AZE | RUS | ENG |

“Azərbaycan özünə qarşı adekvat münasibət gözləyir”

“Azərbaycan özünə qarşı adekvat münasibət gözləyir”
Bu anlaşma davamlı olarsa, yaranmış situasiya bütün region üçün faydalı olar

Azərbaycan qlobal güclərin yürütdüyü təzyiq və təcrid siyasətinə qoşulmadan müstəqil addım atır. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan işğalçı Ermənistan istisna olmaqla, bütün dünya dövlətləri, o cümlədən regionun böyük ölkələri sayılan, eyni zamanda qonşularımız olan Türkiyə, İran, Rusiya, həmçinin Gürcüstan, Xəzər dənizi vasitəsilə Qazaxıstan və Türkmənistanla qarşılıqlı maraqlara cavab verən əməkdaşlıq əlaqələrini, dostluq və mehriban qonşuluq siyasətini daha da gücləndirib. Azərbaycanın həyata keçirdiyi qlobal iqtisadi layihələr, ölkəmizin təşəbbüsü və fəal iştirakı ilə formalaşan yeni əməkdaşlıq formatları regionda iqtisadi və sosial rifahın, təhlükəsizlik və qarşılıqlı səmərəli əməkdaşlıq mühitinin yaranması və inkişafına mühüm təsir göstərib. Region dövlətləri ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi, bölgədə təhlükəsizliyin bərqərar olmasına, inkişafa mühüm töhfə verib. 
 
 
Nəticədə Azərbaycan, bu zəmində formalaşan yeni reallığın müəllifinə çevrilib. Yeni reallıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin milli maraqları çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tam zəmin yaradıb. Çünki Azərbaycanın 20 faiz ərazisini işğal edən, 1 milyondan artıq azərbaycanlını qaçqın və məcburi köçkünə çevirən Ermənistan, ötən illər ərzində nəinki inkişaf etməyib, üstəlik, ənənəvi müttəfiqlərini itirib, küncə sıxılıb, sosial və iqtisadi kataklizmlər yaşayaraq çıxılmaz vəziyyətə düşüb. Ermənistanda hakimiyyət dəyişikliyi ilə əlaqədar bu ölkənin xarici siyasətində müşahidə olunan ciddi fəsadlar, o cümlədən də onun Qərb üçün İran və Rusiyaya qarşı platformaya çevrilməsi təhlükəsi rəsmi Moskva və Tehranı öz ənənəvi siyasətini bir daha nəzərdən keçirməyə məcbur etməkdədir.
 
Mövzu ilə bağlı fikirlərini "Kaspi”yə bölüşən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev bildirdi ki, Azərbaycanın istənilən dövlətə münasibəti ölkəmizin milli maraqlarından keçir. Onun sözlərinə görə, hər hansı xarici ölkənin Azərbaycanın milli maraqlarına münasibəti hansı formada olursa, həmin dövlətə münasibət də o səviyyədə olur. Millət vəkili vurğuladı ki, əgər Azərbaycanın milli-dövlətçilik maraqlarına, ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşılırsa, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ədalətli, konstruktiv mövqe nümayiş etdirilirsə, qarşılıqlı münasibətlərdə qərəzçilik göstərilmirsə, ölkəmiz belə dövlətlərlə əlaqələrini inkişaf etdirməkdə maraqlıdır: "Azərbaycan daim qonşularla münasibətlərinin yüksək səviyyədə olmasında maraqlı olub. Əfsus ki, Azərbaycanın iradəsindən asılı olmadan, qonşularla münasibətdə bəzən müəyyən çatlar olub. İstər İranın, istərsə də Rusiyanın rəsmi şəxslərinin son günlər Azərbaycanla, onun ərazi bütövlüyü ilə bağlı verdiyi müsbət bəyanatlar bundan sonra ədalətə, obyektivliyə, beynəlxalq hüququn prinsiplərinə xidmət edəcəksə, təbii olaraq həmin dövlətlərlə münasibətlərimiz daim yaxşı səviyyədə olacaq. Azərbaycan ikitərəfli, üçtərəfli formatlarda qonşuların iştirakını da vacib sayıb, qonşu dövlətlərin, ümumilikdə regionun inkişafında maraqlı olub. İran və Rusiyaya Qərb, sanksiya tətbiq etdiyi vaxtlarda, Azərbaycan hər iki dövlətlə münasibətlərini davam etdirib, bu sanksiyalara qoşulmayıb. Sadəcə bu faktın özü hər iki dövlətə qarşı Azərbaycanın böyük jestidir. Bunun müqabilində Azərbaycan özünə qarşı adekvat münasibət gözləyir”.
 
 
Millət vəkilinin fikrincə, əgər Azərbaycana münasibət hazırkı dönəmdə müsbətə doğru dəyişibsə, bu, ölkəmizin uğurlu xarici siyasəti ilə əlaqədardır: "Təsəvvür edin ki, Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müttəfiq sayılan dövlətlər belə, bu təşkilatın üzvü olmayan Azərbaycanı dəstəkləyirlər, haqlı mövqeyimizi müdafiə edirlər. Qazaxıstanın, Belarusun timsalında bunu xüsusilə qeyd edə bilərik. Bu onu göstərir ki, beynəlxalq aləmdə Azərbaycanın səmimiyyətini qəbul edir, hesablaşır, etibarlı, vahid mövqeyi olan, müstəqil siyasət yürüdən dövlət kimi tanıyırlar. İşğalçı Ermənistan isə daim riyakarlıq nümayiş etdirir, qeyri-sabit mövqe ortaya qoyur. Belə olan halda Rusiya və İran tərəfindən Ermənistan sadəcə, forpost deyil, eyni zamanda onların ayaqlarını qandallayan, regionun inkişafına mane olan dövlət kimi qəbul edilir. İşğalçı Ermənistan xarici siyasəti ilə İran və Rusiyanın digər xarici ölkələrlə münasibətlərinə ziyan vurur, katalizator rolunu oynayır. Ona görə də, hər iki dövlət həm öz maraqlarından çıxış edərək, həm də bölgədə inkişaf, sülh, əmin-amanlıq olsun deyə, fərqli münasibət sərgiləyirlər. Fikrimcə, bu anlaşma davamlı olarsa, yaranmış situasiya bütün region üçün faydalı olar. Nəticədə Ermənistan bu günə qədər yaratdığı ifrat atmosferi görərək, əsassız iddialardan, xülyalardan əl çəkə, hələlik varlığını qoruya bilər”. 
 
Millət vəkili Azər Badamov da hesab edir ki, Azərbaycanın beynəlxalq siyasəti Prezident İlham Əliyevin rəhbərliyi altında tarazlı şəkildə həyata keçirilir. Onun sözlərinə görə, Azərbaycan heç bir qlobal güclərə qoşulmadan, müstəqil şəkildə öz xarici siyasətini yürüdür. Deputat söylədi ki, hazırda dünya tərəfindən də ölkəmizin apardığı xarici siyasət yüksək səviyyədə dəyərləndirilir: "Azərbaycan işğalçı Ermənistan istisna olmaqla, öz qonşuları ilə çox yaxşı münasibətlər qurub. Bu yöndə həyata keçirilən siyasət qonşularla bir yerdə regionun ümumi iqtisadi inkişafına, təhlükəsizliyin təminatına xidmət edir. Azərbaycanın təşəbbüskarlığı, dəstəyi ilə regionda qlobal layihələr həyata keçirilir. Bu layihələrdə qonşu ölkələr də iştirak edir. Bu layihələrə nümunə kimi Bakı-Tbilisi-Qars dəmir yolunu, Cənub Qaz Dəhlizini, "Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizini göstərə bilərik. Bu layihələr vasitəsilə Azərbaycanın Rusiya, İran, Türkiyə və Gürcüstanla qarşılıqlı olaraq münasibətləri inkişaf edir, əlaqələr daha da möhkəmlənir. Bu əlaqələrin inkişafı bir bölgədə yaşayan qonşular arasında münasibətlərin möhkəmlənməsinə və onların iqtisadiyyatlarının inkişafına öz töhfəsini verir. Xəzərin hüquqi statusu ilə bağlı imzalanan konvensiya isə münasibətlərin daha da yeni mərhələdə səmərəli qurulmasına xidmət edir. Qoşulmama Hərəkatının üzvü olan Azərbaycan təkcə qonşuları ilə deyil, bütün dünya dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı maraqlara söykənən faydalı münasibət qurur. Bu, dövlət başçısı İlham Əliyevin yürütdüyü müstəqil, balanslı xarici siyasətin uğurudur”.
Rufik İSMAYILOV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9126
GEL 1 1 Gürcüstan larisi 0.6299
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2079
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1825
CHF 1 1 İsveçrə frankı 1.6731
KWD 1 1 Küveyt dinarı 5.5884
TRY 1 1 Türkiyə lirəsi 0.2916