• cümə axşamı, 28 mart, 21:54
  • Baku Bakı 13°C

Azərbaycana qarşı ənənəvi təzyiq rıçağı

21.05.14 09:34 1486
Azərbaycana qarşı ənənəvi təzyiq rıçağı
Son illər Azərbaycana qarşı təzyiq vasitəsinə çevrilmiş mövzu yenə də aktuallaşdırılır. Belə ki, müxalifət mətbuatı iddia edir ki, Azərbaycanda siyasi məhbus məsələsi Avropa Şurası Parlament Assambleyasının gündəminə qayıda bilər. Buna səbəb isə İrlandiyadan olan deputat Michael McNamaranın AŞ PA-nın aprel sessiyasında qətnamə üçün təşəbbüs hazırlamasıdır. «Azərbaycanın Avropa Şurasında sədrliyi: Bunun insan haqlarına təsiri nə olacaq?» adlanan sənədə artıq 20 deputat imza atıb.
Qeyd edək ki, ölkəmizin Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyə başladığı müddətdə bu cür müzakirələrin aparılması birmənalı qarşılanmır və bu addım ölkəmizə qarşı atılan növbəti qərəzli addım kimi qiymətləndirilir. Xatırladaq ki, Azərbaycana belə münasibət sərgilənməsi ilk dəfə deyil. Zaman-zaman bu cür mövzular qabardılıb, ölkəmiz haqda mənfi imic yaradılmasına cəhdlər edilib. Hamıya məlumdur ki, Azərbaycanı müxtəlif neqativ məqamlarda ittiham edənlər ölkəmizi sevməyən qüvvələrə xidmət edənlərdir. AŞ PA-dakı müəyyən qüvvələr də özlərinin Azərbaycandakı “nümayəndələr”i ilə birgə dövlətimizin beynəlxalq nüfuzuna xələl gətirməkdə maraqlıdırlar. Bir müddət öncə də AŞ PA-da bir qrup şəxs iddia edirdi ki, ölkə vətəndaşları siyasi görüşlərinə görə təqib olunurlar. Amma o qurumda təmsil olunanların əksəriyyəti buna qarşı çıxmışdı. Onlar Azərbaycana qarşı aparılan qərəzli kampaniyanı qəbul etməyərək başda məruzəçi Ştrasser olmaqla onları acı məğlubiyyətə uğratmışdılar.
Qətnamənin qəbul olunmasının əleyhinə çıxmaq təbii ki, orada yazılanlara qarşı olmaq deməkdir. Bu, bir daha onu göstərir ki, ölkəmiz haqda mənfi rəyi olan və ya bunu yaratmağa çalışanlarla yanaşı, iddiaların yanlış olduğunu deyib belə fikirləri təkzib edənlər də yetərincədir. Ölkəmiz adına sevindirici məqam odur ki, belə şəxslərin sayı əksdüşüncəlilərdən az qala, iki dəfə çoxdur. 2013-cü ilin yanvar ayında AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Ştrasserin təqdim etdiyi sənədə göstərilən reaksiya və onun əleyhinə səs verənlərin sayı bunu açıq şəkildə göstərir. Belə ki, Ştrasserin hesabatını 79 deputat dəstəkləsə də, 125 nəfər orada yazılanlara qarşı çıxmışdı. Onu da deyək ki, bu səsvermə AŞ PA tarixində ən çox deputat iştirak edən iclas hesab olunur. Göründüyü kimi, 2013-cü ilin yanvarında Azərbaycanda siyasi məhbuslara dair təqdim olunan hesabat böyük səs fərqi ilə məğlub oldu və qəbul olunmadı.
Bu, həmin o alman deputat Ştrasserdir ki, öz subyektiv mülahizələri ilə bəzilərini aldatmağa, inandırmağa müvəffəq olmuşdu. O, antiazərbaycan mövqeyi ilə bəzi AŞ PA üzvlərinin də fikirlərinə təsir etməyə çalışırdı. Sonradan isə onun bu qətnaməni sifarişlə hazırladığı öz təsdiqini tapdı.
Nəzərə çatdıraq ki, AŞ PA-da onun və himayədarlarının əleyhinə çıxanlar həm Ştrasserə, həm də Azərbaycana olan münasibətlərini nümayiş etdirmiş olublar. Onun hesabatının qəbul olunmaması ölkə ictimaiyyəti tərəfindən təbii olaraq müsbət qarşılanmışdı və bunun ölkəmizi istəməyən qüvvələrin hamısına yönələn cavab olduğu bildirilirdi.
Bizim üçün ən çox təəssüf doğuran məqam isə o idi ki, AŞ PA-da müzakirələr aparılan zaman hələ də torpaqlarımızı işğalda saxlayan Ermənistan bu işdə bədxahlarımıza yaxından kömək edirdi və var gücləri ilə ətraflarına topladıqları tərəfdarların, yəni, səs verəcək şəxslərin sayını artırmağa çalışırdılar. Ona görə də qətnamənin qəbul olunmaması həm də ermənilər üzərində qələbə hesab olunurdu.
AŞ PA-da baş verənlər həmçinin ölkə hakimiyyətinin söylədiklərinin təsdiqi kimi də qiymətləndirilir. Ondan sonra bu mövzu haqda danışılarkən fakt kimi bu məqam xüsusilə vurğulanır. Xatırladaq ki, prezident İlham Əliyev bu ilin əvvəlində Brüsseldə jurnalistlərin sualını cavablandırarkən də bunu xatırladıb və ümumiyyətlə «siyasi məhbus» termininin konkret mənasının olmadığını bildirib: ““Azərbaycanda siyasi məhbus yoxdur” fikri Avropanın və dünyanın ən vacib institutlarından biri olan AŞ PA tərəfindən təsdiq edilir. Azərbaycan 10 ildən artıqdır ki, Avropa Şurasının üzvüdür, biz Avropa İnsan Haqları Məhkəməsinin üzvüyük, bu da o deməkdir ki, Azərbaycanda siyasi məhbus ola bilməz. Kimə qarşısa ədalətsiz davranış baş veribsə, bu haqda həmişə Avropa Məhkəməsinə müraciət etmək imkanı var və biz də bu qurumun qərarlarına həmişə əməl edirik. Ona görə də sizin sualınıza ən yaxşı cavab AŞ PA-nın 2013-cü ilin yanvarında verdiyi qərardır”.
Onu da bildirək ki, Ştrasserin qətnaməsinin rədd edilməsi iddialarının sübutunu tapmaması anlamına gəlir. Adətən demokratik cəmiyyətlərdə bu cür məsələlər belə təpki gördüyü halda iddialar cavabını tapmış hesab olunur və onun müzakirəsi bağlanır. Ona görə də yenidən bu mövzunun gündəmə gətirilməsi çarəsizlik, başqa təzyiq vasitəsi tapılmaması məcburiyyətindən həyata keçirilən əməl kimi dəyərləndirilir. AŞ PA üzvlərindən çoxunun ölkəmizdə siyasi məhbus olduğuna qarşı çıxması belə deməyə əsas verir ki, ölkəmizə bu və digər mövzularda qara yaxmağa çalışanların cəhdlərinə baxmayaraq, onlar yenə də istəklərinə nail ola bilməyəcəklər. Siyasi məhbus məsələsi Azərbaycana qarşı düşünülmüş uğursuz təzyiq vasitəsi olmaqda davam edir. Xoşbəxtlikdən bədxahlarımız yeni təzyiq rıçaqları tapa bilmirlər və hərlənib fırlanıb yenə də əvvəlki vəziyyətə dönürlər.
Bir də nəzərə almaq lazımdır ki, Azərbaycan əvvəlki Azərbaycan deyil. İndiki güclü Azərbaycana heç bir xarici dövlətin daxili işlərinə müdaxilə etməsinə imkan vermir və bu məsələ ilə bağlı da verməyəcək.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər