AZE | RUS | ENG |

“Azərbaycana sevgi ilə” yazılmış kitablar təqdim olundu

“Azərbaycana sevgi ilə” yazılmış kitablar təqdim olundu
Əməkdar jurnalist Xalid Niyazovun “Qılınc, yoxsa qələm?!” və “Azərbaycana sevgi ilə” kitablarının təqdimatı keçirilib

Sentyabrın 28-də Beynəlxalq Mətbuat Mərkəzində Əməkdar jurnalist Xalid Niyazovun “Qılınc, yoxsa qələm?!” və “Azərbaycana sevgi ilə” kitablarının təqdimatı keçirilib. Təqdimat mərasimini Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva açaraq, yeni kitablar və onun müəllifi haqqında danışıb. O, institutun doktorantı Xalid Niyazovu 2 ildən artıqdır ki, tanıdığını söyləyib. Bildirib ki, yüksək mədəniyyətə, biliyə malik əsl Azərbaycan ziyalısıdır:

“Vətənpərvərlik hissi onda daha güclüdür. Hazırda təqdimatına toplaşdığımız bu iki kitabın yazılmasına da əsas səbəb onun daxilindən gələn vətənpərvərlik hissidir. “Qılınc yoxsa qələm?!” kitabında müəllif müxtəlif illərdə qələmə aldığı məqalələri toplayıb. Doqquz fəsildə təsnifləndirilmiş yazılar ən müxtəlif mövzulara həsr olunub. Burada cəmiyyətin mənəvi ülgüləri, etik-əxlaqi dəyərlər, mətbuatın “ekologiyası”, cəmiyyət-insan-şəxsiyyət üçbucağı ətrafında düşüncələrə həsr olunmuş sanballı yazılar yer tapıb. Məqalələr janr əlvanlığı ilə seçilsə də, hamısını birləşdirən vahid ideya-qayəvi xətt var. Bu, səmimilik, düzlük, prinsipiallıq, peşəkarlıq və bir də yüksək ictimai-mənəvi məsuliyyətdir. Məhz həmin məziyyətlər fərqli ovqat və zamanlarda ərsəyə gəlmiş yazıların müasirliyini, aktuallığını şərtləndirir”.

A.Mustafayeva müəllifin ikinci kitabı barədə də geniş məlumat verib. Qeyd edib ki, Xalid Niyazovun “Azərbaycana sevgi ilə” adlanan ikinci kitabında Azərbaycana, onun dövlətinə, dövlətçiliyinə, Azərbaycan xalqına məhəbbət mövzusu üstünlük təşkil edir: “Ulu öndər Heydər Əliyevin dirçəliş və tərəqqi fəlsəfəsinə inam, dövlətin daxili və xarici siyasəti, demokratik dəyərlər, müstəqillik idealları, ölkənin uğurlu neft siyasəti, Prezident İlham Əliyevin apardığı uğurlu rifah və inkişaf xəttinin təbliği, çeşidli ictimai-siyasi problemlərə münasibətdə əqidə bütövlüyü, prinsip yenilməzliyi və ədalətli mövqe də ikinci kitabın əsas mövzularındandır. Müxtəlif illərdə, müxtəlif ictimai-siyasi hadisələrə çevik vətəndaş-yazar reaksiyasının məhsulu kimi ərsəyə gəlmiş məqalələrin janrını səlis jurnalist təhkiyəsi, sərrast siyasətşünas müşahidəsi və obyektiv hüquqşünas mövqeyi müəyyənləşdirir”.

Millət vəkili Nizami Cəfərov müəllifi təbrik edərək, yaxından tanıdığı Əməkdar jurnalistin bəzi xüsusiyyətləri barədə danışıb. Bildirib ki, təkcə, Xalid Niyazovu oxumaqla son dövrlər Azərbaycanda yaşanan ictimai-siyasi, tarixi hadisələri aydın təsəvvür etmək olar: “Bu kitablar məni ən çox sevindirən kitablardır. Ən əvvəl ona görə ki, bu kitabların müəllifi gənc dostum, tələbə yoldaşım Xalid Niyazovdur. İkincisi, kitabların həqiqətən də gözəl tərtibatı var. Ən nəhayət, bu kitablar oxunmalı kitablardır. Jurnalistin xoşbəxtliyi ondadır ki, onun yazdığı yazı hər zaman oxunur. O, həm yazıçı, həm publisist, həm də politoloqdur. Ən əsası Xalid Niyazovun özünəməxsus üslubunun olmasıdır. O, hər hansı hadisəyə özünəməxsus ifadələrlə yanaşır. Bu cür yazı ərsəyə gətirmək üçün gərək yazarın həm intellektual potensialı yüksək olsun, həm də hissiyatı. Bu cəhətlərin hər biri Xalid Niyazovda cəmləşib”.

Təqdimat mərasimində professorlar Ramiz Əkbər, Qafar Cəbiyev, İsaxan Vəliyev, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və başqaları da çıxış edərək kitabın əhəmiyyətindən danışıblar.

Sonda Əməkdar jurnalist Xalid Niyazov onun ünvanına söylənilən xoş sözlərə və müəllifi olduğu kitablara verilən qiymətə görə hər kəsə minnətdarlığını ifadə edib.

Qeyd edək ki, “Qılınc, yoxsa qələm?!” kitabının redaktoru professorlar Asif Hacıyev və Ramiz Əkbər, “Azərbaycana sevgi ilə” kitabının redaktoru isə AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov, rəyçilər professorlar Qafar Cəbiyev və İsaxan Vəliyevdir. Kitab “Oskar” nəşriyyat-poliqrafiya müəssisəsi tərəfindən 1000 nüsxədə nəşr olunub.
Rufik İSMAYILOV

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.884
GEL 1 1 Gürcüstan larisi 0.5797
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0603
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.73
KWD 1 1 Küveyt dinarı 5.5892
TRY 1 1 Türkiyə lirəsi 0.2966