AZE | RUS | ENG |

Azərbaycana qışlamaq üçün gələn quşların sayı azalıb

Azərbaycana qışlamaq üçün gələn quşların sayı azalıb
Azərbaycanda bəzi yerlərdə yaşayış yerlərinin salınması və göllərin qurudulması ölkəmizə qışlamaq üçün köç edən quşların sayının azalmasına təsir göstərib.

Bunu özəl olaraq Trend-ə Azərbaycan Ornitoloji Cəmiyyətinin sədri, AMEA Zoologiya İnstitutunun Ornitologiya işçi qrupunun rəhbəri, dosent Elçin Sultanov deyib.

E.Sultanov bildirib ki, vaxtilə Kürdəmir rayonundakı Qarasu gölünün ətrafında yüzminlərə quş qışlayırdı. Lakin bu gölün qurudulması nəticəsində həmin quşlar ovlamaq üçün başqa yerlərə getməyə məcbur olublar.

Mütəxəssis analoji vəziyyətin digər göllərdə də müşahidə edildiyini söyləyib:

"Əvvəl Ağgöl kiçik bir göl idi, indi isə o böyüdülüb, onun yanındakı Mehman gölü isə böyük göl idi, indi o quruyub. Əvvəllər Hacıqabul gölünün ətrafında da quşlar qışlayırdı. İndi bu göl də quruyub. O, bərpa edildikdən sonra orada xeyli quş qışlayacaq. Ümumilikdə təbiətdə göllərlə bağlı bu cür dəyişikliklər daim baş verdiyi üçün qışlayan quşlar da köç yerini dəyişirlər. Quşların qışlaması ilə bağlı böyük problemlərdən biri də İraqın keçmiş prezidenti Səddam Hüseyn tərəfindən bataqlıq göllərin qurudulmasından sonra yarandı. Həmin göllərdə qışlayan quşlar yersiz qaldıqları üçün ora-bura dağılmağa başladılar. Bəlkə bu səbəblərdəndir ki, ümumi dünya populyasiyalarında quşların sayının azalması baş verdi".
 
Bakının ətrafında da xeyli quşun qışladığını söyləyən alim bildirib ki, əvvəllər Ələt limanının tikildiyi ərazidə 60 min quş qışlayırdı:

"Lakin bu liman tikildikdən sonra həmin quşları orada görmürük. Liman tikintisi təbii ki, onları hürküdüb və onlar başqa yerə köçüblər".

E.Sultanov bildirib ki, Azərbaycana miqrasiya edərək burada qışlayan quşların sayı əsasən hava şəraitindən asılı olaraq dəyişir.

Digər ölkələrdə qış çox sərt keçdikdə Azərbaycana daha çox quşun gəldiyini deyən ornitoloq qeyd edib ki, tədqiqatlar aparılmadığı üçün ölkəyə miqrasiya edən quşların dəqiq sayı bilinmir. Lakin müşahidələrə əsasən, son 50-100 il ərzində Azərbaycana miqrasiya edən quşların sayının azaldığını söyləmək olar:

"Sözsüz ki, 50-100 il əvvəl Azərbaycana daha çox sayda quş miqrasiya edirdi. Bu, birbaşa dünyada baş verən iqlim prosesləri ilə bağlıdır".

Azərbaycana miqrasiya edən quşların daha çox Rusiyadan gəldiyini deyən E.Sultanov əlavə edib ki, ölkəmizə miqrasiya edən quşlar üçün çox böyük qışlama yerləri var. Ancaq quşların təxminən yarısı Xəzər dənizinin kənarında qışlayır. Onların qışlaması üçün ən əhəmiyyətli yer isə Qızılağac Milli Parkıdır.

Cəmiyyət sədri Qızılağac Milli Parkının yalnız Azərbaycanda deyil, keçmiş SSRİ məkanında ən böyük qışlama, Avropada isə ən böyük qışlama yerlərindən biri olduğunu nəzərə çatdırıb.

İqlim şəraitinə görə Azərbaycana ilin böyük hissəsində quşların miqrasiya etdiyini deyən E.Sultanov əlavə edib ki, quşların ölkəmizə payız miqrasiyası avqustun sonlarından başlayır və dekabrın 15-dək, bəzən isə yanvaradək davam edir. Azərbaycana gəlmiş quşlar fevralın ortasından iyuladək olan müddət ərzində yenidən geri qayıdırlar:

"Hələlik hava mülayim keçdiyi üçün ölkəmizə çox quş gəlməyib. Amma hava daha da soyuqlaşmağa başladıqdan sonra daha çox sayda quşlar, xüsusilə su quşları gəlməyə başlayacaq".




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9314
GEL 1 1 Gürcüstan larisi 0.6377
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1474
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1875
CHF 1 1 İsveçrə frankı 1.7103
KWD 1 1 Küveyt dinarı 5.5887
TRY 1 1 Türkiyə lirəsi 0.3176