• cümə, 29 Mart, 12:16
  • Baku Bakı 14°C

Azərbaycan öz tolerantlığı ilə nümunəvi dövlətdir

09.04.15 07:15 1168
Azərbaycan öz tolerantlığı ilə nümunəvi dövlətdir
Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində nəşr olunan nüfuzlu “Jewish Journal” qəzetində Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayevin “Azərbaycan və ABŞ yəhudiləri: müstəsna əlaqələri qeyd edərkən” başlıqlı məqaləsi dərc olunub.
Məqalədə bildirilir ki, Azərbaycan və Kaliforniya yəhudiləri arasında xüsusi əlaqələr mövcuddur və bu dostluq münasibətləri bu il daha çox tanınacaq: “Azərbaycan Dağ Yəhudiləri İcmasının liderləri ilə səfərimizin məqsədi Los-Anceles yəhudi icması tərəfindən bizə hədiyyə edilən yeni Tövratı qəbul etmək və bu hadisəni bayram kimi qeyd etmək olub. Bizə hədiyyə edilən yeni Tövratın yazılması üçün bir il vaxt sərf olunub. Yeni Tövratın yazılması, yayılması çox çətin prosesdir və bu, dünya yəhudiləri üçün xüsusi əhəmiyyət kəsb edir”.
Milix Yevdayev qeyd edir ki, Los-Ancelesdə yaşayan bir çox yəhudilər Azərbaycanda yaşayan 30 min dağ yəhudisi haqqında məlumatlı deyillər: “2000 il ərzində dağ yəhudilərinin Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşadığı haqqında çox az adam bilir. Azərbaycan xalqı və hökuməti digər yəhudi icmaları kimi dağ yəhudi icmasına də həmişə dəstək verib. Hazırda Bakıda üç sinaqoq və bir yəhudi məktəbi fəaliyyət göstərir”.
Onun sözlərinə görə, dünyəvi müsəlman ölkəsi olan Azərbaycan ilə İsrail müttəfiq dövlətlərdir və burada yaşayan yəhudilər öz dini inanclarına azad şəkildə etiqad edirlər: “Biz azərbaycanlı müsəlman bacı-qardaşlarımız ilə birgə yaşayır və işləyirik. Azərbaycan öz tolerantlığı ilə dünyada nümunəvi dövlətdir. Hazırda dünyanın müxtəlif ölkələrində yəhudilər, müsəlmanlar və xristianlar arasında qarşıdurma mövcud olduğu halda, Azərbaycan bütün bu stereotipləri dağıdıb. Azərbaycan nümunəsi müxtəlif dinlərə mənsub olan xalqların bir yerdə, sülh şəraitində yaşaya biləcəyini göstərir. Yəhudi icmasının Azərbaycanda mövcudluğu yuxu kimi görünür. Təsəvvür edin ki, müsəlman dövlətində milyonlarla dollar hesabına sinaqoq inşa edilir və burada bir yəhudi böyük müharibə qəhrəmanı kimi yad edilir. Bu, Azərbaycan reallığıdır”.
Yazar vurğulayıb ki, Los-Anceles şəhərinin yəhudi icmasının liderləri dağ yəhudilərinə necə yardım edə biləcəklərini həmişə soruşublar: “Buna yalnız bir cavab var: sinaqoq üçün Tövrat. Mən Azərbaycanın Los-Ancelesdəki konsulluğunun yəhudi icmasının rəhbərliyinə mənim istəyimi çatdırmasına çox şadam. Bizim müraciətimiz Sinay Məbədinin Ravini David Volpeyə çatdırılmışdı. Sinay Məbədi yəhudilərin müsəlman ölkəsində sülh və əmin-amanlıq şəraitində yaşamasının vacibliyini başa düşdü. Bizə verilən Tövrat çox möhtəşəm hədiyyədir. Mən ümid edirəm ki, bundan sonra yəhudilər müsəlman ölkələrində sülh şəraitində yaşayacaq və çiçəklənəcək. Azərbaycanın bir yəhudi icması tərəfindən digərinə Tövrat verilməsini dəstəkləməsi çox şeylər haqqında məlumat verir. Bu hadisə bütün dünyanı dəyişə bilər”.
O, sonda qiymətsiz olan Tövratı böyük hədiyyə kimi Azərbaycana gətirdiklərini qeyd edib: “Bu addım bütün müsəlmanlar ilə yəhudiləri birləşdirməyə yardım edəcək. Bir gözəl gündə biz aramızda olan fərqlərə baxmayaraq, bir yerdə hamılıqla yaşaya biləcəyik”.
Sənan Əhliman
banner

Oxşar Xəbərlər