Azərbaycan yığmasının futbolçusu evlənməyə qız tapmır

Azərbaycan yığmasının futbolçusu evlənməyə qız tapmır

İdman
02 Aprel 2013, 12:11 1306
“Qəbələ”nin futbolçusu Aleksandr Çertoqanovun apasport.az saytına müsahibə verib.

- Komandanızın qış fasiləsindən sonra uğursuz çıxışının səbəbini nədə görürsünüz?

- Sadəcə, oyunumuz alınmır. Futbolçular arasında anlaşma yaxşı deyil. Yəqin ki, meydanda bir-birimizlə dil tapa bilmirik. Komanda şəklində pis oynayırıq.

- Hər halda, “Qəbələ” qış fasiləsi zamanı transfer bazarında ən fəal klublardan oldu. 7 futbolçu transfer etsəniz də, onların faydasını görmürsünüz...

- Transfer məsələlərini baş məşqçi, rəhbərlik həll edir. Çalışdırıcı məşqlərdə futbolçuların hazırlığına diqqət yetirir. Yeni futbolçular gəldi, əvvəl hər şey normal idi. Ancaq sonradan ola bilər ki, kimsə ritmdən kənarda qaldı.

- Hər halda, “Qəbələ”nin potensialı 6-cı yerə layiq deyil...

- Aydın məsələdir ki, potensialımız böyükdür. “Qəbələ”də olan şərait... Komandada hər şey var, ancaq nəticə yaxşı deyil. Komanda şəklində oynaya bilmədiyimizdən, çıxışımız elə də yaxşı alınmır.

- Uzun illərdir mərkəz yarımmüdafiəçisi kimi çıxış edirsiniz. Sizcə, komandanızda əsas problem oyun qurucusu ilə bağlıdır?

- Mən belə düşünmürəm. Fikrimcə, problem hər mövqedədir. Çox futbolçularımız formada deyil. Kimdəsə zədə olub. Ümumilikdə hamımız pis oynayırıq. Mən elə fikirləşmirəm ki, oyun qurucusu oyunumuzu güclü dəyişərdi.

- Komandada atmosfer, baş məşqçi ilə anlaşma necədir?

- Bu planda hər şey normaldır. Yaxşı kollektivimiz var. Rəhbərlik, baş məşqçi ilə münasibətlər yaxşıdır. Belə götürəndə, “Qarabağ”la matça qələbəyə köklənərək çıxmışdıq. Ancaq alınmadı.

- Ölkə kubokunda mübarizədən kənarda qalmısınız, Avropaya vəsiqə verən zonadan çox uzaqsınız. Belə olan halda, vəziyyətdən çıxış yolunu nədə görürsünüz?

- Sadəcə, yaxşı məşq etmək, uğursuz matçlardan nəticə çıxartmaq və başqa cür oynamaq lazımdır.

- Sizcə, indiki vəziyyətdə Avropaya çıxmağınız realdır?

- İndi bu baxımdan həlledici oyunlarımız olacaq. Evdə “Simurq”a qalib gəlməliyik. Bu zaman yenidən şansımız yaranacaq. Əks təqdirdə, işimiz daha da çətinləşəcək. Çünki artıq neçə oyundur qalib gələ bilmədiyimizdən, şansımız çox azdır.

- Böyük ümidlərlə gəldiyiniz “Qəbələ” ilə Avropaya çıxa bilməsəniz, bu, şəxsən sizin üçün böyük uğursuzluq sayılacaq?

- Məlumdur ki, komandanın qarşısına Avropaya çıxmaq vəzifəsi qoyulub. Buna nail olmasaq, üzücü olacaq. Bütün komandalar ora can atır. Bəziləri var ki, heç “altılığ”a düşmürlər. Aydındır ki, Avropaya çıxmasaq, bu, bizim üçün pisdir. İstəyimizə çatmaq üçün çalışmalıyıq.

- Şəxsi həyatınızda nə yenilik var? Səhv etmiriksə, bu il evlənmək haqda düşünürdünüz...

- (gülür) Yox, indi evlənməyi düşünmürəm.

- Hər halda, 33 yaşınız var və yeri gəlsə, çoxdan ailə həyatı qurmalı idiniz...

- Hələlik Qəbələdəyəm və ailə qurmağı düşünmürəm. Bazada otururam, bütün günü məşq edirəm və heç kənara çıxmıram. Deyə bilmərəm ki, gələn kimi səninlə evlənərəm. Qızı tanımadan bu, mümkün deyil. Çətin ki, Qəbələdə qızla tanış olum (gülür). Ola bilər ki, Bakıda yaşayanlar üçün ailə ilə əyalətdə yaşamaq çətindir. Məndə bu baxımdan problem yoxdur. Sadəcə, burda qız yoxdur ki, tanış olum.

- Artıq 9 ildir Azərbaycandasınız, uzun illərdir Bakıda yaşamısınız...

- Mən Bakıya 1-2 günlük gəlib, yenidən Qəbələyə qayıdıram. Bakıda Ukraynadakı kimi deyil ki, qızla restoranda tanış ola bilərsən. Bir sözlə, çətin mövzudur və paytaxtda heç kimlə evlənməklə bağlı tanış olmamışam.

- Elə hesab etmirsiniz ki, evlənmək məsələsində gecikirsiniz?

- Bunda qorxulu heç nə yoxdur. Hər yerdə çatdırmaq qeyri-mümkündür.

- Bəlkə yarınızı tapmadığınızdan, tələsmirsiniz?

- Evlənməmişəmsə, deməli, hələ istədiyim qızı tapmamışam.

- Azərbaycanlı xanımla ailə həyatı qurmağa necə baxırsınız? Yoxsa əslən Ukraynadan olduğunuzdan, həmyerlinizlə evlənməyi daha düzgün sayırsınız?

- Mənim üçün bu baxımdan heç bir fərqi yoxdur. Əgər insan yaxşıdırsa, hər şey normaldır. Mən o haqda düşünməmişəm ki, həyat yoldaşım ukraynalı, rus, yoxsa azərbaycanlı olsun.

- Valideynləriniz sizi hələ də subay olduğunuza görə qınamır? Evlənməyə tələsdirmirlər?

- Tələsdirirlər, ancaq nə etmək olmaz. Artıq özümə elə bir peşə seçmişəm ki, dözmək lazımdır. Bundan sonra nəyisə dəyişməyin, heyfsilənməyin yeri yoxdur.

- Belə gedişlə futbolçu karyeranızı bitirəndən sonra evlənəcəksiniz?

- Mənim klubla müqaviləm yayda bitəcək. Bundan sonra vəziyyətə baxıb qərar verəcəyik. Mələ hələ o haqda düşünməmişəm ki, Azərbaycanda çıxışımı başa vurum, Ukraynaya qayıdım. Hələ təklif yoxdur. İndi bizim üçün əsas düşdüyümüz vəziyyətdən çıxmaqdır ki, bir sıra oyunlarda qalib gəlib, əhval-ruhiyyəmiz qalxsın. Buna görə də hazırda məni evlənmək yox, komandamızın uğurlu çıxışı düşündürür.