• şənbə, 20 Aprel, 10:49
  • Baku Bakı 14°C

Azərbaycana gələn soydaşlarımıza xüsusi münasibət göstərilərsə...

03.12.18 18:22 492
Azərbaycana gələn soydaşlarımıza xüsusi münasibət göstərilərsə...
"Azərbaycanda "Soydaş haqqında” qanunun qəbuluna ehtiyac var”. Bu barədə Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Milli Məclisin iclasında "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı bildirib.
O, layihədə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin olduqları yer üzrə qeydiyyata alınmaları üçün müddətin 10 gündən 15 günə artırılmasını müsbət qiymətləndirib: "Ancaq diqqəti bir məqama yönəltmək istərdim. İl ərzində Azərbaycana gələn xarici ölkə vətəndaşlarının çoxu Gürcüstanda yaşayan azərbaycanlılardır. Qonşu dövlətdə yaşayan 300 minə yaxın soydaşımızın demək olar, hər birinin ailəsi Azərbaycanla sıx şəkildə bağlıdır. Əksəriyyəti Azərbaycanda bu və ya digər formada daşınmaz əmlaka malikdirlər. Elə ailələr var ki, ər bir dövlətin, həyat yoldaşı isə başqa bir dövlətin vətəndaşıdır. Bəzi hallarda onların uşaqları da belədir”.
Deputat təklif edib ki, Azərbaycandan kənarda yaşayan soydaşlarımız, xüsusən də Gürcüstanda yaşayanlar üçün nəzərdə tutulan müddət daha çox olsun: "Çünki bir də görürsən ki, iki qoca valideyn öz övladına, doğmalarına baş çəkmək üçün gəlir, bir gün gecikəndə 400 manat cərimə ödəməli olur. Buna bənzər problemlərlə eyni zamanda digər ölkələrdə, əsasən də Rusiyada vətəndaşlıq almış soydaşlarımız qarşılaşırlar”.
Ə.Amaşov hesab edir ki, belə problemləri operativ və daha münasib formada həll etmək üçün ayrıca qanuna - "Soydaş haqqında” qanunun qəbuluna ehtiyac var: "Axı, biz Azərbaycanı dünyaya səpələnmiş bütün azərbaycanlıların vətəni hesab edirik”.
Təklif edilən qanunun soydaşlarımıza hansı üstünlükləri verəcəyini, nə kimi əhəmiyyəti olacağını və başqa hansı güzəştlərə ehtiyac olduğunu öyrənməyə çalışdıq.
Millət vəkili Fazil Mustafa bildirir ki, belə bir qanunun qəbul edilməsini vacib sayır və dəstəkləyir: "Bu məsələ ilə bağlı Milli Məclisdə təklif irəli sürülüb. Bu qanunu ona görə təklif etmişik ki, əcnəbilərlə soydaşlarımız arasında fərq göstərilməlidir. Misal üçün, Borçalıda, Güney Azərbaycanda yaşan soydaşlarımıza ucdantutma "əcnəbi” deyilməsi düzgün deyil və heç bir məntiqə sığmır. Ona görə də, belə bir qanunun qəbulunu vacib sayırıq və dəstəkləyirik. Hesab edirəm ki, bu istiqamətdə bir aydınlaşdırılma olmalıdır. Çünki burada söhbət soydaşlarımızın taleyindən gedir. Bunun üçün də birlikdə, düşünülmüş şəkildə müəyyən addımlar atmalıyıq. Başqa bir məsələ isə viza ilə bağlıdır. Viza prosesində də soydaşlarımıza fərqli münasibət göstərilməlidir. Onlara əcnəbi kimi yanaşmaq doğru deyil. Həmçinin iş həyatında və digər sahələrdə də müəyyən güzəştlər olmalı, imkanlar yaradılmalıdır”.
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İctimai Şuranın üzvü Əliməmməd Nuriyevqeyd etdi ki, belə bir qanun dünya təcrübəsində də tətbiq edilir: "Həqiqətən də dünyanın müxtəlif ölkələrində bizim soydaşlarımız yaşayır. Cənubda 30 milyon, Avropada 100 minlərlə, Rusiyada milyonlarla, Cənubi və Şimali Amerikada, hətta, Avstraliyada da həmvətənlilərimiz yaşayır. Əlbəttə ki, belə bir qanunun qəbul edilməsi olduqca təqdirəlayiq bir addım olardı. Soydaşlarımızın ölkədə qalma müddətləri və digər məsələlərlə bağlı müəyyən güzəştlər olmalıdır. Hazırda viza ilə bağlı ciddi bir problem yoxdur. Amma yaxşı olar ki, qiymətlər bir az da aşağı endirilsin və ya viza rejimi onlar üçün tamamilə ləğv edilsin. Bu kimi güzəştlərin olması diasporumuzun vətənlə olan əlaqələrinin də güclənməsi səbəb olar. Həm də eyni zamanda həmvətənlilərimiz Azərbaycanın ictimai, siyasi və mədəni həyatında yaxından və fasiləsiz iştirak etmək şansı əldə edərlər. Əslində, bu kimi qanun dünyanın bir çox ölkəsində tətbiq edilir. Biz də bu qanunu həyata keçirərkən dünya təcrübəsindən yararlana bilərik.
Həmsöhbətimiz qeyd etdi ki, bu qanun həm də soydaşlarımızın milli kimliyini qoruma imkanlarının da genişlənməsinə əhəmiyyətli təsir göstərəcək: "Bəzən əlaqələrin zəifliyi elə bir həddə gətirib çıxarır ki, soydaşlarımızda milli kimlik məsələsində problemlər yaranır. Həmçinin assimilyasiya prosesini daha da sürətləndirir. Ona görə də, hesab edirəm ki, bu mövzuya diqqət ayırmağın vaxtı çatıb. Digər tərəfdən, bu, ölkəmizdə olan demoqrafik vəziyyətə də təsirsiz ötüşmür. Hazırda demoqrafik baxımdan ciddi problem yoxdur. Amma verilən bəzi proqnozlara əsasən demək olar ki, bir müddət sonra Azərbaycanda demoqrafik zəifləmə müşahidə ediləcək. Ona görə də, bir çox məsələləri indidən düşünmək və həll yolunu tapmaq lazımdır. Bu həll yollarından biri də soydaşlarımızın ata yurduna gəlməsi prosesinin asanlaşdırılmasıdır. Düşünürəm ki, gələcəkdə onlara vətəndaşlığın verilməsi məsələsinə də baxılmalıdır”.
Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov soydaşlarımızla bağlı atılan addımların yeni olmadığını, SSRİ dağılandan bu mövzunun gündəmdə saxlanıldığını bildirdi: "Sadəcə, maraqlı bir məqam var. Soydaşlarımızla əlaqəli mövzu müzakirə edilərkən ilk olaraq biz müəyyənləşdirməliyik ki, "soydaş” deyərkən kimi nəzərdə tuturuq. Yəni faktiki olaraq "soydaş” deyilərkən kimlərin nəzərdə tutulduğu göstərilməlidir. Bu müəyyən edildikdən sonra konkret olaraq demək olar ki, atılan addımlar nə ilə nəticələnə bilər. Soydaşlarımızla bağlı Dövlət Miqrasiya xidmətində də bəzi müzakirələr aparılıb və bununla əlaqəli təkliflərimizi irəli sürmüşük. Düşünürəm ki, bu istiqamətdə müəyyən addımlar atılacaq”.
Ekspert qeyd etdi ki, dünyanın bəzi aparıcı ölkələrində soydaşla bağlı verilən qərarların bir çoxu həmin ölkədəki demoqrafik vəziyyətlə əlaqəlidir: "Demoqrafik durumunda müəyyən problemlər yaşayan, böhran qorxusu ilə üz-üzə olan ölkələrdə soydaşlarla bağlı xüsusi imtiyazlar, güzəştlər tətbiq edilir. Digər tərəfdən, bu qanunun ölkələr üçün siyasi, iqtisadi, sosial tərəfləri də var. Vaxtı ilə Rusiya bu işdə kifayət qədər maraqlı idi. Ölkədəki demoqrafik problemi aradan qaldırmaq, kənarda yaşayanları cəlb etmək üçün bir sıra güzəştlər tətbiq edirdi” .
Müsahibimiz bir nüansı da qeyd etdi: "Bizim Konstitusiyamızda bir çox məsələlərdə ayrı-seçkiliyin olmadığı təsbit olunub. Yəni irqindən, dinindən, sosial məsuliyyətindən asılı olmayaraq, ayrı-seçkiliyə yol verilmədiyi yazılıb. Bu zaman soydaşlarımızla bağlı təklif edilən qanun, Konstitusiyadakı müddəa ilə ziddiyyət təşkil edə bilər. Ona görə də, bu məsələyə bir qədər həssas yanaşmalıyıq”.

Günel Azadə


banner

Oxşar Xəbərlər