• cümə, 19 Aprel, 06:18
  • Baku Bakı 13°C

Azərbaycan özünü kərə yağı ilə təmin edəcək

22.05.18 10:00 983
Azərbaycan özünü kərə yağı ilə təmin edəcək
"2019-cu ildə Azərbaycanda kərə yağı idxalından asılılığı, demək olar ki, tam aradan qaldırmaq planlaşdırılır”. Bunu Trend-ə "Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları” İctimai Birliyinin icraçı direktoru Samir Eyyubov deyib: "Azərbaycanın kərə yağının idxalından çox ciddi asılılığı var. Dövlət bu məsələni həll etmək niyyətindədir. Bu məqsədlə 2019-cu ilin ortasına qədər ölkədə fəaliyyət göstərən müəssisələr əsasında iki yeni müəssisə yaradılacaq. Bunun üçün əlavə istehsal xətləri alınır. Hər bir müəssisənin emal gücü sutkada 200 ton süd təşkil edəcək. Bu da təxminən 10 ton kərə yağı deməkdir". İcraçı direktorun sözlərinə görə, layihələrin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu xətti üzrə aparılacaq. O bildirib ki, hələlik layihəyə sərf olunacaq məbləğ açıqlanmır. Qeyd edək ki, 2018-ci ilin ilk rübündə Azərbaycan 20,69 milyon dollar məbləğində kərə və süddən hazırlanan digər növ yağlar idxal edib. Bu göstərici 2017-ci illə müqayisədə 53 faiz çoxdur. Kərə yağının idxaldan asılılığının aradan qaldırılmasının bazardakı mövcud vəziyyətə və qiymətlərə, həmçinin bu sahədə yeni müəssisələrin açılmasının kənd təsərrüfatının inkişafına necə təsir edəcəyini öyrənməyə çalışdıq.
İqtisadçı Vüqar Bayramov idxalı aradan qaldırmaq üçün yerli istehsalın genişləndirilməsinə ehtiyac olduğunu qeyd edir: "Kərə yağı gündəlik istifadə edilən mallar siyahısına daxildir. Bu baxımdan, ölkəyə kərə yağı idxalının aradan qaldırılması vacib məsələlərdən biridir. Kərə yağının idxalının aradan qaldırılması yeri istehsalın təşviqi baxımından lazımdır. İdxalın minimuma endirilməsi hansı hallarda mümkündür məsələsinə gəlincə isə qeyd etmək istəyirəm ki, burada yeri istehsalın genişləndirilməsinə xüsusi fikir vermək lazımdır. Çünki hazırda ölkəmizin aqrar sektorunun kərə yağı istehsalı potensialını gücləndirmək imkanı var. Mövcud imkanlar ölkəyə yağ idxalının aradan qaldırılmasına şərait yaradır. Xüsusən də son illər kərə yağı istehsalına marağın artması müşahidə olunur. Çünki bazardakı qiymətlərin optimal olması fermerlərin bu məhsulun istehsalını genişləndirməsinə səbəb olub. Eyni zamanda istehsalın genişləndirilməsi aqrar sahədə yeni iş yerlərinin yaradılmasına imkan verir. Bu da nəticə etibarı ilə məşğulluğun təmin edilməsi baxımından vacib məsələlərdən biridir”.
Ekspert idxalın aradan qaldırılmasının müsbət tərəflərinin də olacağını vurğuladı: "İlk olaraq valyutanın ölkədə qalmasını təmin edəcək. Çünki idxal olunan məhsul ölkədən valyutanın getməsinə səbəb olur. Digər tərəfdən, məhsulun bazardakı qiymətinə təsir edir. Qiymətlər daha da optimallaşar, hətta ucuzlaşma ilə müşahidə oluna bilər. Belə ki, idxaldan asılılığın aradan qaldırılması praktik olaraq məhsulun daha uyğun qiymətə satılmasına imkan yaradır. Həmçinin idxalın aradan qaldırılması daha keyfiyyətli məhsulların bazara çıxarılmasını təmin edəcək. Hazırda Azərbaycana gətirilən kərə yağı inkişaf etmiş ölkələrdən idxal edilsə də, bəzi məqamlarda onların keyfiyyətinin elə də yüksək olmadığının şahidi oluruq. Bu da bazarda keyfiyyətsiz məhsulların sayının artmasına səbəb olub. Amma idxalın minimuma endirilməsi bazara yerli və keyfiyyətli məhsul çıxarılmasına imkan yaradacaq. Həmçinin bu, aqrar sahənin də inkişafına təkan verəcək. Yəni idxalın aradan qaldırılması qiymətlərin aşağı salınmasına və bəzi bu kimi sahələrin inkişafına şərait yaradacaq”.
Kənd təsərrüfatı eksperti Qadir Bayramlı bildirdi ki, açılacaq yeni yağ zavodlarını südlə təmin etmək üçün böyük heyvandarlıq komplekslərinə ehtiyac var: "Kərə yağı istehsal edən müəssisələrin artırılması təqdirəlayiq haldır. Çünki ölkəmiz böyük miqdarda kərə yağı idxal edir, həm də bazarda mənşəyi bəlli olmayan, kifayət qədər keyfiyyətsiz məhsula var. Təbii ki, idxalı aradan qaldırmaq üçün ilk növbədə istehsalın artırılması istiqamətində bir sıra işlərin görülməsi zəruridir. Açılacaq yeni yağ zavodlarını südlə təmin etmək üçün böyük heyvandarlıq komplekslərinə ehtiyac duyulur. Bu heyvandarlıq kompleksləri isə yüksək məhsuldarlığa malik südlü heyvan cinsləri, keyfiyyətli yem, müasir standartlara uyğun texnika və ixtisaslı kadrlarla, o cümlədən baytarlarla təmin olunmalıdırlar. Bundan əlavə, fermerlərin fəaliyyətini stimullaşdırmaq üçün həm aqrar sığortanın, həm də digər təşviq vasitələrinin tətbiqi bu işdə böyük əhəmiyyətə malikdir”. Müsahibimiz bildirdi ki, bu sahədə olan problemlərdən biri də fərdi təsərrüfatlarda olan südün yağ zavodlarına çatdırılması ilə bağlıdır: "Yağ ən çox istehlak edilən məhsullardan olduğu üçün keyfiyyətli kərə yağı ölkənin qida təhlükəsizliyi baxımından da önəmlidir. Ölkədə yağla bağlı olan digər ciddi bir məsələ isə fərdi təsərrüfatlarda olan südün yağ zavodlarına çatdırılması ilə bağlıdır. Rayonlarımızda bu işlə məşğul olan və öz laboratoriyaları olan tədarük məntəqələrinin qurulması yerli istehsalın artımına kömək edə bilər. Amma bütövlükdə kənd təsərrüfatında intensiv iştirak edə bilsək, həm bitkiçiliyin, həm də heyvandarlıq məhsullarının artırılmasına nail olmaq mümkündür. Beləcə, ümumilikdə aqrar sahədə inkişafın baş verməsini təmin etmiş olarıq”.
Günel Azadə
banner

Oxşar Xəbərlər