• şənbə, 20 Aprel, 17:20
  • Baku Bakı 23°C

Azərbaycana erməni eynəyi ilə baxmaq cəhdi

14.01.19 20:24 723
Azərbaycana erməni eynəyi ilə baxmaq cəhdi
Azərbaycanın müstəqil xarici siyasət kursunda işğalçı Ermənistan istisna olmaqla, digər qonşu dövlətlərlə, xüsusən də Rusiya ilə münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Müstəqilliyimizi ikinci dəfə bərpa etdikdən indiyə qədər ötən müddət ərzində Azərbaycan ilə Rusiya arasında siyasi, iqtisadi, hərbi, mədəniyyət, təhsil, səhiyyə və sair sahələrdə əlaqələr inkişaf etdirilib. Humanitar sahədə əməkdaşlığı tənzimləyən çoxsaylı saziş və müqavilələr imzalanıb. Prezident İlham Əliyevin ötən il sentyabrın 1-də Rusiyaya rəsmi səfər etməsi ölkələrimiz arasında münasibətlərin inkişafına daha bir təkan olub. Soçidə keçirilən bu görüşdə prezidentlər İlham Əliyev və Vladimir Putin "Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanat” imzalayıblar. Bununla yanaşı, Rusiya və Azərbaycan hökumətləri arasında 2024-cü ilə qədər əməkdaşlıq Proqramı, Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərinin inkişafı üzrə fəaliyyət planı (5 "yol xəritəsi”), iqtisadiyyat nazirlikləri arasında iqtisadi əməkdaşlığın inkişafı haqqında saziş və digər mühüm sənədlər imzalanıb.
Dövlət rəhbərlərinin həyata keçirdiyi siyasi kurs, o cümlədən imzalanan sənədlər, qarşılıqlı rəsmi səfərlər nəticəsində Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Regional və qonşuluq münasibətləri ilə yanaşı, hər iki dövlət beynəlxalq arenada, o cümlədən BMT-də, Avropa Şurasında, ATƏT-də qarşılıqlı fəaliyyət göstərir. Prezidentlər İlham Əliyevlə Vladimir Putinin şəxsi münasibətlərinin yüksək səviyyədə olması isə bu əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyindən xəbər verir.

Lakin əfsuslar olsun ki, Rusiya daxilində olan bəzi qüvvələr, xüsusən də erməni maraqlarını ifadə edən şəxslər bu münasibətlərə xələl gətirməyə çalışırlar. Onlar tərəfindən Kreml rəhbərliyinin iradəsinin əksinə hərəkətlər edilir, dövlətlərarası münasibətlərin ruhunun zidd addımlar atılır, məsuliyyətsiz bəyanatlar verilir. Misal üçün, Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədr müavini Konstantin Zatulintez-tez bu cür bəyanatlarla çıxış edir, ermənipərəst fikirlər səsləndirir, Azərbaycan əleyhinə mövqe bildirir. Qeyd edək ki, 1993-cü ildə ilk dəfə Rusiya Dövlət Dumasına deputat seçilərkən K.Zatulinin seçki qələbəsini Soçidəki erməni lobbisi və diasporu təmin edib. Bu dəstəyin müqabilində K.Zatulin erməniləri himayə etmək öhdəliyi götürüb. Ona görə də tez-tez ermənipərəstlik nümayiş etdirərək Rusiya Federasiyasının dövlət maraqlarını ayaqlar altına atır, Minsk qrupunun həmsədr dövlətinin beynəlxalq nüfuzuna xələl gətirəcək, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə bu ölkənin tərəfsizliyini şübhə altına alacaq bəyanatlar verir. Bu azmış kimi o, beynəlxalq hüququn tələblərinin, dövlətlərin ərazi bütövlüyü prinsipinin ziddinə gedərək, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə qanunsuz səfərlər edib, hətta bu "xidmətlərinə” görə işğalçı dövlətdən orden də alıb.

Rusiya Dövlət Dumasının Beynəlxalq komitəsinin sədr müavini Svetlana Jurovanın da daxil olduğu bir qrup rusiyalı qadının ötən il oktyabrın 7-də Dağlıq Qarabağa icazəsiz səfəri də K.Zatulin kimilərinin hərəkətləri ilə eyni mahiyyət daşıyır. Adları çəkilən rusiyalı deputatların, eləcə də onlarla eyni mövqeyi daşıyan bəzi siyasətçilərin sırasına Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarovanın qoşulması isə acı təəssüf doğurur. Belə ki, o, bu günlərdə açıqlama verərək, erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmamasından narahatlığını ifadə edib. Bununla da dövlət rəsmisi kimi deyil, erməni yanlısı kimi qərəzli, Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirəcək təxribat xarakterli mövqe ortaya qoyub.
Əgər belə olmasaydı məntiqlə M.Zaxarova digər Rusiya vətəndaşı, 2014-cü ildən etibarən Ermənistanda girov saxlanılan azərbaycanlı Dilqəm Əsgərovun da təəssübünü çəkməli, onun qanunsuz saxlanması, qeyd-şərtsiz azad edilməsi barədə fikir bildirməli idi. Amma M.Zaxarova indiyə qədər belə bir mövqe nümayiş etdirməyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva rusiyalı həmkarının bu açıqlamasına dərhal cavab verərək bildirib ki, M.Zaxarovanın ikitərəfli strateji münasibətlərin ruhuna zidd olan bəyanatlarla çıxış etməsi ilk belə hal deyil. Onun sözlərinə görə, Azərbaycan-Rusiya əlaqələrinin inkişafı fonunda Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmisinin sözügedən bəyanatı və hansısa fərdi məsələni ümumi kontekstdən çıxararaq şişirtmə cəhdləri qeyd edilən ümumu tendensiyanın növbəti təzahürüdür. Görünür ki, son vaxtlar Ermənistan-Rusiya əlaqələrində ciddi problemlərin yaranması və bunun əksinə olaraq Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişafı (təkcə ötən il ərzində iki ölkə prezidentləri 6 dəfə görüşüblər) Rusiya XİN-də bəzilərini çox ciddi narahat edir. Rusiya Federasiyası XİN-in mətbuat katibi bəyan edib ki, "Azərbaycan tərəfi söz verib ki, bu vəziyyəti düzəldəcəkdir”. Biz bunu qətiyyətlə təkzib edirik. Azərbaycan-Rusiya münasibətləri bərabərhüquqlu əlaqələrdir və "vəziyyəti düzəldəcəklər” ifadəsi ikitərəfli münasibətlərin mahiyyətinə ziddir. L.Abdullayeva əminliklə vurğulayıb ki, Rusiya XİN-in mətbuat katibinin növbəti təxribat xarakterli və anti-Azərbaycan bəyanatı Azərbaycan-Rusiya əlaqələrinə mənfi təsir göstərməyəcək. O qeyd edib ki, Azərbaycan-Rusiya münasibətlərini xarici siyasət orqanları deyil, Azərbaycan və Rusiya prezidentləri müəyyən edir və hər iki tərəf bu münasibətlərin inkişafı üçün böyük maraq və səy göstərir.

Milli Məclisin deputatı, politoloq Hikmət Babaoğlu da mövzu ilə bağlı bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edənə qədər Ermənistan vətəndaşları və ölkəmizin təhlükəsizliyini təhdid edən digər dövlətlərin vətəndaşlarına qarşı həssas siyasət aparmaq məcburiyyətində qalıb. Onun fikrincə, bu, Azərbaycanın təhlükəsizlik məsələsidir. Deputat təəssüflə qeyd edib ki, M.Zaxarova bu məsələni ümumi təhlükəsizlik kontekstində deyil, erməni eynəyindən baxaraq qiymətləndirib: "Bu tipli açıqlamalar əslində Rusiya-Azərbaycan münasibətlərinin ruhuna ziddir. Yalnız 2018-ci ildə 880 min Rusiya vətəndaşı Azərbaycanda səfərdə olub. Səfər edənlər arasında erməni əsilli Rusiya vətəndaşları da olub və heç bir problem müşahidə edilməyib. Azərbaycan-Rusiya əlaqələrinin inkişafı fonunda Zaxarovanın sözügedən bəyanatı və hansısa fərdi məsələnin ümumi kontekstdən çıxardaraq şişirtmə cəhdləri yolverilməzdir. Əgər doğrudan da hansı bir ölkə vətəndaşının başqa ölkəyə səfər etməsi təhlükəsizliyi təhdid etmirsə, nədən Rusiya vətəndaşı olan Dilqəm Əsgərov dədə-baba torpağında həbs edilib və uydurma erməni məhkəməsi qarşısına çıxarılıb? Axı Dilqəm də Rusiya vətəndaşıdır. Yaxşı olardı ki, xanım Zaxarova bu məsələ haqqında düşünsün, bu qanunsuz həbsi şərh etsin. Bu baş vermədiyi üçün Mariya Zaxarovanın qiymətləndirməsi ikili standart və məsələyə erməni eynəyi ilə baxmaq kimi dəyərləndirilir”.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər