter alır. Bu günlərdə Avropa Parlamentində ermənipərəst dairələrin sifarişi əsasında anti-Azərbaycan qətnamə layihəsinin qəbul edilməsi də deyilənlərə daha bir nümunədir. Belə ki, yanvarın 17-də Avropa Parlamentində Azərbaycanla bağlı müzakirələr aparılıb və Mehman Hüseynovla bağlı qətnamə qəbul olunub. Əvvəlcə onu qeyd edək ki, Avropa Parlamenti tərəfindən qəbul olunmuş "Mehman Hüseynovla bağlı təcili qətnamə”nin həmmüəlliflərindən biri Rebekka Harms (Almaniya, Yaşıllar qrupu) "şər dahisi”, "inqilablar atası” Corc Sorosun təsiri altında olan şəxsdir və özü də bunu açıq şəkildə etiraf edir. Təsadüfi deyil ki, onun C.Sorosla sosial şəbəkələrdə çoxsaylı şəkilləri var. 
 
 

Bununla yanaşı, sözügedən qətnamənin müzakirələrində ilk çıxış edən AP üzvü, eyni zamanda, Avronest Parlament Assambleyasının həmsədri R.Harms yalan danışaraq, məsələ ilə bağlı azərbaycanlı həmkarları ilə guya təmaslar qurmağa çalışdığını iddia edib. Halbuki, Avropa Parlamentində keçirilən təcili dinləmələrlə bağlı AP tərəfindən Milli Məclisə, Azərbaycan Xarici İşlər Nazirliyinə, ölkəmizin Brüsseldəki səfirliyinə hər hansı müraciət, sorğu daxil olmayıb. Yəni, ermənipərəst dairələrin əlində oyuncağa çevrilən bu şəxslər birtərəfli qaydada, qərəzli və qeyri-obyektiv hərəkət edib, Azərbaycan əleyhinə növbəti qaralama kampaniyasında yer alıblar. Bu da bir daha onu deməyə əsas verir ki, sözügedən qətnamə M.Hüseynov amilindən istifadə edərək və qəsdən məsələni şişirdərək Azərbaycana qarşı planlaşdırılan məkrli ssenarinin bir hissəsidir.
 
 

Əgər belə olmasaydı, sözügedən qətnamə qəbul olunmazdan öncə aparılan müzakirələrdə çıxış edərək Azərbaycanda insan hüquqlarından dəm vuran AP üzvləri ədalət naminə Ermənistanın işğalçılıq siyasətinə də toxunmalı, Azərbaycanın 20 faiz ərazisinin işğal altında olmasına, 1 milyondan artıq qaçqın və məcburi köçkün azərbaycanlının fundamental hüquqlarının kobud şəkildə pozulmasına da diqqət çəkməli idilər. Necə olur ki, cinayət əməli törətdiyinə görə həbsxanada cəza çəkən bir azərbaycanlının hüquqlarına AP üzvləri belə dəyər verir, amma 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün, həmçinin Ermənistan girovluğunda saxlanılan iki azərbaycanlının hüquqlarına əhəmiyyət vermirlər? Əlbəttə ki, bu, AP üzvlərinin ikiüzlülüyünü, riyakarlığını, qərəzli və qeyri-obyektivliyini, ermənipərəst dairələrin sifarişini yerinə yetirdiklərini göstərir.
 
 

Prezident İlham Əliyev AP-nin əvvəllər də qəbul etdiyi belə qərəzli sənədlərə hələ 2015-ci il sentyabrın 15-də Çex prezidenti Miloş Zemanla birgə keçirdikləri mətbuat konfransında öz münasibətini bildirib. O, AP-nin Azərbaycanla bağlı əsassız, yalan, böhtan, qərəzli münasibət üzərində qurulmuş qətnamələrinin siyasi təxribat olduğunu vurğulayıb. Qeyd edib ki, bunun arxasında dayanan, Azərbaycana qarşı əsassız ittihamlar irəli sürən, ölkəmizi şantaj edən qüvvələrin yeganə məqsədi inkişafda olan, müasir, müstəqil siyasət aparan, tolerant, multikulturalizmin məkanı olan dövlətimizi ləkələməkdən, gözdən salmaqdan ibarətdir. Prezidentin sözlərinə görə, bununla onlar Avropada Azərbaycan haqqında yanlış, tamamilə həqiqətə zidd bir rəy yaratmağa çalışırlar. Avropa Parlamentinin bəzi üzvləri ilə erməni lobbiçiləri arasındakı gizli əlaqələrin olmasına diqqət çəkən dövlətimizin başçısı deyib ki, Azərbaycana qarşı aparılan bu kampaniyada erməni lobbisinin rolu açıq-aydın görünür. Prezident İlham Əliyev birmənalı olaraq bəyan edib ki, bu kimi yollarla Azərbaycanı özünə tabe etmək istəyən xarici dairələrin bütün səyləriniz əbəsdir. Çünki Azərbaycanın müstəqil, milli maraqlar üzərində formalaşmış siyasətinə heç bir kənar qüvvə şantaj, böhtan yolu ilə təsir edə bilməz.
 
 

Dövlət başçısının fikirlərinə dəstək olaraq onu da əlavə etmək istərdik ki, AP tərəfindən ölkəmizlə bağlı qəbul edilmiş son qətnamə Avropadakı erməni diasporu, ermənipərəst dairələr və anti-Azərbaycan qüvvələr tərəfindən təşkil olunmuş növbəti qərəzli şoudur. Azərbaycan Avropa İttifaqının üzvü deyil və bu kimi qurumların qəbul etdiyi qərarlar ölkəmiz üçün əhəmiyyət kəsb etmir. Bu qətnamənin heç bir hüquqi qüvvəsi yoxdur və belə şantaj alətlərindən istifadə edən şəxslər yalnız M.Hüseynov kimilərinin taleyi üzərində öz məkrli planlarını reallaşdırmağa çalışırlar. Azərbaycan indiyə qədər öz milli maraqları çərçivəsində istənilən dövlət, beynəlxalq təşkilatla bərabərhüquqlu, konstruktiv əməkdaşlıq edib və bundan sonra da buna hazırdır. Lakin Azərbaycan heç bir halda təzyiq, diktə metodlarını qəbul etmir və etməyəcəkdir. Azərbaycanın öz inkişaf yolu, bütün məsələlərə, o cümlədən demokratik inkişafa öz baxışı var. Müsəlman Şərqinin ilk demokratik cümhuriyyətinin layiqli varisi olan müasir, güclü, qüdrətli, müstəqil Azərbaycana kənardan zorla hər hansı şərtin qəbul etdirilməsi mümkün deyil.

Rufik İSMAYILOV

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8856
GEL 1 1 Gürcüstan larisi 0.5846
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0666
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1759
CHF 1 1 İsveçrə frankı 1.7355
KWD 1 1 Küveyt dinarı 5.5864
TRY 1 1 Türkiyə lirəsi 0.3045