• cümə, 19 Aprel, 18:00
  • Baku Bakı 24°C

Azərbaycana dönük çıxanlar

26.01.17 13:30 1228
Azərbaycana dönük çıxanlar
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün illərdir iş aparılır. Bir sıra mötəbər beynəlxalq təşkilatların tribunalarından 20 yanvar faciəsi, torpaqlarımızın işğalı, Ermənistanın xalqımıza qarşı törətdiyi soyqırımı ilə bağlı həqiqətlər səsləndirilib. Artıq dünyanın bir çox ölkələri tərəfindən bu həqiqətlərin qəbul edilməsinə nail olmaqdayıq. Bu işdə xaricdə yaşayan soydaşlarımız da zaman-zaman dövlətimizə öz dəstəyini verib. Amma son dövrlər xarici ölkələrə sığınan bəzi "azərbaycanlılar” yeri gəldi-gəlmədi Azərbaycan əleyhinə fəaliyyət göstərməyə başlayıb. Avropa Şurası Parlament Assambleyasının qış sessiyası öncəsi bir qrup adını hüquq müdafiəçisi qoyan şəxsin ölkəmizin bu qurumdakı nümayəndə heyətinin səsvermə hüququnun dayandırılması ilə bağlı müraciət edib. Azərbaycanın inkişafını istəməyən, Avropa İttifaqı ilə ölkəmiz arasında başlanmış yeni danışıqları pozmaq istəyən həmin qüvvələr öz havadarlarının dəstəyi ilə yenidən fəaliyyətə keçib. AŞPA üzvlərinə göndərilən, heç bir fakta söykənməyən şantaj və böhtan xarakterli müraciətin ardından isə Azərbaycanın Almaniyadakı səfirliyi önündə etiraz aksiyası keçirməyə cəhd ediblər. Azərbaycanın Almaniyadakı səfirliyinin qarşısına toplaşan aksiya iştirakçıları "siyasi məhbus”ların azad edilməsini tələb ediblər.
Bundan bir ay öncə də həmin şəxslər Almaniyanın Münster şəhərində eyni tələblə aksiya keçiriblər. 20 Yanvar faciəsinin 27-ci il dönümü ərəfəsində dünyadakı əksər soydaşlarımız Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün dəstək aksiyaları keçirdiyi ərəfədə Almaniyada təşkil edilən aksiya ölkəmiz əleyhinə təşkil olunmuş kampaniyanın tərkib hissəsi sayıla bilər. Yayılan fotolardan görünür ki, hər iki aksiyada 5-10 nəfər eyni insan iştirak edir. Aksiyadan sonra da sosial şəbəkələrdə canfəşanlıq edən Ceyhun Əlizadə, Raiz Zeynalov, Kəmalə Seyidova, Ələsgər Vəliyev, Cavid Təhməzli, Fəridə Hüseynova, Musa Məmmədov, Könül Əmirova, Şirzad Babalar, Zöhrə Həsən, Zaur Məmmədov, Ayaz Məmmədov, Xədicə Eyvazova və digər 3-4 nəfərdən başqa, səfirlik qarşısına çıxan olmayıb. Bu insanlar hazırda ölkəmizin beynəlxalq nüfuzunun yüksəldiyi bir vaxtda ermənipərəst qüvvələrin təkidi ilə guya respublikamızda insan haqlarının tapdalandığı, "siyasi məhbus" probleminin olduğunu ilə bağlı hay-küy salmaqla ölkəmiz haqda qeyri-demokratik imic yaratmağa cəhd edirlər. Halbuki son illər Azərbaycanda demokratik təsisatların daha da möhkəmlənməsi istiqamətində ciddi nailiyyətlər əldə edilərək, insan hüquq və azadlıqlarının təmin olunması sahəsində nəzərəçarpan addımlar atılıb.

Bu insanlar anlamalıdırlar ki, torpaqlarımızın 20 faizini işğal edən, minlərlə soydaşımızı doğma torpaqlarından didərgin salan, azərbaycanlılara qarşı Xocalıda soyqırımı törədən Ermənistanın beynəlxalq hüquq çərçivəsində cəzalandırılması bütün dünya azərbaycanlılarının əsas problemi olmalıdır. Bunu nəzərə almadan Azərbaycan əleyhinə çıxan, ölkəmizin inkişafını əngəlləməklə məşğul olan belələrinin Azərbaycan xalqı adından danışmağa heç bir mənəvi haqqı yoxdur.

Artıq bu kimi aksiyalara etiraz edənlərin də sayı artır. Dünya Azərbaycanlıları Assambleyasının yaydığı müraciətdə də bildirilir ki, belə aksiyaların keçirilməsi üçün hər hansı bir ciddi əsas yoxdur və bunu həmin tədbirin təşkilatçıları da anlayırlar: "Bu gün qonşu işğalçı dövlət hər vəchlə Azərbaycana qarşı təbliğatda istifadə etmək üçün əsaslar hazırlamağa cəhdlər göstərir. Bu cür addımlar yalnız işğalçı ölkənin diaspor təşkilatları və lobbiçiləri üçün "əlverişli” fürsət hesab oluna bilər. Çox böyük təəssüf hissi ilə bildiririk ki, bəzi həmvətənlilərimiz də hansısa səbəblərdən həmin ermənipərəst çevrələrin dəyirmanına su tökərək, ölkəmizdə insan hüquq və azadlıqlarının məhdudlaşdırıldığını bəyan edirlər. Bu cür aksiyaların əleyhinə olduğumuzu bəyan edərək, soydaşlarımızı belə tədbirlərdə iştirak etməməyə, Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə və haqq səsimizi dünyaya çatdırmağa, Qarabağ probleminin xalqımızın maraqları və beynəlxalq qanunlar çərçivəsində, ədalətli həllinə nail olunmasına çalışmağa çağırırıq”.
F.ABASOĞLU







banner

Oxşar Xəbərlər