• çərşənbə axşamı, 23 aprel, 15:48
  • Baku Bakı 24°C

Azərbaycana gəlmiş yerini bilməyən “qonaqlar”

18.01.17 13:00 1569
Azərbaycana gəlmiş yerini bilməyən “qonaqlar”
Xalqımız qonaqpərvərliyi, humanistliyi ilə həmişə çoxlarına nümunə olub. Həddən ziyada olan bu qonaqpərvərliyimiz bəzən bizə çox ağır başa gəlib. Belə olduqda, yerini bilməyən "qonağa” yerini göstərən oğullarımız da olub ki, onların bu igidliyi dillər əzbərinə çevrilib. Ta qədimdən ölkəmizə yalnız bir niyyətlə gələn bu "qonaqlar” təbii sərvətlərimizə sahib olmaq, hökmü-fərman vermək, xalqı əsarət altında saxlamaq niyyəti ilə "təşrif buyurmuşlar”. Burada yaxşı olar ki, bir necə tarixi faktlara müraciət edək.
1803-cü ilin fevralında knyaz Pavel Sisianov Qafqaza baş komandan təyin edilir. Bu təyinatla Zaqafqaziyanın, o cümlədən Azərbaycanın yenidən işğalı geniş vüsət alır. 1844-cü ildə isə Mixail Semyonovic Vorontsov Qafqaza canişin təyin edilir. O, Qafqazın ilk canişini idi. Uzun illər Azərbaycanın çörəyini yeyən Mixail Semyonoviç sonra da azərbaycanlıların acığına Bakının lap mərkəzində Sisianova heykəl qoydurur. İlk canişinin 1846-cı il 14 dekabr əmrinə əsasən bütün Zaqafqaziya 4 quberniyaya bölünür: Tiflis, Kutaisi, Şamaxı və Dərbənd quberniyaları. Lakin bu bölgü heç bir prinsipə əsaslanmadan aparılmışdı. Azərbaycan, Gürcüstan və Ermənistan torpaqlarını müvafiq quberniyalarda birləşdirmək əvəzinə onları daha da parçalamışdılar. Məsələn, Azərbaycan ərazisinin bəzi hissələri Tiflis, Yerevan və Dərbənd quberniyaları tərkibinə daxil edilmişdi.
M.S.Vorontsovdan sonra Qafqaza "Xaç atası” adlandırılan Vorontsov-Daşkovun canişin təyin edilməsi müsəlmanların kütləvi qırılmasına və Bakı neftinin işğalına səbəb oldu. Belə "qonaq”larımızdan biri də Aleksandır Davidoviç Nakaşidze idi. Əslən gürcü olan Aleksandır Davidoviç 1837-ci ildə anadan olub. Mükəmməl hərbi təhsil alan A.Davidoviç orduda türklərə (azərbaycanlılara) qarşı qəddarlığı ilə tanınıb. 1877-ci ildə Türkiyə ilə müharibə başlayanda Dağıstanda Rusiya əleyhinə üsyan qalxıb və onun yatırılmasında A.D.Nakaşidze xüsusi qəddarlığı ilə seçilib. Bütöv kəndləri yandıraraq yer üzündən silib, əhalini kütləvi şəkildə məhv edib. Can-başla qulluğunda durduğu hökuməti də onun bu xidmətlərini yüksək qiymətləndirərək, 1877-ci ilin noyabrında ona general-mayor rütbəsi verir və Qərbi Dağıstanın hərbi rəisi təyin edir. Nakaşidze bu dəfə Dağıstan üsyanının yatırılmasında əhaliyə ağlasığmaz işgəncələr verməklə yaddaşlara həkk olur. Hökumət isə onu "İgidliyə görə” sözləri yazılmış qızıl xəncərlə mükafatlandırır.
1804-cü il yanvarın 2-dən 3-ə keçən kecə ruslar Gəncəni işğal edib I Aleksandrın arvadı Yelizavetanın şərəfinə Yelezavetpol adlandırsalar da, Gəncədən daim narahat idilər. Mərdliyi və vətənpərvərliyi ilə seçilən gəncəliləri birdəfəlik ram etmək üçün azərbaycanlılara qarşı qəddarlığı ilə ad çıxaran A.D.Nakaşidze 1880-ci ildə Yelizavetpol (Gəncə) quberniyasına qubernator təyin edilir. Yerli əhaliyə qarşı kobudluğu, adət-ənənələri gözləməməsi ilk gündən qubernatora qarşı nifrət hissi yaradır və sonda bütün bunlar ona canı bahasına başa gəlir.
Tez-tez kef məclisləri düzəldən və ova çıxan Nakaşidzenin yolu bir gün Qarabağan keçir. Burada gözü Əhməd bəy Cavanşirin (Mirzə Cəlilin ömür-gün yoldaşı Həmidə xanımın atası) atına düşür. Bu haqda Həmidə xanım Cavanşir (Məmmədquluzadə) "Xatirələrim”də yazırdı: "Atama həmişə cins, çevik, yorulmaz at lazım olurdu. Bir dəfə özünün sənədləşmə işləri üçün Şirvan mahalına getmiş, orada ürəyindən keçən belə bir ata təsadüfən rast gəlmiş, atı alıb evə qayıtmışdı. Həmin kəhər Qarabağ cinsi idi. İri qamətli, təndürüst, qızılı rəngdə idi. Bir gün qubernator Nakaşidze bu atı görür və gözü düşür. Özünə yaxın olan bir bəyi göndərir ki, atı görüb bəyəndiyini atama xəbər versin. Bu isə o mənaya gəlirdi ki, atam dərhal "peşkəşdir” deməli və atı qubernatora göndərməli idi. Əhməd bəy qubernatora başqa atlar təklif etsə də, o, yalnız həmin atı istədiyini bildirir. Bu isə Əhməd bəyin namusuna və mənliyinə toxunmaq demək idi. Odur ki, Əhməd bəy qubernatorun ismarıcını gətirən bəyə belə cavab verir: "Get, qubernator Nakaşidzeyə de ki, onun da arvadı mənim xoşuma gəlir”.
Əlbəttə, bu xəbər qubernatora olduğu kimi çatdırılır. Qubernator bu cürətinə görə atamı ən ağır cəza ilə cəzalandırmaq qərarına gəlir. Bundan sonra bəla və müsibətlər atamın üstünə yağmur kimi yağmağa başlayır. Bizim həyətdə, kəhrizlərdə axtarışlar aparılır. Əlbəttə, heç nə tapılmr”.
Bu dəfə qubernator Əhməd bəyi yerli çinovniklərin və bəylərin əli ilə vurmağı planlaşdırır. Sən demə qubernator yanılmayıb. Çünki Əhməd bəy cinayətkarları himayə edən, günahsızları cəzalandıran yerli idarəçilərin başının ağrısı idi. O, bu məsələlər haqqında tez-tez Tiflisdə çap olunan rusdilli qəzetlərə məqalələr yazır, onların cəzalandırılmasını tələb edirdi. Odur ki, yerli idarəçilərin və amansız, qəddar, savadsız, camaatın var-dövlətini soyğunçuluqla əlindən alıb varlanan "bəylərin” əllərinə fürsət düşmüşdü. Nəyin bahasına olursa-olsun Əhməd bəydən qisas almağa çalışanlar yalançı şahidlər tutaraq, onun üzünə durdurublar. Bir gün Əhməd bəyi polis Xankəndinə çağırır. "Atam qubernatorun gözü düşdüyü sevimli atına oturub sübh tezdən polisin müşayiəti ilə Xankəndinə yola düzəlir. Atamı oradan Şuşa zindanına aparırlar” yazan Həmidə xanım illər sonra o günləri çox təəssüf hissi ilə xatırladığını bildirirdi.
Amma Əhməd bəydə bu haqsızlığa ram olacaq biri deyildi. Köklü-köməcli bəy nəslindən olan Əhməd bəy Peterburqda mükəmməl hərbi və hüquq təhsili almış, uzun illər çar ordusunda qulluq etmiş, rus və fransız dillərini öyrənmiş, hökumət dairələrində nüfuzu, hörməti olan biri idi. Xalq arasında isə mərdliyi, məğrurluğu, səxavəti, işgüzarlığı və inadkarlığı ilə sevilirdi. Bir sözlə haqsızlığa boyun əyməyən, söz götürməyən, qabağından yeməyən, dəli-dolu olan Əhməd bəy Şuşa zindanından Tiflis canişinliyinə və Məhkəmə Palatasının baş prokuroru Bıkova başına gələn bu hadisə ilə bağlı müraciət yazır. Həmidə xanım yazır: "Tiflisdəki yüksək rəhbərlik Bıkovu Şuşaya ezam edir. O, gəldi, atamı dindirdi və həmin vaxtdan da bu iş məcrasını dəyişdi. 1882-ci il yanvarın 13-də atamı azad etdilər. Atam evimizə gəldi”.
Amma burada onu daha bir qanqaraldıcı hadisə gözləyirdi. Onun azad edilməsini eşidən düşmənləri Əhməd bəyin sevimli və başıbəlalı atını oğurlamış və bağrı çatlayana qədər qovmuşdular.
Bu hadisənin sədası bütün Qafqaza yayılır. Əhməd bəyin hörməti Qarabağda birə-beş artır. Bu oyunda Əhməd bəyin qələbəsini "həzm” edə bilməyən Gəncə qubernatoru isə azərbaycanlılara qarşı daha amansız addımlar atır. Hər an fürsət gözləyən qubernator 1905-ci ilin əvvəllərində erməni-müsəlman qırğınının yaranmasına şərait yaradır. Amma qazdığı quyuya ilk olaraq özü düşür. Qırğını törədən qubernator Nakaşidzeni öldürdülər.
Qonağa evini verən, süfrəsinin başında oturdan, qonaqpərvər, humanist azərbaycanlılar yerini bilməyən "qonağı” yerində oturtmağı da bacarırlar!
Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər