“Azərbaycan zəif olduğu 90-cı illərdə də buna razılıq verməyib”
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün artıq
25 ilə yaxındır ki, danışıqlar davam etdirilir. Lakin ötən ilin aprelində təmas
xəttində baş verən hadisələrdən sonra Ermənistan tərəfi danışıqlardan yayınır.
ATƏT-in Minsk qrupu həmsədrləri isə danışıqları Ermənistanın irəli sürdüyü
absurd təkliflər üzərində qurur. Amma bu da Ermənistana kömək etmir. Çünki Azərbaycanın
Dağlıq Qarabağla bağlı beynəlxalq arenada apardığı ardıcıl siyasət və təmas xəttində
hərbi üstünlüyə nail olması Ermənistanı faktiki olaraq dalana dirəyib. Rəsmi İrəvan
yaxşı başa düşür ki, işğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır.
Ermənistan XİN başçısı Edvard Nalbandyanın VI ümumerməni "Ermənistan-Diaspora”
forumunun iştirakçılarının suallarını cavablandırarkən dediyi fikirlər buna
misal ola bilər. Belə ki, E.Nalbandyan ilk dəfə olaraq Qarabağ probleminin tənzimlənməsi
çərçivəsində Azərbaycana işğal altında olan ərazilərin qaytarılmasından
danışıb: "Söhbət o ərazilərdən gedir ki, Qarabağa nə təhlükəsizlik baxımından,
nə də inkişaf nöqteyi-nəzərindən təhlükə yaratmır. Digər təfərrüatları
açıqlasam, danışıqlar irəliləməz”.
E.Nalbandyanın Azərbaycanın işğal olunmuş ərazilərinin geri
qaytarılması ilə bağlı yanlış fikirləri daxili auditoriyaya da hesablanmış ola
bilər.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirdi ki, Ermənistanda
tamamilə başını itirmiş insanlar var və onlar Azərbaycanın işğal olunmuş ərazilərinin
geri qaytarılmasını istəmirlər: "Bu absurd bir yanaşmadır. Əslində bu, o deməkdir
ki, gəlin müharibə edək. Burada elə təqsirkar da ermənilər olacaq. Nalbandyanın
işğal olunmuş torpaqların geri qaytarılması ilə bağlı hansısa şərtlərə əsaslanan
fikirləri heç də yeni bir məsələ deyil. Məlumdur ki, bunların məqsədi Dağlıq
Qarabağ və üstəgəl Laçın, Kəlbəcər ərazilərini Azərbaycandan qoparmaqdır. Bunun
müqabilində isə digər ərazilərdən geri çəkilmək istəyirlər. Azərbaycan isə heç
zaman onların bu istəyinə uyğun razılaşmaya getməyəcək. Sadəcə olaraq, ilk
addım kimi ermənilər işğal olunmuş 5 rayondan geriyə çəkilməyə razılıq verdiyi
halda, etibarlı sülh təmin oluna bilər. Ancaq onların istədiyi kimi
iddialarının təmin olunması qeyri-mümkündür. Azərbaycan zəif olduğu ötən əsrin
90-cı illərində heç buna razılıq verməyib. Halbuki indi üstünlük bizdədir və
onların bu istəyi absurddur. Nalbandyanın bu fikirləri radikallara bir mesajdır
ki, iddialarınızla əndazəni aşmayın və belə olan halda Ermənistan çətin vəziyyətdə
qalır”.
R.Musabəyov əlavə etdi ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı
bilavasitə heç bir danışıq getmir: "Hələlik vasitəçilər ora-bura gəzirlər, müzakirə üçün hansısa təkliflər hazırlayıblar.
Kazan görüşündən sonra mahiyyət üzrə danışıqlar getmir. Sadəcə olaraq ermənilər
daima ortalığa etimad, təmas xəttində nəzarətin güclənməsi və sair təkliflər
atırlar və mahiyyət üzrə danışıqlardan boyun qaçırırlar. Xarici işlər nazirlərinin
Nyu-Yorkda görüşünü təşkil etmək mümkün olacaqmı və bu görüş danışıqların bərpa
olunmasına gətirib çıxaracaqmı? Bunu artıq gözləmək lazımdır və öncədən demək çətindir”.
Politoloq Fikrət Sadıxov bildirdi ki,
Ermənistan hakimiyyət nümayəndəsi tərəfindən deyilən bu fikirlər əslində gözlənilən
etiraf idi: "Çünki onlar başa düşür ki, ölkə siyasi dalana dirənib. Azərbaycan
hərbi potensialını genişləndirir və günü-gündən qüdrətlənir. Biz aprel döyüşlərində
bunu bir daha sübut etdik ki, öz torpaqlarımızı işğaldan azad etməyə qadirik. O
cümlədən Rusiyanın S-400 zenit-raket komplekslərini Türkiyəyə satmaq faktı,
eyni zamanda amerikalı keçmiş həmsədr Hoqland tərəfindən 6 prinsipin səsləndirilməsi
artıq onlara bir mesajdır. Onu qeyd edim ki, Hoqlandın bu fikirləri Azərbaycanın
xeyirinədir. Görünür Ermənistan artıq başa düşür ki, yaranmış vəziyyətdən çıxış
yolu tapmaq lazımdır. Amma bu heç də o demək deyil ki, bu məsələ dərhal həll
olunacaq və ermənilər bütün torpaqları azad edəcək”.
Politoloqun fikrincə, Nyu-Yorkda nazirlərin görüşü olacaq və
danışıqlar prosesində Ermənistanın mövqeyi daha qabarıq şəkildə aşkarlanacaq:
"Çünki bu görüşdə ATƏT-in Minks qrupu həmsədrləri də iştirak edəcək. Əgər qeyd
edilən məsələ müzakirə predmetinə çevrilsə, onda müəyyən nəticələrə gəlmək
olar. Bu da hamıya daha aydın şəkildə bəlli olacaq”.
"Atlas” Araşdırmalar Mərkəzinin
rəhbəri, politoloq Elxan Şahinoğlu isə Azərbaycan ictimaiyyətini
bu xəbərlə ümidləndirməyin əleyhinə olduğunu vurğuladı: "Bundan sensasiya
yaratmağın əleyhinəyəm. Onsuz da münaqişənin həllinin hansısa mərhələsində Ermənistan
qeyd olunan 5 rayonu boşaltmalıdır. Bunu özləri də dəfələrlə dilə gətiriblər. Yəni,
bu xəbərdə elə də bir yenilik yoxdur. Bizim əsas istəyimiz işğal altında olan
bütün rayonlarımızın boşaldılmasıdır. Fikir verirsinizsə, məlumatda "təhlükə
yaratmayan ərazilər"dən söhbət gedir. Yəni bu, o deməkdir ki, Şuşa, Laçın
və Kəlbəcəri qaytarmaq istəmirlər. Həmin 5 rayonun qaytarılması hesabına da
bizdən münaqişənin həllinə yönəlik sənəddə tələb edilir ki, referendum tarixi
göstərilsin və onlar rahat şəkildə referendum keçirərək "müstəqillik"
qazansınlar. Lakin biz buna gedə bilmərik. Yəni, Nalbandyan bu şərtlərin
daxilində nəzərdə tutub ki, Ermənistan hansısa əraziləri boşalda bilər. Bu, erməni
tərəfinin güzəşti deyil. Sadəcə ola bilər ki, Ermənistan rəsmisi öz ictimaiyyətinə
bir mesaj göndərib ki, nə vaxtsa hansısa ərazilər boşaldıla bilər. Bunu da erməni
ictimaiyyəti onsuz da bilir”.
E.Şahinoğlu əlavə etdi ki, bu, ortaya atılmış yayındırıcı fikirdən
başqa bir şey deyil: "Onsuz da həmin rayonlar boşaldılmalıdır. Bizi
maraqlandıran o rayonlardan başqa, eyni zamanda Şuşa, Laçın və Kəlbəcərdir. Önəmli
olan odur ki, Ermənistan tərəfi bu haqda nə düşünür”.
Bəxtiyar MƏMMƏDLİ