AZE | RUS | ENG |

“Azərbaycana baxış: siyasi maraqlar media müstəvisində” - Fotolar

“Azərbaycana baxış: siyasi maraqlar media müstəvisində” - Fotolar
Mətbuat Şurasının təşəbbüsü ilə bu mövzuda dəyirmi masa keçirilib

Mayın 21-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə "Azərbaycana baxış: siyasi maraqlar media müstəvisində” mövzusunda dəyirmi masa keçirilib. Toplantını giriş sözü ilə açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, bir qayda olaraq Azərbaycandakı bütün mötəbər toplantılar, idman yarışları vaxtı ölkəmizə münasibətdə mənfi rəy yaratmaq yolu seçilir. O qeyd edib ki, eyni xoşagəlməz tendensiya yenə nəzərə çarpmaqdadır. Millət vəkilinin sözlərinə görə, bu, mayın 29-da UEFA Avropa liqasının finalının Bakıda keçirilməsi ilə əlaqədardır: "Avropa Liqasının final oyununun Bakıda keçirilməsi böyük hadisədir. Təbii olaraq, finalçılar məlum olduqdan sonra xarici xəbər portallarında məlumatlar dərc olunur. Lakin təəssüf doğuran hal budur ki, dünyanın bir sıra kütləvi informasiya vasitələrindəki təqdimatlarda insanlarda ölkəmizlə bağlı bir növ, qorxu yaradılır. Azərbaycanın imici barədə qeyri-obyektiv məlumatlar ictimailəşdirilir, ölkəmiz haqqında mənfi rəy formalaşdırılır. Hətta Böyük Britaniya hökuməti də bəyanat verib ki, Azərbaycana gedərkən ehtiyatlı olun. Bundan sonra bəzi mətbuat orqanları Londonun Bakıdan uzaq və qiymətlərin baha olduğunu qeyd ediblər. Bu kimi xəbərlər əksər KİV-lərdə və erməni mətbuatında yer alıb. Ən çox da erməni əsilli futbolçunun ölkəyə buraxılıb-buraxılmaması ilə bağlı fikirlər səsləndirilib. Bu kimi fikirlər Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi ərəfəsində daim səsləndirilir. Bir sıra siyasi qurumlar ölkəmizin uğurunu götürməyərək qara niyyətlərini həyata keçirmək fikrinə düşürlər. Bu kimi hallar nəzərə alınaraq, Azərbaycanın media ictimaiyyəti məsələyə adekvat münasibət bildirməlidir. Bu, olduqca vacibdir. Elə Mətbuat Şurasının təşkil etdiyi toplantının məqsədi də bundan ibarətdir. Biz bu tədbir vasitəsilə bəyan edirik ki, ölkədə dinindən, irqindən asılı olmayaraq, hər kəsin təhlükəsizliyi yüksək səviyyədə qorunur”.
 
 

Millət vəkili, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu beynəlxalq səviyyəli idman və mədəniyyət tədbirlərinin siyasiləşdirilməsinin doğru hal olmadığını diqqətə çatdırıb. Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin yaydığı bəyanata diqqət çəkən deputat qeyd edib ki, Qərb də daxil olmaqla, bütün dünya ölkələri ilə müqayisədə Azərbaycan kriminal vəziyyətə görə ən sabit ölkələrdən biridir: "London və Bakıda baş verən kriminal hadisələri rəsmi statistikaya əsaslanaraq müqayisə etməyə çalışsaq görəcəyik ki, vəziyyət heç də Britaniya XİN-in bəyanatında olduğu kimi deyil, tam əksinədir. Bu ölkənin paytaxtında baş verən cinayətlər hər min nəfərə düşən rəqəmlərə görə Bakıdan ən azı on dəfə çoxdur. Belə olduqda rəsmi Londonun Bakını ittiham etməyə nə mənəvi, nə də hüquqi haqqı çatır. Londonda 2017-ci ildə 824 min 704 cinayət faktı qeydə alınıb ki, onların da 225 min 247-si oğurluqla bağlı cinayətlərdir. Bakıda isə bu göstərici 7898 təşkil edir. Bununla yanaşı, Londonda 175 min 348 dələduzluq, 103 min 918 yol-nəqliyyat hadisəsi faktı qeydə alınıb. Bakıda isə həmin ildə 3856 dələduzluq, 1753 yol-nəqliyyat hadisəsi cinayəti baş verib. Bu halda Böyük Britaniya Xarici İşlər Nazirliyi hansı əsasla Azərbaycanı kriminal və dələduzluq hadisələrinin çox olması ilə ittiham edə bilər? Statistikadan da gördüyümüz kimi, bizdə kriminal halların sayı onlardan 10 dəfə azdır. Bütün bunlar sübut edir ki, xaricdəki bəzi maraqlı dairələr Azərbaycanın dünyada nüfuzunun artmasını, onun yüksək səviyyəli iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsini qəbul edə bilmirlər”.
 
 

"Teleqraf Holdinq”in baş direktoru Aynur Camal bildirib ki, Azərbaycan əleyhinə səsləndirilən fikirlər qərəzli və böhtan xarakterlidir: "Azərbaycanın paytaxtı Bakı şəhəri Cənubi Qafqazda ən sabit və sakit şəhərlərdən biridir. Bakıda terror aktı baş vermir. Lakin xaricdə bu hala tez-tez rast gəlinir. Məhz belə bir oyunun keçirilməsi ərəfəsində qərəzli fikirlərin səslənməsi ölkəmizi sevməyən qüvvələrin işidir. Ölkəmiz hər zaman dünyaya özünü nümunəvi dövlət kimi göstərib”.
 
 

"İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, Avropanın əksər ölkələri kriminal hadisələr baxımından Azərbaycandan qat-qat üst sıralarda yer tutur: "Azərbaycanda keçirilən tədbirlərdə hər zaman təhlükəsizlik yüksək səviyyədə təmin olunub. Bütün tədbirlər yüksək səviyyədə təşkil edilib. Ona görə də anti-Azərbaycan xarakterli çıxışlar yalnız və yalnız ölkəmizə qarşı təxribat və böhtan xarakteri daşıyır. Hesab edirəm ki, mayın 29-da keçiriləcək final oyunu yüksək səviyyədə baş tutacaq”.
 


Tədbirdə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, "Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, Əməkdar jurnalist Azər Həsrət, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli də çıxış edərək, ölkəmizlə bağlı yaradılmış mənfi rəyi ümumən Azərbaycana qarşı aparılan informasiya siyasətinin tərkib hissəsi kimi dəyərləndiriblər. Onlar bildiriblər ki, ölkəmizdə aparıcı beynəlxalq şirkətlərin nümayəndəlikləri var və bu nümayəndəliklərdə dünyanın dörd yanından əcnəbilər çalışmaqdadırlar. İndiyədək bu şəxslərin heç biri ilə bağlı insidentin qeydə alınmadığı halda qərəzli fikirlərin gündəmə gətirilməsi məkrli mahiyyət daşıyır. Buna münasibətdə bütövlükdə Azərbaycan cəmiyyəti kimi, mediası da öz mövqeyini ortaya qoymalıdır. Çıxış edənlər həmçinin bildiriblər ki, beynəlxalq tədbirlərin, böyük idman yarışlarının təşkilində təcrübəyə malik Azərbaycan UEFA Avropa liqasının final oyununa da evsahibliyini layəqətli şəkildə həyata keçirəcəkdir.
 
Rufik İSMAYILOV
 



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9164
GEL 1 1 Gürcüstan larisi 0.6204
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1547
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1791
CHF 1 1 İsveçrə frankı 1.7099
KWD 1 1 Küveyt dinarı 5.5942
TRY 1 1 Türkiyə lirəsi 0.2892