AZE | RUS | ENG |

Azərbaycana turist axınını artıracaq sistem

Azərbaycana turist axınını artıracaq sistem
Ekspert deyir ki, turizm sektorunda inkişaf etmiş bir ölkəyə çevrilmək üçün viza verilməsindəki sadələşmə böyük önəm daşıyır

15 Maydan etibarən  "ASAN Viza” özünəxidmət terminalları vasitəsi ilə Heydər Əliyev Beynəlxalq Hava Limanında əcnəbilərə vizaların verilməsinə başlanılıb. "ASAN Viza vasitəsi ilə hava limanında 15 ölkənin - Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malayziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşları üçün birbaşa vizaların verilməsi təmin ediləcək. Quraşdırılmış "ASAN Viza” özünəxidmət terminalları xüsusi təyinatlı ümümvətəndaş pasportu oxuyucuları, elektron ödəmələr üçün post terminallar və nağd ödəmələr üçün əskinaz qəbuledicilərlə təmin olunub. 

"ASAN Viza” portalı və özünəxidmət terminalları Azərbaycan, ingilis, fransız, ispan, ərəb, fars və rus dilində olmaqla - 7 dildə fəaliyyət göstərir.
Özünəxidmət terminalları ilə yanaşı, 4 pəncərədə viza verilməsi və bank xidmətləri də həyata keçiriləcək ki, bu da ölkəyə gələn əcnəbilərə vizaların verilməsində əlavə köməklik göstərəcək. Orta hesabla bir əcnəbi vətəndaş üçün vizanın verilməsi 2 dəqiqə ərzində təmin olunacaq.
 
Hazırda "ASAN Viza" portalı vasitəsi ilə 95 ölkəyə elektron viza verilməsi təmin edilir. Bütün sistem tam avtomatlaşdırılıb və mövcud elektron viza sistemi vasitəsi ilə ölkəyə gəlməzdən əvvəl 3 gün (standart) və 3 saat (təcili) ərzində vizaların verilməsi www.eviza.gov.az saytı vasitəsi ilə həyata keçirilir. 
Atılan bu addımın turizmin inkişafına, həmçinin ölkəmizdəki miqrasiya prosesinə necə təsir edəcəyini öyrənməyə çalışdıq.

Turizm üzrə ekspert Rüfət Məmmədov hesab edir ki, "ASAN Viza”ın  tətbiq edilməsi ölkə üçün olduqca əhəmiyyətlidir: "Bu, həm vaxta, həm də pula qənaət deməkdir. Bu sistem müştəri məmnuniyyətini artıracaq. Çünki viza almaq olduqca vaxt aparan bir proses idi. Düşünürəm ki, Azərbaycanı turizm sahəsində inkişaf etmiş bir ölkəyə çevirmək üçün viza sahəsində olan sadələşmə böyük önəm daşıyır. Hər bir dövlət turist axınını təmin etmək üçün bu kimi məsələlərə xüsusi diqqət ayırmalıdır. Amma bir məsələ var ki, bu, hansı ölkələrdən gələn əcnəbilərə şamil edilir. Xüsusi seçilmiş ölkələr olacaq, ya bütün xarici ölkə vətəndaşları bu fürsətdən istifadə edə biləcək? Təbii ki, bütün ölkələrə şamil edilsə, daha yaxşı olar. Bu, turizmin inkişafında xeyli dərəcədə əhəmiyyətli addımdır”. 
Miqrasiya məsələləri üzrə ekspert Sahib Məmmədov bildirir ki, vizası daha asan əldə olunan ölkələr turistlər üçün cəlbedici olur: "Viza səyahət etmək üçün ölkə seçimində əsas rol oynayan faktorlardan biridir. Bir ölkədən digərinə getmək istəyən şəxsi maraqlandıran əsas mövzulardan biri də viza məsələsidir. Tutaq ki, pulun da, həvəsin də var. Hansısa bir ölkəyə səyahət etmək istəyirsən. Amma baxırsan ki, viza almaq məsələsində işlər çətinləşir. Bir sıra sənədləri hazırlamalı, harasa göndərməli, onların təsdiq olunması gözləməlisən. Təbii ki, həmin proses müəyyən zaman çərçivəsində həll olunur. Bu da insanları səyahət etmək üçün həvəsdən salır. Və onlar da daha asan şəkildə viza əldə edə biləcəkləri ölkəni seçirlər. Çünki vizası daha asan əldə olunan ölkələr cəlbedici olur. Yəni səyahət etməyə ölkə seçərkən, viza əsas rol oynayan faktorlardan biridir. Bu baxımdan, atılan addımı müsbət qiymətləndirirəm”.
 
 

Müsahibimiz qeyd etdi ki, Azərbaycanın milli təhlükəsizliyinə xələl gətirməyəcək bəzi ölkələrin vətəndaşları üçün viza sisteminin ləğvi daha uğurlu addım olar: "Mən istərdim ki, bəzi Avropa ölkələri ilə ümumiyyətlə viza rejimi ləğv olunsun. Hazırda dünyanın elə ölkələri var ki, onların vətəndaşları üçün BMT-yə üzv olan ölkələrdən 170-ə yaxını viza rejimi tətbiq etmir. Misal üçün, Yeni Zelandiya, Avstraliya və Avropanın bir çox ölkələrinin vətəndaşları üçün viza qoymağa ehtiyac yoxdur. Düzdü, onlar bizim vətəndaşlarımız üçün viza sistemi tətbiq edəcəklər. Amma burada maraqlı olan tərəf  bizik. Çünki istəyirik ki, ölkəmizə gələnlərin sayı çox olsun. Dünyada ən güclü pasporta sahib, top-onluğa daxil olan ölkələr var. Hansı ki, həmin dövlətlərin vətəndaşları dünyanın bir çox ölkələrinə vizasız gedib-gəlirlər. Bəs biz niyə həmin sistemi tətbiq etməyək? Qonşu ölkələrdən Qazaxıstan bu rejimi tətbiq etdi. Amma düşünürəm ki, bunu biz etsək, daha çox əcnəbi cəlb edə bilərik. Bu, bizdə daha uğurlu alınar”.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov deyir ki, son dövrlər "ASAN Viza”nın tətbiqi ölkəyə gələn miqrantların və turistlərin sayını artırıb: "İstənilən halda bu addımı müsbət qiymətləndirmək lazımdır. Artıq uzun müddət idi ki, bir çox dairələr vizaların verilməsinin sadələşdirilməsi barədə müxtəlif təkliflər irəli sürürdülər. Bu sadələşmə,  turizmin inkişafı, həmçinin ölkəyə kifayət qədər miqrantın gəlməsi üçün əlverişli mühitin yaradılması baxımından olduqca əhəmiyyətli bir addımdır. Bu gün viza verilməsinin bu cür sadələşdirilmiş, operativ şəkildə olması bu istiqamətdə aparılan işlərin nəticəsidir. İstənilən ölkəyə səfər edənlər ilk olaraq viza sistemi ilə maraqlanırlar. Gedəcəkləri ölkənin viza verilmə siyasətini öyrəndikdən sonra turistlər daha rahat seçim etmək şansı əldə edirlər. "ASAN Viza”nın hava limanında verilməsi də ölkəmizin turistlər tərəfindən seçilməsini stimullaşdırır. Yəni ölkəmizə gəlmək istəyən biri viza barəsində heç bir çətinlik yaşamayacaq”.
 
 

Həmsöhbətimizdən bəzi ölkələrin vətəndaşları üçün ümumiyyətlə, viza rejiminin ləğv olunması barədə də soruşduq: "Əslində, siz istər Xarici İşlər Nazirliyinin, istərsə digər müvafiq qurumların saytına daxil olsanız, bir qisim ölkələrin vətəndaşlarına vizasız gediş-gəliş rejiminin tətbiq olunduğunu görəcəksiniz. Digər bir qisim ölkələrlə isə qismən viza rejimindən istifadə edilir. Viza beynəlxalq aləmdə ölkələr arası gediş-gəlişi təmin etmən edən bir alətdir. Bu alət faktiki olaraq ölkədəki miqrasiya proseslərinin effektiv idarə olunmasına şərait yaradır. Təbii ki, Azərbaycana Baltikyanı ölkələri çıxmaq şərti ilə, MDB ölkələrindən vizasız gəlib-gedənlər, 90 gün ölkədə qalmaq hüququ olan insanlar var. Amma demək olmaz ki, bütün ölkələrlə viza rejimini aradan götürmək olar. Vizanın tətbiqi istər-istəməz ölkənin maraqlarına uyğun olaraq, miqrasiya proseslərinin idarə olunmasını təmin edir”.

Onu da qeyd edək ki, Azərbaycan vətəndaşları da ölkədən çıxan zaman "ASAN Viza" sistemindən istifadə edə biləcəklər.

Bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib. Ü.Mehdiyev bildirib ki, bu istiqamətdə fəal iş aparılır: "Biz həmin sistemi "ASAN Viza 2" adlandırmışıq və istəyirik ki, Azərbaycan vətəndaşları bu sistemdən istifadə edərək, digər ölkələrin səfirliklərində viza ala bilsinlər. Texniki baxımdan proses aktiv şəkildə hazırlanır, lakin sistemin inteqrasiyası üçün səfirliklərlə danışıqlar aparmaq da lazımdır".
 
Günel Azadə

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6958
GBP 1 İngilis funt sterlinqi 2.2839
TRY 1 Türk lirəsi 0.3765
KWD 1 Küveyt dinarı 5.6280
SEK 1 İsveç kronu 0.1939
EUR 1 Avro 1.9978
CHF 1 İsveçrə frankı 1.7014
USD 1 ABŞ dolları 1.7000