AZE | RUS | ENG |


“Azərbaycana olan etimadın nümunəsi”

“Azərbaycana olan etimadın nümunəsi”
Ekspertlər NATO Hərbi Komitəsinin rəhbəri və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin görüşünün məhz Bakıda keçirilməsini bu cür dəyərləndirirlər

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən daxili və xarici siyasət ölkəmizin daha da inkişafına, beynəlxalq aləmdə sabitlik məkanı kimi tanınmasına səbəb olub. Məhz bunun nəticəsidir ki, Azərbaycan bir çox beynəlxalq tədbirlərə, o cümlədən diplomatların, prezidentlərin görüşlərinə ən yüksək səviyyədə ev sahibliyi edib. Bu il fevralın 16-da isə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danfordun Bakıda görüşü keçirilib. 

Sentyabrın 7-də paytaxtımız bu formatda daha bir görüşə ev sahibliyi edib. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel Bakıda görüşüblər. Bu görüş barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, generallar Avropa və Yaxın Şərqdə beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO Hərbi Komitəsinin rəhbərini keçiriləcək "Qərb-2017” strateji təlimləri barədə ətraflı məlumatlandıraraq, onların planlı və müdafiə xarakterli olduğunu, üçüncü ölkələrə yönəlmədiyini vurğulayıb.  Valeri Gerasimov təlimlərin əsas məqsədinin Rusiya-Belarus müttəfiq dövlətin təhlükəsizliyinin təmin edilməsi olduğunu qeyd edib. Görüşdə tərəflər təmasları davam etdirməyə qərar veriblər.

V.Gerasimov və P.Pavel Bakıda olduqları müddətdə rəhbərlik etdikləri nümayəndə heyətləri ilə ayrı-ayrılıqda Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovla da görüşüblər. Tərəflər hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, hərbi-texniki, hərbi təhsil sahələrində əlaqələrin inkişaf perspektivlərini müzakirə edib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Qonaqlar ikitərəfli görüşün Bakıda təşkil edilməsi və yüksək qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər. Həmin gün V.Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycanın dövlət başçısı da qəbul edib. Prezident İlham Əliyev V.Gerasimov və P.Pavel arasında görüşün məhz Bakıda keçirilməsini Azərbaycana olan etimadın nümunəsi kimi dəyərləndirib.
 
 

Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Aydın Mirzəzadə də hesab edir ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı V.Gerasimov və NATO-nun Hərbi Komitəsinin sədri, general P.Pavelin Bakıda görüşməsi Azərbaycanın artan siyasi nüfuzunun göstəricisidir. Millət vəkili bildirib ki, Azərbaycan dövlətçiliyin inkişafına görə dünyada yüksək səviyyədə nüfuz qazanıb. Onun fikrincə, buna görə də Azərbaycan çox böyük tədbirlərin keçirildiyi, dünyanın taleyüklü məsələlərinin həll edildiyi diplomatik mərkəzə çevrilir: "Azərbaycandakı stabillik, infrastruktur inkişafı ilə bağlı görülən tədbirlər və ən əsası təhlükəsizliyin yüksək səviyyədə olması görüş yeri kimi konkret olaraq Azərbaycanın seçilməsinə gətirib çıxarır. İlin əvvəlində ABŞ və Rusiya hərbi rəhbərlərinin görüşü zamanı bir çox ekspertlər bildirirdi ki, bu başlanğıcdır, gələcəkdə Bakıda belə tədbirlərin tez-tez keçiriləcəyi gözləniləndir. Dünyada bir qayda olaraq belə görüşlərin keçirildiyi bir neçə məkan var. Bunlar Paris, London, Cenevrədir. İndi bu siyahıya Bakının da əlavə edilməsi onu göstərir ki, Azərbaycan dünyanın bütün ölkələri ilə münasibətdə etibarlı tərəfdaş və ciddi məsələlərin müzakirə edildiyi bir ölkədir. Bakıda keçirilən görüş Azərbaycanın diplomatik nüfuzudur və dünyanın aparıcı dövlətləri, təşkilatları tərəfindən göstərilən etimaddır. Hesab edirəm ki, ikinci belə görüşün keçirilməsindən sonra dünya Azərbaycana tamam fərqli bir gözlə baxmağa başlayacaq”.
 
 

Sabiq təhlükəsizlik zabiti, hərbi ekspert Arzu Nağıyev də mövzuya dair fikrilərini bölüşərkən deyib ki, Azərbaycan mötəbər görüşlərə ev sahibliyi üçün bütün tələblərə cavab verir. Onun sözlərinə görə, Azərbaycanda yürüdülən balanslı siyasət, eyni zamanda yüksək təhlükəsizlik belə görüşlərin paytaxt Bakıda keçirilməsinə imkan verir: "Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi, ordu generalı Valeri Gerasimov və NATO Hərbi komitəsinin sədri, general Pyotr Pavelin görüşü üçün Azərbaycanın seçilməsi çox mühüm bir hadisədir. İlk dəfə deyil ki, ölkəmizdə belə bir görüş keçirilir. Bir müddət əvvəl də Rusiyanın baş qərargah rəisi ilə NATO rəhbərliyi məhz ölkəmizdə görüşdü. Bu, bir daha onu göstərir ki, Azərbaycan yüksək səviyyəli görüşlərin keçirilməsinə vasitəçilik edəcək bir dövlətə çevrilib. Bu görüşlərin ölkəmizdə keçirilməsinin bir səbəbi də dövlətimizin apardığı balanslı siyasətdir. Burada təhlükəsizlik məsəsləsi də mühüm rol oynayır. Çünki bu cür görüşlərin keçirilməsi üçün təhlükəsizliyə təminat verilməlidir. Azərbaycan bütün bu tələblərə tam cavab verdiyi üçün belə mötəbər görüş üçün məhz ölkəmiz seçilib”.
 
 

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu generalların Bakı görüşünə münasibət bildirərkən, bu hadisə barədə xəbərin sentyabrın 7-də yayılmasına, xəbər yayılandan cəmi bir neçə saat sonra görüşün başlamasına diqqət çəkib. Bildirib ki, bu, görüşün son ana qədər məxfi saxlandığından xəbər verir. O, fevral ayında da oxşar hadisənin baş verdiyini söyləyib: "Bu ilin fevral ayında da Rusiya və ABŞ baş qərargah rəislərinin Bakıda görüşəcəyi xəbəri yayıldıqdan bir neçə saat sonra Azərbaycan paytaxtında görüş başladı. Həmin vaxt Rusiya və ABŞ baş qərargah rəisləri Bakıda Suriyadakı vəziyyəti və bu ölkədə terrorçulara qarşı birgə mübarizə imkanlarını müzakirə etmişdilər. Azərbaycan Suriyaya yaxın olduğundan görüş yeri kimi Bakı seçilmişdi. Müxtəlif səbəblərdən görüş yeri kimi Suriyaya qonşu olan İran və Türkiyə seçilə bilməzdi. Çünki hər ikisinin Suriyada fərqli maraqları var. Azərbaycanın isə Suriyada yeganə marağı bu ölkənin ərazi bütövlüyünün və sabitliyin bərpasıdır. Bakıda hər hansı sənəd imzalanmadı. Buna baxmayaraq, məhz Bakıda əldə olunan şifahi razılaşma əsasında Rusiya və ABŞ hərbçiləri Suriyada terrorçulara qarşı mübarizədə bir-birlərinə mane olmadılar”.
 
 

Politoloq bu dəfə də görüş yeri kimi Bakının seçilməsinin səbəbini də dilə gətirib: "Gürcüstanın Rusiya ilə diplomatik münasibətləri yoxdur, iki dövlət arasında münasibətlər soyuqdur. Ermənistan isə Rusiyanın hərbi və strateji müttəfiqi, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Ona görə də müzakirə yeri kimi Tiflisin seçilməsinə Rusiya, İrəvanın seçilməsinə isə NATO rəhbərliyi razılaşmayacaqdı. Bu baxımdan Bakının seçilməsi tərəflər üçün daha münasib idi. Azərbaycanın həm Rusiya, həm də NATO ilə sıx əlaqələri var və hər ikisindən eyni məsafədədir. NATO Hərbi Komitəsinin rəhbəri ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi arasındakı növbəti görüşdə Suriya əsas müzakirə mövzusu deyildi. NATO ilə Rusiya arasındakı gərginlik daha fərqli mövzuları və məkanları əhatə edir. Rusiya NATO-nun sərhədlərinə yaxınlaşmasından, ABŞ-ın Şərqi Avropada raketlərdən müdafiə sistemlərini yerləşdirməsindən, NATO isə Rusiyanın Baltik ölkələrinə yaxın ərazidə hərbi təlimlərindən narahatdır. Düzdür, Bakıda heç bir sənəd imzalanmadı. Ancaq ötən dəfəki görüşdə olduğu kimi, şifahi razılaşma əldə olundu. Tərəflər münasibətləri daha da gərginləşdirməmək üçün dialoqun davamına qərar veriblər. Qlobal mövzular üçün görüş yeri kimi Bakının seçilməsi böyük dövlətlərin Azərbaycana verdiyi önəmdən irəli gəlir. Bu Azərbaycanın xeyrinədir. Azərbaycan beynəlxalq aləmdə dialoq platformasının mərkəzlərindən biri kimi tanınır. Eyni zamanda rəsmi Bakı bu imkandan istifadə edərək böyük dövlətlərin diqqətini torpaqlarının işğalı faktına yönəltmək imkanı qazanır”.
 
Rufik İSMAYILOV


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6863
GBP 1 İngilis funt sterlinqi 2.2939
TRY 1 Türk lirəsi 0.4853
KWD 1 Küveyt dinarı 5.6435
SEK 1 İsveç kronu 0.2120
EUR 1 Avro 2.0209
CHF 1 İsveçrə frankı 1.7507
USD 1 ABŞ dolları 1.7007