• cümə, 19 Aprel, 16:35
  • Baku Bakı 25°C

“Etiraf edirəm ki, ətrafdakı insanların diqqətini çəkirəm” - Fotolar

09.01.19 11:22 3762
“Etiraf edirəm ki, ətrafdakı insanların diqqətini çəkirəm” - Fotolar
Deyirlər eybəcər xanım yoxdur, baxımsız xanım var. Bəzən bu deyimlə razılaşır, bəzən isə inkar edirik. "Məşhurların gözəllik sirrləri” rubrikamızın budəfəki qonağı gün ərzində özünə heç 5 dəqiqə zaman sərf etmir. Ancaq buna baxmayaraq, bəyaz qısa saçları və ideal bədən quruluşuna görə diqqət çəkir. Bir zamanlar xəbər aparıcısı, təşkilatçı kimi tanıdığımız Vüsalə Səid indi İTV telekanalında texnologiyalardan bəhs edən "#itvtech” verilişinin aparıcısıdır.

Vüsalə xanımla nə xəbərlərdən, nə də texnologiyanın bizə vermiş olduğu üstünlüklərdən danışdıq. Onunla gündəlik qida rasionundan, cazibədar qalmaq üçün istifadə etdiyi üsullardan söhbət açdıq. Aydın oldu ki, gözəgəlimli olmaqüçün brend geyimlərə, bahalı aksesuarlara ehtiyac yoxdur. Olduğunuz kimi görünməyiniz sizi hər kəsdən fərqli göstərəcək. Belə olduğu halda, siz daha gözəl görünə bilərsiniz. Onu ideal bədən formasında saxlayan isə gündəlik dinamik iş həyatının olmasıdır. Passiv həyatdan uzaq durmaq, daim öz üzərində işləmək, yeni kitablar oxumaq, gəzmək, aktiv həyat keçirmək onun həyat devizidir.

- Vüsalə xanım, hər zaman baxımlısınız, formadasınız. Bunu necə qoruyub saxlaya bilirsiniz?
- Kompliment üçün təşəkkür edirəm. Həyat tərzimə uyğun olaraq daim hərəkətdəyəm. Passiv həyat keçirmirəm. Son zamanlar xanımlarımıza nəzər yetirsəniz, onların daha çox baxımlı olmağa çalışdıqlarını görərsiniz. Mən formada qalmaq üçün xüsusi nələrsə etmirəm. Bədən quruluşum genetik olaraq belədir.

- Baxımlı olmaq üçün gün ərzində özünüzə nə qədər zaman sərf edirsiniz?
- Demək olar ki, 5 dəqiqə 30 saniyə (gülürük). İşlərimin çoxluğundan özümə zaman sərf edə bilmirəm. Gərgin iş qrafikim olduğuna görə, ayaqüstü qaça-qaça nə çatdırıramsa, odur.

- Belə arıq qalmanız üçün dieta necə, saxlayırsınızmı?
- Əksinə, indiyə qədər heç bir dietadan istifadə etməmişəm. Ürəyim istəyən qidanı qəbul edirəm. Məni yaxından tanıyan hər kəs bunun şahididir. İstədiyim zaman, istədiyim nemətlərdən dadıram. Özümü belə şeylərə görə yeməkdən mərhum etmirəm. Hətta xanımların kabusuna çevrilən yağlı yeməklər və un məmulatlardan da dadıram. Təbii ki, bu zamandan və məkandan asılıdır.

- Sizə əbəs yerə robot Sofiyanın Azərbaycandakı qohumu demirlər. Sofiyaya həqiqətən çox bənzəyirsiniz. Bu mövzu ilə bağlı təəssüratlarınızı eşitmək istərdik.
- Ona qalsa, mən robot Sofiyadan yaşca böyüyəm. Son müzakirələrdən sonra onu balaca bacım hesab edirəm. Sofiya ilə bütün oxşarlıqlarımız tam bir təsadüfdür. O, Azərbaycana gəlməmişdən qabaq mənim saç düzümüm belə idi. Mənin İTV-də "#itvtech” aparıcısı təyin olunmağımla Sofiyanın Azərbaycana gəlişi üst-üstə düşdü. Həmin tədbirdə aparıcılıq etmək təklif olundu. Mən də etiraz etmədim. O tədbirdən sonra hər kəs mənim həqiqətən də Sofiyaya bənzədiyimi söylədi. O gün, bu gün, dostlarım, televiziya işçiləri, çevrəmdəki insanlar cəmiyyət arasında da belə bir fikir formalaşdı. Məni Sofiyaya bənzətməyə başladılar. Təbii ki, mən bunu normal qəbul edirəm.

- Sofiyadan söz düşmüşkən, hazırda siz texnologiyalardan bəhs edən "#itvtech” verilişinin aparıcısınız. Uzun müddət müxtəlif telekanallarda xəbər aparıcısı kimi tanıdığımız Vüsalə xanımı bu dəfə başqa bir ampluada gördük.
- 14 ildir ki, televiziya sahəsindəyəm və xəbərlər departamentində çalışmışam. İşdən ayrıldıqdan bir müddət sonra İctimai televiziyadakı "#itvtech” verilişindən təklif aldım. Əvvəlcə tərəddüd etdim. Çünki bu, texnologiya sahəsində olan yeniliklərdən bəhs edən bir verilişdir. Mənim isə ən son texnologiyalardan o qədər də məlumatım yox idi. Düşündüm və "niyə də olmasın” dedim, təklifi qəbul etdim. Əslində yaxşı ki, razılıq vermişəm. Çünki maariflənərək maarifləndirirəm və bu da, məni çox sevindirir.

- Saç modeliniz çox fərqlidir və bu model hər xanıma yaraşmır. Qısa saçlar sizdə hər hansı kompleks yaradırmı? Axı xanımlar daha çox saçları ilə öyünürlər.
- Saçlarımın qısalığına görə heç bir kompleks hissi keçirmirəm. Saçlarımı cəmiyyətdən seçilmək üçün kəsdirməmişəm. Bu, təsadüfən belə alınıb. Saçlarımın ağ rəngdə olmasını istəyirdim və onu boyatdım. Ancaq istədiyim rəngi boya ilə əldə edə bilmədim. Saçımın piqmenti o rəngi almaq istəmədi. İstədiyim saç rəngini almağa az qalmış, saçlarım yanıb töküldü. Saçlarım yandığına görə, bir gün stress keçirdim, düşünürdüm ki, bu saçla insanların içinə necə çıxacağam. Ancaq yeni saçlarıma tez alışdım və bunu imic kimi saxladım. Mən bu saç düzümündə rahatlıq tapdım. Bir dəfə saçımın arxasını çox qısa kəsdirmişdim. Çox açıq olmasın deyə, onu xına ilə işlətdim. Bilirsiniz ki, incəsənətə bağlı insanam. Başımın arxa tərəfində olan o naxışların müəllifi özüməm. Bəlkə də saçlarım yanmasaydı, mən də o riski etməzdim. İndi öz ağ saçlarım boy göstərir, o ağlar məni sevindirir. Hətta elə bilirlər ki, dibdən çıxan o ağ saçlarımı özüm belə etdirirəm.Xanımlarımız mənim istifadə etdiyim bu qısa saç modelini seçsələr, yalnız şad olaram. Mənim də saçımla öyünən vaxtlarım olub. Belə ki, uzun saçlara sahib olmuşam. Övladım dünyaya gəldikdən sonra saçımı tədricən qısaltmağa başladım. Saç rəngi olaraq bəyazlığı istədiyimə görə, boyalardan çox istifadə etdim. Bu, bir imic halına keçdi. Hər kəs tərəfindən bəyənildi. Bu rahatlığı görəndən sonra uzun saçlar haqqında hələ ki, düşünmürəm.

- Geyimləriniz də imiciniz kimi çox fərqli və gözoxşayandır. Modelyerlə işləyirsiniz, yoxsa öz seçiminizdir?
- Əlbəttə ki, geyimlərimə xüsusi diqqət yetirirəm. Çox zaman geyimlərimi öz seçirəm. Ancaq modelyerlə də çalışıram. Hər nə qədər modelyer məsləhəti alsam da, son qərar mənə məxsusdur. Çünki geyimi üzərimdə mən daşıyıram. Mənə nə yaraşırsa, onu da geyinirəm. Etiraf edirəm ki, ətrafdakı insanların diqqətini çəkirəm. Ancaq heç bir kompleksi hissi keçirmirəm. Əvvəllər geyimimə, saç düzümümə reaksiya verənlər var idi. Hər cür reaksiyalarla rastlaşırdım. Kəskin tənqid edənlər də həddindən artıq olur. Bu günə qədər bütün geyimlərimdən və modelyerlərimdən razıyam.

- 2018-ci il bitdi. Geridə qoyduğumuz bu ili sizin üçün uğurlu hesab etmək olarmı?
- Şübhəsiz, ilin ən uğurlu hadisəsi mənim yenilənmiş İTV-nin bir parçası olmağımdır. Burada işləməkdən zövq alıram. Bu il bir çox layihələrdə rol aldım və iştirakçısına çevrildim.

- Onlar hansılardır?
- Azərbaycanda ilk dəfə Türkiyənin məşhur sinema kralı və kraliçası layihəsini təşkil etdim. Bu layihə çərçivəsində Türkiyədə müxtəlif layihələrdə işləmək təklifi alsam da, razılaşmadım. Çünki vətənə bağlı biriyəm. Vətənə döndüm və dönər-dönməz, İctimai kanaldan "#itvtech” verilişində aparıcı olaraq çalışmaq təklifi aldım. Bu təklifi sevə-sevə qəbul etdim. Texnologiya sahəsinə daxil olduğum gündən bir başqa aləmə düşdüm. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi daxil olmaqla, ardıcıl şəkildə tədbirlərə dəvət aldım. 2018-ci ildə bir çox layihələrdə aparıcı olaraq çıxış etdim. Reklamlara çəkildim, mükafatlar aldım. Nəhayət İctimai Televiziyanın çəkdiyi "Oxşarabad” filmində rol aldım. 2019-cu ildən isə gözləntilərim çoxdur.

Xəyalə Rəis


banner

Oxşar Xəbərlər