• cümə axşamı, 28 mart, 14:19
  • Baku Bakı 16°C

“Azərbaycan öz hərbi gücündən istifadə edəcək”

22.06.18 10:30 2085
“Azərbaycan öz hərbi gücündən istifadə edəcək”
Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvanda həyata keçirdiyi əməliyyatla işğaldakı ərazilərin böyük bir hissəsini azad etməsi Ermənistanı ciddi narahat etməyə başlayıb. Bunun ardınca müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan ordusunun hərbi hazırlığı və müasir silahlarla təminatı ilə bağlı verdiyi açıqlamalar isə düşmən tərəfində çaşqınlıq yaradıb. Artıq Ermənistan rəhbərliyinin son hadisələrlə bağlı sərsəm bəyanatları erməni ictimaiyyətinin tənqid hədəfinə tuş gəlib. Lakin Ermənistan cəmiyyətindən fərqli olaraq, Azərbaycan ictimaiyyəti Z.Həsənovun verdiyi bəyanatları birmənalı qəbul edərək, tezliklə torpaqlarımızın işğaldan azad olunacağına inanır.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədovbildirdi ki, müdafiə naziri Zakir Həsənovun dedikləri həqiqətdir, reallıqdır: "O, əslində bununla düşmənə mesaj verdi ki, Azərbaycan ordusu ötən əsrin 90-cı illərindəki ordu deyil. Bu gün güclü Azərbaycanın güclü ordusu var. Silahlı Qüvvələrin arsenalında ən müasir və dağıdıcı zərbəsi böyük olan silahlar yer alır. Əsas məsələ isə ondan ibarətdir ki, o silahların hamısından güclü və təsirli Azərbaycan əsgərinin mübariz qələbə ruhu var. Azərbaycan əsgəri bilir ki, torpaqlarımız işğal altındadır və onun vətəndaş kimi borcu həmin torpaqları azad eləməkdir. Ona görə də Azərbaycan ordusu həm əsgəri qüvvəsi, həm də hərbi texnikası, silah-sursatı ilə ən yüksək hazırlığa malikdir. Bunu yaxın günlərdə Naxçıvan istiqamətində olan əks-həmlə sübut elədi. Bu gün o istiqamətdə Azərbaycan Silahlı Qüvvələri düşmənin paytaxtından 70-80 kilometr məsafədə mövqe tutub. Ermənistandan Laçın istiqamətinə gələn magistral şosseyə nəzarət edir. Bu çox böyük uğur və qələbədir. Müdafiə nazirimiz bəyan edir ki, Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad eləmək üçün tam hazır vəziyyətdədir və buna qadirdir. Bunu Azərbaycan xalqı bilir, biz ordumuzla qürur duyuruq və Ali Baş Komandanın əmri ilə Silahlı Qüvvələr torpaqlarımızı işğaldan azad etmək əməliyyatlarına başlayacaq”.

E.Məmmədov vurğuladı ki, iyunun 26-da Azərbaycan ordusunun yaranmasının 100 illiyi ilə bağlı hərbi parad keçiriləcək: "Bu təkcə yubiley paradı deyil, eyni zamanda ölkəmizin hərbi gücünün nümayişi olacaq. Gücümüzü bizi, ölkəmizi sevənlər və düşmən olanlar görəcək. Çox arzu edərdik ki, bizə düşmən olanlar bu gücdən nəticə çıxarsınlar. Onlar istəməsinlər ki, biz gücümüzü işə salaq. Ancaq təəssüflər olsun ki, onlar başa düşmür, işğalçılıq siyasətindən əl çəkmir. Belə olan təqdirdə, Azərbaycanın bir yolu qalır, bu da indiki gücümüzdən istifadə edib torpaqlarımızı işğaldan azad etməkdir. Bu, müharibə deyil. Biz heç bir dövlətə qarşı müharibə etmək fikrində deyilik. Bu, 25 ildən artıqdır torpaqlarımızda kök salmış düşmən qruplaşmalarını, ordularını, terrorçularını Azərbaycan ərazilərindən süpürüb atmaq üçün keçiriləcək anti-terror əməliyyatı olacaq. Bunun üçün də Azərbaycan öz hərbi gücündən istifadə edəcək. Bəzən bizi şantaj etmək üçün deyirlər ki, Azərbaycan müharibə edəcək. Xeyr, Azərbaycan müharibə etməyəcək. Əslində müharibə hansısa bir dövlətə qarşı olur. Biz öz torpaqlarımızı azad eləmək üçün hərbi gücümüzdən istifadə edəcəyik və heç kimin də torpağına göz dikməmişik. Əminəm ki, bu olacaq və indi Bakıda keçirdiyimiz hərbi paradları işğaldan azad olunmuş ərazilərimizdə, Şuşada, Xankəndində və digər rayonlarımızda keçirəcəyik. Azərbaycan buna qadirdir, gücü var və biz bunu açıq şəkildə bəyan edirik”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevbildirdi ki, Azərbaycan ordusu son paradını keçirəndə Ermənistan da belə bir tədbir keçirirdi: "Ermənistan Rusiyaya məxsus texnika və şəxsi heyətlə birgə parad keçirirdi. Göstərmək istəyirdi ki, guya müstəqil dövlətdir, amma başqa ölkənin silahı və texnikası, eləcə də əsgəri yer alırdı bu paradda. Ancaq Azərbaycan öz hərbi texnikası və əlində öz istehsalımız olan "İstiqlal” silahı tutan əsgəri, bayrağı ilə hərbi parad keçirtdi. Müqayisə etsək, arada bu qədər fərq var və Azərbaycan ordusunun əzəməti hələ o vaxtdan görünürdü. Daha sonra 2016-cı ilin aprel döyüşlərində Silahlı Qüvvələrimiz ermənilərə dərs verdi”.

F.Quliyev qeyd etdi ki, bu günlərdə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu 10 min hektardan çox ərazini düşməndən geri aldı: "Bu əməliyyat zamanı Azərbaycan ordusu strateji yüksəkliklərdə mövqe tutdu. Eləcə də ardınca Sədərəkdə şərab zavodu və onun ətrafını geri aldı. Artıq ermənilərin Naxçıvan istiqamətindəki hərbi hissəsinin bizim bir bölüyümüzə qarşı dirənişinin olmaması onu göstərir ki, düşmənlə müqayisədə Azərbaycan ordusunun hazırlığı yüksək səviyyədədir. Biz bilirik ki, Ermənistan Rusiyanın bir əyalətidir və ona arxalanaraq Azərbaycan ərazilərini işğal altında saxlaya bilirlər. Hesab edirəm ki, bizim müdafiə nazirinin və digər dövlət rəhbərlərinin də verdikləri bəyanatların arxasında gerçək reallıq, gücümüz dayanır. Lakin Ermənistan tərəfinin hərdən etdiyi avantürist davranışların arxasında ağalarına güvənmək dayanır. Amma günün birində mütləq həqiqət yalana qalib gələcək və Azərbaycan tərəfi real addımlarla öz ordusu ilə ərazilərini işğaldan azad edərək suverenliyini təmin edəcək”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər