• cümə axşamı, 25 aprel, 12:32
  • Baku Bakı 23°C

Azərbaycan zəruri infrastruktur layihələrini uğurla icra edib

25.09.19 15:45 554
Azərbaycan zəruri infrastruktur layihələrini uğurla icra edib
Bakı-Tbilisi-Qars dəmir yolunun, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikilib istifadəyə verilməsi və azad iqtisadi zonanın yaradılması Azərbaycanı Mərkəzi Asiyanı Qərblə (Türkiyə və Avropa İttifaqı), Cənubi Asiyanı (İran və Hindistan) isə Şimalla birləşdirən nəqliyyat qovşağına çevirir.
Bu fikriAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib. Deputat qeyd edib ki, son dövrlərdə "Şimal-Cənub” Nəqliyyat Dəhlizinin keçəcəyi regionda fərqli qütblər arasında geosiyasi rəqabətin daha da kəskinləşməsi fonunda sabit və balanslı xarici siyasət yürüdən Azərbaycan yeni siyasi və iqtisadi dividendlər əldə etməyi hədəfləyib. Layihə Azərbaycanı bu istiqamətdə mühüm nəqliyyat qovşağına çevirir. Diqqət yetirsək görərik ki, mürəkkəb regionda geostrateji qütblər arasında münasibətlərin daha da kəskinləşdiyi bir vaxtda Azərbaycan məhz burada körpü rolunu oynamaqla özünün milli maraqlarını təmin edir. "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi istiqamətində çox böyük həcmdə yük daşımalarının olduğunu deyən deputat bunun, əsas etibarilə, Süveyş kanalı üzərindən həyata keçirildiyi üçün 45-60 gün ərzində təyinat nöqtəsinə çata bildiyini diqqətə çatdırıb. "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi işə düşdükdən sonra bu müddət cəmi 14-20 gün olacaq ki, bu da yeni nəqliyyat dəhlizini olduqca cəlbedici bir dəhlizə çevirəcək. Çünki bu dəhliz, sadəcə, müddət baxımından deyil, həm də onun ətrafında olan siyasi-inzibati coğrafiyada ümumi təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
A.Hüseynov qeyd edib ki, "Şimal-Cənub” Nəqliyyat Dəhlizi layihəsinin əsası 2000-ci ildə İran, Rusiya və Hindistan tərəfindən dövlətlər arasında nəqliyyat əlaqələrini inkişaf etdirmək məqsədilə qoyulub. Dəhliz vasitəsilə yüklərin gəmilərlə Hindistanın Mumbay limanından İranın Bəndər-Abbas limanına gətirildikdən sonra qatarlara yüklənməsi və İranın mövcud dəmir yolu ilə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinə ötürülməsi və birbaşa Azərbaycan ərazisindən Rusiyaya, oradan da Şimali Avropa ölkələrinə çatdırılması planlaşdırılır. "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin tamamilə işə düşməsi nəinki region ölkələrinin iqtisadi inkişafına təkan verəcək, eyni zamanda, həmin ölkələr siyasi sabitlik əldə etmiş olacaqlar. Azərbaycan "Şimal-Cənub” nəqliyyat dəhlizinin reallaşması üçün zəruri olan infrastruktur layihələrini uğurla icra edib. Beləliklə, ölkəmiz öz ərazisində bu layihə üzrə bütün lazımi tədbirləri görüb və layihənin ümumi icrası ilə bağlı da öz töhfəsini verməyə hazırdır.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyev daim infrastruktur və nəqliyyat sektoruna sərmayə yatırılması ilə Azərbaycanın beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrildiyini, əsas sərmayənin yolların, avtomagistralların və hava limanlarının inşasına yönəldildiyini, "Şərq-Qərb” və "Şimal-Cənub” nəqliyyat dəhlizlərinin ölkəmizin ərazisindən keçdiyini önə çəkərək bildirir ki, infrastrukturun inkişafına çox əlverişli biznes mühitinin yaradılması ilə dəstək verilir. Azərbaycan həm "Şərq-Qərb”, həm də "Şimal-Cənub” nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkədir.
banner

Oxşar Xəbərlər