• cümə axşamı, 18 aprel, 07:57
  • Baku Bakı 12°C

Azərbaycana təzyiq göstərmək üçün bəhanə axtarışı

20.09.14 11:48 1165
Azərbaycana təzyiq göstərmək üçün bəhanə axtarışı
Sentyabrın 18-də Avropa Parlamentində (AP) Azərbaycanla bağlı məsələ müzakirə olunaraq bir qrup deputat tərəfindən hazırlanmış qətnamə layihəsi ümumilikdə 754 deputatdan cəmi 46-nın iştirakı ilə qəbul olunub. Qətnamədə guya ölkəmizdə demokratik azadlıqların pozulması, QHT-lərin hüquqlarının məhdudlaşdırılması, bəzi mətbu orqanların üzləşdiyi problemlərlə bağlı məqamlar öz əksini tapıb. Qeyd olunub ki, Azərbaycanda son bir neçə ildə insan hüquqları sahəsində vəziyyət əvvəlki illərlə müqayisədə daha pisdir.
Xüsusilə qətnamədə Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və həyat yoldaşı Arif Yunusun, Rəsul Cəfərovun, İntiqam Əliyevin, Həsən Hüseynlinin həbsi pislənilib. O cümlədən "Azadlıq" qəzetinin maliyyə problemlərinin yaranmasında hakimiyyət ittiham edilib(!).
Göründüyü kimi, AP-də təmsil olunan bir qrup antiAzərbaycan əhval-ruhiyyəli deputat ölkəmizə qarşı qərəzini Avropa Parlamenti adından nümayiş etdirməyə çalışıb. Əslində həmin qrupun daimi olaraq AntiAzərbaycan mövqeyi ilə seçilən yerli QHT və bəzi KİV orqanlarının adını qətnamədə qeyd etməsi hər şeyə aydınlıq gətirir.
Sirr deyildir ki, həmin QHT və KİV orqanları məhz AP-da ölkəmizə qarşı qətnamə hazırlayan qrupla eyni şəbəkənin təmsilçiləridir. Bu şəbəkə Azərbaycan hər dəfə öz inkişafında yeni mərhələyə qədəm qoyarkən, ölkənin həyatında əlamətdar hadisə baş verərkən diqqəti bundan yayındırmaq məqsədilə ölkəmizə ləkə yaxmağa cəhd göstərir. Onların yerli təmsilçiləri, o cümlədən AXCP və Milli Şurada təmsil olunan bir sıra qüvvələr, radikal media orqanları ölkə barəsində, onun ictimai-siyasi həyatı haqqında saxta informasiyalardan ibarət «donoslar» hazırlayaraq xarici havadarlarına ötürürlər.
Diqqət yetirsək görərik ki, qətnamədə adları çəkilən QHT-lərin fəaliyyətinin hüquq-mühafizə orqanları tərəfindən araşdırılması nəticəsində onların ölkənin milli maraqlarına zidd hərəkətləri ortaya çıxdı. Həmin QHT-lərin bədnam «xalq diplomatiyası» adı altında hətta erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmələri barəsində də tutarlı faktlar ortaya qoyuldu. Məhz bu fəaliyyətin ifşasının ardınca onların xarici havadarları bir-bir öz səslərini çıxarmağa başladılar.
Bu gün AP-nin konkret cinayət əməllərinə görə həbs olunmuş şəxslərin “dərhal, qeyd şərtsiz azad olunması” tələbləri ölkəmizin hüquq-mühafizə sisteminə hörmətsizlik olmaqla yanaşı, qarşıdakı məhkəmə proseslərinə də təzyiq xarakteri daşıyır. Göründüyü kimi, AP ölkədəki «beşinci kolon»un fəaliyyətinin məhdudlaşdırılmasından ciddi narahatçılıq keçirir.
Müşahidələr əsasında demək mümkündür ki, AP-dakı qüvvələrin Azərbaycanda insan haqlarının pozulması ilə bağlı səmimi narahatlıq keçirmələrinə cəmiyyətdə ciddi şübhələr vardır. Belə ki, cəmiyyətdə belə bir haqlı sual doğur: bir halda ki, həmin qüvvələr ölkəmizdə bu istiqamətdəki vəziyyətdən narahatdırlarsa, ən primitiv haqqı, öz doğma torpağında yaşamaq kimi təbii hüququ pozulmuş bir milyon insan-qaçqınla nə üçün maraqlanmır və onları bu duruma salan Ermənistana qarşı qətnamə qəbul etmir? Deməli, AP-dakıların niyyəti başqadır. Onlar sadəcə Azərbaycana təzyiq göstərmək məqsədilə hansısa bəhanə axtarışındadırlar.
Bu mənada yerli ictimaiyyət, onun avanqard təbəqəsi olan ziyalılar, gənclər, ekspertlər və s. AP-nın qətnaməsinə öz etirazını bildirir, qurumu ermənipərəst qüvvələrin sifarişlərini yerinə yetirməməyə səsləyir və gələcək fəaliyyətində obyektiv olmağa çağırır.
Məlum olduğu kimi, bu gün Azərbaycanın müstəqilliyinin bir növ, qarantı olmuş «Əsrin müqaviləsi»nin 20 illiyi tamam olur və bu tarixdə TANAP kəmərinin təməli qoyulur. Bu layihələr ölkəmizin müstəqilliyinin əbədiliyinin təminatçısıdır. Ölkəmiz bu layihələrlə dünyaya, Avropaya inteqrasiya edir. Eyni zamanda öz suverenliyini, dövlətçiliyini möhkəmlədir. Dünyada söz sahibi bir ölkəyə çevrilir. Məhz bütün bunlar isə AP-dəki qrup kimi, bəzi antiAzərbaycan qüvvələri narahat edir. Onlar yaxşı dərk edirlər ki, Azərbaycanın enerji təminatında mühüm rol oynadığı Avropa və Qərb gələcəkdə ölkəmizə bu cür kiçik məsələlərə görə heç bir təzyiq göstərməyəcəkdir. Bu baxımından hələ fürsət var ikən öz qara niyyətlərini gerçəkləşdirmək, ölkəmizin qüdrətlənməsinə, daxili siyasətdə, vətəndaş cəmiyyəti quruculuğu prosesində öz potensialına arxalanmaq planlarına mane olmaq istəyirlər.
AP-dakı antiAzərbaycan qrupun islamafob əhval-ruhiyyə və erməni lobbisinin təsiri altında olduğu da istisna deyil. Xüsusilə TANAP-ın təməlqoyma mərasimi öncəsi belə bir qətnamənin gündəmə gətirilməsi arxadan zərbədir. Bu isə sırf ermənisayağı üslubdur. Məlumdur ki, Azərbaycan Ermənistanı bütün regional layihələrdə kənarda saxlayır. Nəticə isə göz qabağındadır. Ermənistan gündən-günə müflisləşir, Azərbaycan isə çiçəklənir.
Bütün bunlar onu göstərir ki, AP-də qəbul olunmuş qətnamənin heç bir ciddi əsası yoxdur. Bu qətnamə sırf siyasi məna kəsb etməklə antiAzərbaycan qüvvələrin təzyiq vasitəsidir.
Azərbaycanda demokratiya, insan hüquqları sahəsində ciddi problemlərin olması ilə bağlı fikirlər qeyri-obyektiv mülahizələrin nəticəsidir. Təsadüfi deyil ki, müxtəlif nüfuzlu beynəlxalq qurumlar, ayrı-ayrı dövlət və hökumət başçıları, digər rəsmi şəxslər, ekspertlər, politoloqlar Azərbaycanın müstəqillik illərində güclü dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində əldə etdiyi böyük uğurları, hazırkı dövrdə dinamik inkişafını xüsusi vurğulayırlar.
Bu fikirlərin ciddi obyektiv əsasları vardır. Məlum olduğu kimi, bu gün Azərbaycanda demokratik dəyərlərin, o cümlədən vətəndaş cəmiyyətinin əsasını təşkil edən QHT sektorunun, müstəqil KİV-in inkişafına dövlət hərtərəfli dəstək verir.
Lakin bununla yanaşı, ölkənin milli maraqlarına zidd fəaliyyət göstərən istər fiziki və istərsə də hüquqi şəxslər məsuliyyətə cəlb olunur. Bu praktika Qərb ölkələrindən tutmuş dünyanın müxtəlif bölgələrində mövcuddur. Sadəcə olaraq Avropa Parlamenti yuxarıda sadalanan səbəblər üzündən Azərbaycana qarşı qərəzli “tələblər” irəli sürməklə bir daha özünün «ikili standartlar» yanaşmasından qurtula bilmədiyini nümayiş etdirmiş olub.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər