• cümə, 19 Aprel, 22:18
  • Baku Bakı 24°C

Azərbaycana xaricdən hansı təhlükələr var?

13.09.19 20:11 546
Azərbaycana xaricdən hansı təhlükələr var?
Bu günlərdə iqtidar və müxalifət partiyalarının iştirakı ilə keçirilmiş tədbir gündəmdədir. Ana Vətən Partiyasının (AVP) təşəbbüsü ilə "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda keçirilən dəyirmi masa və burada səsləndirilən fikirlər ictimaiyyətin müzakirə mövzusuna çevrilib. Sirr deyil ki, bütün dünyada belə faktlar var. Ayrı-ayrı vaxtlarda Azərbaycanda da bu kimi hallar müşahidə olunub. Hazırda bu məsələnin aktual olması dövlət qurumlarının ayrı-ayrı rəhbərləri tərəfindən dilə gətirilir və ölkə ictimaiyyətinin diqqətli olması vurğulanır. Maraqlıdır ki, ölkəmizdə siyasi proseslərə müdaxilə hansı səviyyədədir?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə bildirdi ki, Azərbaycan müstəqillik qazandığı dövrdən sonra daxili siyasətə, strateji məsələlərin həllinə müdaxilə cəhdləri həmişə olub: "Ancaq 1993-cü ildə ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu proseslər kəskin surətdə azaldı. Bununla belə, xaricdən müəyyən anti-Azərbaycan dairələr vaxtaşırı Azərbaycanın daxilində "5-ci kolon” yaratmağa, ölkənin daxili siyasətinə müdaxilə etməyə çalışırlar. Buna qarşı mübarizə aparılır. Ancaq bu mübarizə hamılıqla edilməlidir. Bu təkcə iqtidarın, Yeni Azərbaycan Partiyasının işi deyil. Hesab edirəm ki, hər bir siyasi partiya bu məsələdə öz mövqeyini ortaya qoymalıdır. Bu mənada, "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda keçirilən dəyirmi masanın əhəmiyyəti böyükdür. Bütün siyasi qüvvələr adından bir daha bildirildi ki, heç bir halda Azərbaycanın daxili siyasətinə müdaxilə mümkün olmayacaq və bunun qarşısı alınacaq. Nəzərə alaq ki, gələn il parlament seçkiləridir və hansısa siyasi qrupların, yaxud da ayrı-ayrı fərdlər vasitəsilə bu seçkilərə xaricdən təsir etmək istəyənlər tapılacaq. Yəni, bu baxımdan Azərbaycan cəmiyyəti həmişə həssas olmalıdır, belə məsələləri ciddi diqqətdə saxlamalıdır. Ona görə də bu mövzunun dəyirmi masa ətrafında müzakirə edilməsini müsbət qiymətləndirirəm”.
A.Mirzəzadə qeyd etdi ki, tədbirə qatılmayan radikal müxalifət düşərgəsinin bu dəyirmi masanı sonradan hədəf alması xaricdəki mərkəzlərdən tapşırıq alındığının göstəricisidir: "Tədbirin əhəmiyyətini azaltmağa, guya bunun insan haqlarına, demokratiyaya zidd olması ilə bağlı təəssürat yaratmağa çalışırlar. Əgər onlar bu tədbiri indi dəstəkləsələr, sabah xaricdən gələn tapşırıqları yerinə yetirə bilməyəcəklər. Təsadüfi deyil ki, bəzi siyasi qüvvələr dəvət edilməsinə baxmayaraq, tədbirə gəlmədilər. Çünki bu, onların "prinsiplərinə” ziddir. Yaxud da ki, müəyyən siyasi qüvvələr tədbirin əhəmiyyətini azaltmağa, onun haqqındakı məlumatları ümumiyyətlə gizlətməyə çalışdılar. Bütün bunlardan çıxış edərək qeyd etməliyəm ki, ümummilli məsələlər partiya maraqlarından öndə olmalıdır”.
Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bildirdi ki, Azərbaycan güclü dövlət olduğuna görə istənilən xarici müdaxilənin qarşısını ala bilər: "Bu gün əsas problemimiz Azərbaycan ərazilərinin işğalıdır. O cümlədən ölkəmizə dini ekstremizmi ixrac etmək istəyən qüvvələrin cəhdləridir. Azərbaycanın siyasi mühitinə gəlincə, qeyd edim ki, ölkənin siyasi mühiti Azərbaycan xalqının iradəsi ilə formalaşıb. Ona görə də düşünmürəm ki, xarici təsirlər terror, ekstremizm istisna olmaqla, Azərbaycanda hansısa ciddi problemlər yarada bilər. Ən böyük təhlükə terror, ekstremizm və Ermənistan qoşunlarının Azərbaycan ərazilərini işğal etməsidir”.
Partiya sədri vurğuladı ki, Azərbaycana qarşı olan təhlükələr və onunla bağlı konkret faktlar varsa, bu mütləq aşkarlanmalıdır: "O cümlədən hüquq-mühafizə orqanları bu kimi təhlükələrin mənbəyini müəyyənləşdirməlidir. Düşünürəm ki, belə ittihamlarla bağlı konkret faktlar göstərilməlidir və bu istiqamətdə işlər aparılmalıdır”.
A.Mollazadə xaricdə özünü "siyasi mühacir” adlandıraraq Azərbaycana qarşı çıxışlar edən şəxslərlə bağlı qeyd etdi ki, belə insanları müxalifət hesab etmək olmaz: "Çünki söyüş olan yerdə siyasət yoxdur. Söyüş tərbiyəsizlik, xuliqanlıqdır və bunun siyasətə heç bir aidiyyatı yoxdur. Ümumiyyətlə, söyüş söyən şəxsi siyasətçi və ya müxalifətçi adlandırmağı düzgün hesab etmirəm. Onu da qeyd edim ki, onların etdiyi xuliqanlıq kriminal hadisədir və ona bu müstəvidə qiymət vermək lazımdır”.
Millət vəkili Sahib Alıyev bildirdi ki, Azərbaycandakı əksər siyasi partiyaların lider və funksionerlərinin bir araya gəlməsi, Dağlıq Qarabağ problemi başda olmaqla milli məsələlərin həllinə yanaşmada vahid mövqe ortaya qoymaları xaricdəki "dostlarımız”ın da diqqətindən qaçmayıb: "Məsələn, Ermənistan parlamentinin Tatevik Hayrapetyan deyilən bir üzvü dərhal tədbirdən şəkil yayaraq, bunun "Azərbaycanda daxili məsələlər haqda çox şey” dediyini vurğulayıb. Bilmirəm Hayrapetyan "çox şey” deyəndə nə nəzərdə tutur. Amma onun ölkəsindəki ilə Azərbaycandakı reallıq arasındakı fərq ortadadır. Ermənistanda baş nazir Paşinyan "Sasna tserer” terror qrupunun rəhbərliyində təmsil olunanlarla bağlı qapılar arxasında görüşür. O görüşün nə məqsədə xidmət etdiyi, orada nədən danışıldığı gizli saxlanılır. Azərbaycanda isə YAP başda olmaqla, əksər partiyalar bir araya gələrək açıq dialoq aparırlar”.
S.Aliyevin sözlərinə görə, bununla da Prezidentin köməkçisi Əli Həsənovla baş nazirin müavini Əli Əhmədovun dövlətin, dövlət başçısının yeritdiyi siyasətlə bağlı verdikləri açıqlamaların doğruluğu, elə həm də aktuallığı bir daha öz təsdiqini tapmış olur.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər