• cümə axşamı, 28 mart, 16:35
  • Baku Bakı 16°C

Azərbaycana elə öyrəşib ki, vətəninə qayıtmaq istəmir - Əcnəbi

04.05.19 09:30 1805
Azərbaycana elə öyrəşib ki, vətəninə qayıtmaq istəmir - Əcnəbi
Üç ildir ki, ölkəmizdə yaşayır. Deyir ki, bu müddət ərzində Azərbaycan onun üçün doğma bir yerə çevrilib. Tətillərdə öz ölkəsinə, ailəsinin yanına getsə də, orada çox qala bilmir: "Bizdə sizdən fərqli olaraq xanımların azadlığı çox məhdudlaşdırılır. Orada bütün qadınlar məcburi olaraq hicab geyinməlidir. Amma burada elə deyil, istəyən hicab bağlayır, istəməyən yox. Bu, mənim xoşuma gəlir. Burada hər kəs qanun çərçivəsində istədiyini etməkdə sərbəstdir. Qanunları pozmursansa, heç kim sənə dəyib-dolaşmır. Ən əsası, insanlar sülh şəraitində, əmin-amanlıqda yaşayır”.

Müsahibim təhsil almaq üçün Azərbaycana gələn iraqlı tələbə Məhəmməd Sultanidir. Qeyd edim ki, həmsöhbətim, Azərbaycan Dövlət Neft və Sənaye universitetində neft-qaz mühəndisliyi üzrə təhsil alır.

O, ilk olaraq təhsil almaq üçün Azərbaycanı seçməyindən danışdı: "Ailədə 6 nəfərik. Məndən başqa üç qardaşım var. Azərbaycana gəlişimin səbəbi təhsil almaqla bağlı oldu. Atam dedi ki, Azərbaycanda təhsil almağını istərdim. Bir qədər fikirləşdikdən sonra mən də onun fikri ilə razılaşdım. Azərbaycanda da İraqda olduğu kimi insanların çoxu İslam dininə sitayiş edir. Bizim yaşadığımız ərazidə, yəni Bağdadın cənubunda türklər də yaşayır, bir-birimizə qarışıb-qaynamışıq. Bura gəlməzdən əvvəl hazırlıq fakültəsində dərs almışam. Amma orada tədris ingilis dilində idi. Hazırlıq kursunu bitirdikdən sonra universitetə qəbul oldum. Hazırda neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alıram.


Dərslərini oxuyursansa, imtahanları vermək çətin deyil

Artıq üçüncü ildir ki, burda yaşayan həmsöhbətim deyir ki, Azərbaycan çox gözəl ölkədir: "Ölkənizin təbiəti çox zəngindir. Məncə, üç il bir ölkəyə öyrəşmək üçün kifayət qədər yetərli müddətdir. Artıq demək olar ki, ölkənizə tam olaraq uyğunlaşmışam. Hərdən dostlarım mənə zarafatla deyir ki, sən artıq əsl azərbaycanlı olubsan. Dərslərimlə bağlı ciddi çətinliyim yoxdur. Əgər imtahanlardan yaxşı qiymət almaq istəyirsənsə, dərslərini yaxşı oxumalı, müəllimlərin mühazirələrini dinləməlisən. Düşünürəm ki, təhsil aldığım universitet digərləri ilə müqayisədə daha üstündür. Burada əcnəbi tələbələrə, nisbətən daha yaxşı şərait yaradılıb. Dərslərini oxuyursansa, imtahanları vermək elə də çətin deyil”.

Məhəmməd Bakıda yataqxanada qalır: "Hazırda universitetin yataqxanasında qalıram və çox razıyam. Yataqxananın şəraiti xoşuma gəlir. Amma ilk vaxtlar hamı kimi mənim də bəzi çətinliklərim oldu. Bakıya təzə gələndə ingilis dilində danışırdım. Çünki buna məcbur idim, amma sizin ölkədə ingilis dilini bilənlərin sayı elə də çox deyil. Əksəriyyət öz ana dilində danışır. Bu, əslində yaxşı məqamdır, amma biz əcnəbilərə bəzən çətinlik yaradır. Həmin vaxt qarşıma məqsəd qoydum ki, Azərbaycan dilini öyrənməliyəm. Çətinliklərdən biri də kirayə qalma məsələsi ilə bağlı idi. Mən özümə ayrı ev tutmaq istəyirdim, amma alınmadı. Ən böyük çətinliyim məhz bu olub. Qalan hər şey zamanla öz yoluna düşdü”.


Burada dolma bükməyi öyrənmişəm

Deyir ki, iki ölkənin mətbəxində oxşar dadlar var: "Azərbaycan yeməklərini çox bəyənirəm. Yataqxanada qaldığım müddətdə müxtəlif yeməklərdən dadmışam, çox dadlıdır, amma demək olar ki, iki ölkənin mətbəxi də oxşardır. İraqda da əksər yeməklər eyni ilə burdakı kimi hazırlanır. Sadəcə olaraq Azərbaycanda qonşu ölkə Rusiya mətbəxi ilə də oxşar yeməklər var. Amma həmin yeməklər bizdə hazırlanmır. Kababı çox sevirəm. Bəzi yeməkləri bişirməyi də öyrənmişəm. Mərci supu, qarabaşaq bişirə bilirəm. Çünki tez hazır olur və eyni zamanda dadlı və doyumludur. Dolma bükməyi də öyrənmişəm”.
Məhəmməd mətbəxlərimiz kimi, adətlərimizin də bəzilərinin çox bənzədiyini söylədi: "Dediyim kimi, yaşadığımız ərazidə türklər var və biz onlarla qaynayıb-qarışmışıq. Təbii olaraq adətlər də bir-birinə bənzəyir. Ümumilikdə götürsək İran, İraq, Səudiyyə Ərəbistanı, Azərbaycan kimi ölkələr oxşar adətlərə malikdir. Müəyyən fərqlər əlbəttə var və bu, tamamilə təbiidir. Bizdə sizdən fərqli olaraq, xanımların azadlığı çox məhdudlaşdırılır. İraqda demək olar ki, xanımların azadlığı yoxdur. Bütün qadınlar məcburi olaraq hicab geyinməlidir. Amma burada elə deyil, istəyən hicab bağlayır, istəməyən yox. Bu, mənim çox xoşuma gəlir. Burada hər kəs qanun çərçivəsində istədiyini etməkdə sərbəstdir. Qanunları pozmursansa, heç kim sənə dəyib-dolaşmır. Buna görə də, adətlərinizi, milli dəyərlərinizi çox bəyənirəm. Ramazan və Novruz bayramları bizdə də eynilə qeyd olunur. Çünki kürdlər çoxluq təşkil edir və Novruz onların sevimli bayramıdır. Ərəblər isə islam dininin bayramlarını qeyd edir”.


Dil öyrənmək üçün cəhd etmək lazımdır

Azərbaycan dilini öyrənməyi qarşısına məqsəd qoyan həmsöhbətim, qısa müddətdə öz məqsədinə çatıb: "Azərbaycan dilinin tərkibində 70 faiz ərəb dili var. Sözlərin çoxu oxşar və bəziləri isə eynidir. Ərəblər üçün sizin dili öyrənmək çox asandır. Amma azərbaycanlılar ərəb dilini öyrənməkdə çətinlik çəkirlər. Dil öyrənmək üçün cəhd etmək lazımdır. Burada ərəb dilində səlis danışa bilən tanışlarım çoxdur. Mən əvvəlcə dilinizi öyrənmək üçün kursa getmək istədim. Bir həftə getdim, amma dərs metodikasını sevmədim. Qərara gəldim ki, internetdə araşdırmalar edim. "Youtube”da video materiallara baxaraq yavaş-yavaş öyrənməyə başladım. İngilis dilini bildiyim üçün material tapmaq çətin olmadı. İnternetdə bu haqda kifayət qədər çox dərslik və videolar var. Daha sonra öyrəndiklərimi tətbiq etməyə başladım. Marketdə, nəqliyyatda insanlarla söhbət etməyə cəhd etdim. Beləcə, artıq demək olar ki, dilinizi yetmiş faizi öyrənmişəm”.

Məhəmməd deyir ki, Bakıda özünə çoxlu dostlar qazanıb: "Tələbə yoldaşlarımla münasibətlərim çox yaxşıdır. Onların çoxu müxtəlif rayonlardandır. Bu, mənim çox xoşuma gəlir. Qrup yoldaşlarımın hərəsi müxtəlif bölgələrdəndir. Azərbaycanın əksər rayonlarında olmuşam. Səyahət etməyi sevirəm deyə, tez-tez turlara qoşulub bölgələrə səfər edirəm. Lənkəran, Quba, Qəbələ və Lerikdə, olmuşam. Demək olar ki, hamısı bir-birindən gözəl yerlərdir. Azərbaycanın təbiəti inanılmaz gözəldir və səni özünə valeh edir. Burada elə dağlar var ki, yay-qış başı qarlıdır. Hündürlükdə yerləşən Xınalıq dünyada ən gözəl yerlərdən biridir”.

Azərbaycan toyları daha maraqlı və əyləncəlidir

Müsahibimlə toy adətlərimiz haqda da danışdıq: "Müəyyən oxşarlıqlar var. Sadəcə olaraq, sizdə kişi və qadınlar bir məclisdə oturur, amma İraqda buna icazə yoxdur. Toy adətlərinizdən ən çox sevdiyim, toylarda milli rəqslərinizin oynanılmasıdır. Bizdə belə şey yoxdur. Ona görə, Azərbaycan toyları daha maraqlı və əyləncəlidir. Bizdə də eynilə oğlan evi üzük gətirir və nişan olur, daha sonra molla gəlir. Toy isə iki mərhələli olur. Xanımlar üçün ayrı, kişilər üçün ayrı məclis təşkil olunur. Sizdə isə qız və oğlan toyları ayrı-ayrı keçirilir. Həmçinin, mahnılar və müxtəlif yeməklər verilir. Məncə, sizin adətləriniz daha maraqlıdır. Gələcəkdə azərbaycanlı xanımla ailə qurmaq istərdim. Yəqin ki, bu olsa, toyda iki ölkənin adəti tətbiq olunacaq”.

Sonda müsahibimdən gələcək planları haqda da soruşduq: "Burada qaldığım müddətdə Azərbaycana elə öyrəşmişəm ki, hamı deyir ki, sən artıq azərbaycanlı olubsan. Azərbaycanda yaşamaq mənim özümə də çox xoşdur. Çünki ölkənizdə insanlar dinc şəraitdə, əmin-amanlıqda yaşayır. Məncə, bu, ən böyük üstünlükdür. Yay aylarında İraqa gedirəm. Bu il də getmək planım var. Demək olar ki, dərslərin bitməsinə az müddət qalıb. Tətillərdə ailəmlə vaxt keçirirəm, amma bir az keçməmiş Azərbaycan üçün darıxmağa başlayıram. Ona görə də, çox qala bilmirəm. Universiteti bitirdikdən sonra magistr təhsili almağı planlayıram. Bu universitetdə magistr dərsləri yüksək səviyyədə keçirilir. Bunun şahidi olmuşam. Elə buna görə də, seçimim öz universitetim olacaq. Növbəti mərhələdə isə özümə iş tapacağam. Azərbaycan neft ölkəsidir. Burada müxtəlif şirkətlər fəaliyyət göstərir. Çalışacağam ki, onların birində işə düzəlim. Amma hələlik dəqiq deyil. Çünki universiteti bitirməyimə çox var. Təhsilimi bitirdikdən sonra burada qalıb işləmək, yaşadığım ölkəyə faydalı olmaq, kömək etmək istərdim. Səmimi desəm, Azərbaycana elə öyrəşmişəm ki, qayıtmaq istəmirəm”.
Şəbnəm MEHDİZADƏ


banner

Oxşar Xəbərlər