• cümə axşamı, 18 aprel, 20:56
  • Baku Bakı 21°C

Azərbaycana vurulan vyetnamlı tələbə- Əcnəbi

19.10.18 12:00 2433
Azərbaycana vurulan vyetnamlı tələbə- Əcnəbi
"Beş ildir Azərbaycanda yaşayıram. Ölkəniz çox xoşuna gəlir, xüsusilə adət-ənənələriniz, xalqınızın qonaqpərvərliyi. Məhz bu adət-ənənələrin, qonaqpərvərliyin sayəsində burda ilk gündən özümü ölkəmdəki kimi hiss etdim”. Bu sözləri bizimlə söhbətində Bakı Slavyan Universitetinin dördüncü kursunda təhsil alan vyetnamlı tələbə Pham Anh Ngoc söylədi.

O, adıçəkilən universitetin beynəlxalq münasibətlər fakültəsində regionşünaslıq ixtisası üzrə təhsil alır: "Azərbaycana Vyetnamdan gəlmişəm. Hazırda Bakı Slavyan universitetində dördüncü kursda oxuyuram. Amma 5 ildir ki, Azərbaycandayam. Çünki universitetə qəbul olmazdan əvvəl xarici tələbələrə bir il hazırlıq kursu keçirilir. Burada olduğum müddətdə azərbaycanlıların bir çox xüsusiyyəti diqqətimi çəkib. Səmimi desəm, mənə burada hər şey xoşdur. Azərbaycanlıların mədəniyyəti, qonaqpərvərliyi çox xoşuma gəlir. Qonaqpərvərlik istiqanlılıq sizin millətin qanında var. Azərbaycan xalqını çox sevirəm”.

Həmsöhbətim deyir ki, Azərbaycanın qədim adət-ənənələrini özündə əks etdirən Novruz bayramı onun xüsusilə xoşuna gəlib: "Mənim ən çox yadımda qalan Novruz bayramı olub. Bu bayramı özəl edən isə hər kəsin bayram ərəfəsində bir yerə toplaşıb müxtəlif milli şirniyyatları, yeməkləri bişirməsidir. Hətta biz də dostlarımızla yığışıb bu bayramı bir yerdə qeyd etmişik. Deyərdim ki, azərbaycanlılar Novruz bayramını Yeni İl kimi qeyd edir. Ona görə də bu bayram yaddaşımda qalan ən xoş hadisələrdən biri olub”.

Hər bir əcnəbi kimi Pham Anh Ngoc da ilk dəfə Azərbaycana gələndə müxtəlif çətinliklərlə qarşılaşıb. Onun da əsas problemi dil məsələsi olub. Amma zamanla o, bu problemi aşmağı bacarıb: "Məncə, çətinliklərin olması tamamilə təbii haldır. Çünki tamamilə fərqli mühitə düşürsən. Amma zamanla hər şey qaydasına düşür. Mən ilk dəfə bura gələndə əsas çətinliyim dil ilə bağlı idi. Burada dərslər rus dilində tədris edilirdi. Mən isə rus dilində bilmirdim. Bu səbəbdən də əvvəlcə hazırlıq şöbəsinə daxil oldum. Orada rus dilini öyrənməyə başladım. Təhsil aldığım universitetdə rus dili mükəmməl səviyyədə öyrədilir. Ona görə də tez bir zamanda bu dili öyrənə bildim. Kursu bitirdim və beynəlxalq münasibətlər fakültəsinə daxil oldum. İlk vaxtlar mənə hər şey çətin gəlirdi. İmtahanları verməkdə çox çətinlik çəkirdim. Amma tələbə yoldaşlarım mənə dəstək oldular. Onlar mənə imtahanlarımda, dil öyrənməyimdə, bütövlükdə təhsil almağımda çox yardımçı oldular. Azərbaycanlılar qonaqpərvər olmaqla yanaşı, həm də çox ürəyiaçıqdırlar. Kiminsə çətinliyi olduğu zaman ona hər cür köməklik göstərirlər. Bu, mənim çox xoşuma gəlir. Düşünürəm ki, o çətinliklər artıq arxada qalıb. İmtahanlara özüm təkbaşına, müstəqil şəkildə hazırlaşa bilirəm”.

Deyir ki, Azərbaycan dilində özünü ifadə edə bilməsə də, müəyyən anlayışı var: "Burada qrup yoldaşlarımla ünsiyyəti rus dilində qururuq. Tələbə yoldaşlarımla münasibətim çox yaxşıdır. Biz artıq dörd ildir ki, bir yerdəyik. Demək olar ki, bir ailə kimiyik. Onlar mənə hər zaman kömək ediblər. Dərsdən sonra birlikdə gəzməyə, kinoya, kitabxanaya gedirik. Müxtəlif yerlərdə də oluruq. Mənim ailəm Vyetnamda yaşayır. Hərdən onlar üçün darıxanda, yalnız dostlarım sayəsində təsəlli tapıram. Düzdür, hələlik Azərbaycan dilini öyrənməyə çalışıram. Demək olar ki, sizin dildə deyilən bütün sözləri başa düşürəm. Amma hələ ki, danışmaqda, fikrimi ifadə etməkdə çətinlik çəkirəm. Düşünürəm ki, zamanla bu dili də öyrənəcəyəm”.

Müsahibim milli mətbəximizi çox sevdiyini söylədi: "Azərbaycan mətbəxindən olan əksər yeməklərin dadı xoşuma gəlir. Çox dadlı yeməkləriniz var. Demək olar ki, bütün yeməklərinizin dadına baxmışam. Ən çox bəyəndiklərim isə dolma və dovğadır. Bu yeməkləri hədsiz dərəcədə çox sevirəm. Bizim ölkədə də düyüdən geniş istifadə olunur, amma sizin plovunuz çox dadlı olur. Bir neçə yeməyin hazırlanma üsullarını öyrənmişəm. Dolma və dovğanı özüm də bişirə bilirəm”.

Həmsöhbətim Azərbaycanla Vyetnam arasındakı oxşar və fərqli xüsusiyyətlərə də toxundu: "Həm Vyetnamda, həm də Azərbaycanda demək olar ki, bütün insanlar çox xeyirxahdırlar. Mən bura gələndə xarici vətəndaş olmağıma baxmayaraq, onlara yaxınlaşdıqda, mənə hər bir işdə kömək edirdilər. Fərqli cəhətlərə gəldikdə isə bu, yalnız bizim ənənələrdə olan fərqliliklərdi. Amma Asiya ölkəsi olduğumuz üçün haradasa oxşar xüsusiyyətlərimizin daha çox olduğunu deyə bilərəm”.

Sonda Pham Anh Ngocdan gələcək planları haqda da soruşduq. O, ölkəmizdə qalmaq istədiyini etiraf etdi. Amma müəyyən problemlərə görə öz ölkəsinə qayıtmalı olduğunu söylədi: "Əlbəttə, mən Azərbaycanda qalmaq istəyərdim. Amma təəssüf ki, müəyyən problemlərə görə burada qala bilməyəcəyəm. Ən əsası isə burada mənə iş tapmaq çətin olacaq. Əvvəllər burada Vyetnam səfirliyinin açılacağına dair məlumatlar var idi. Fikirləşirdim ki, orada işləyə bilərəm. Amma səfirlik hələ də açılmayıb. Yəqin ki, təhsilimi bitirdikdən sonra ölkəmə qayıdacağam”.

Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər