• cümə, 29 Mart, 11:40
  • Baku Bakı 5°C

“Azərbaycan yaxın illərdə özünü ərzaqla tam təmin edəcək”

04.02.17 09:30 1254
“Azərbaycan yaxın illərdə özünü ərzaqla tam təmin edəcək”
Prezident İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında xüsusi olaraq vurğuladığı məsələlərdən biri də ərzaq təhlükəsizliyinin təminatı və bu istiqamətdə görülməli olan işlərlə bağlıdır. Prezident çıxışında bildirib ki, ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər daim diqqət mərkəzindədir və son illər ərzində Azərbaycanın ərzaq təhlükəsizliyi böyük dərəcədə təmin edilib.
Ölkə başçısı qeyd edib ki, əlavə tədbirlər nəticəsində bu il 150-160 min hektar yeni suvarılacaq əkin sahələrinin hesabına böyük ixrac imkanı yaranacaq. 2017-ci ildə 100-120 min hektarda pambıq əkiləcək və 200 min ton pambığın yığılması gözlənilir. Bu il 120 ton, 2019-cu ildə isə 1300 ton barama tədarük ediləcək. Baramaçılıq 37 rayonda inkişaf etdirilir. Fındıqçılıq 13 rayonda inkişaf etdirilir və fındıq bağlarının sahəsi 80 min hektara çatdırılacaq. Abşeron və Bakıətrafı qəsəbələrdə badam bağlarının salınması nəzərdə tutulur. Zeytunçuluğun inkişafı üçün əlavə tədbirlər görülür, yeni bağlar salınacaq. Tütünün istehsalı üç dəfə artmalı, 10 min tona çatdırılmalıdır. Üzümçülük və şərabçılıqla bağlı tədbirlər nəzərdə tutulur. Bu sahədə ixrac həcmi 10-20 dəfə artırmalıdır. Azərbaycanda soyaya olan daxili tələbat 1-2 il ərzində tam ödənilə bilər. Azərbaycanda gübrə zavodu tikilir və ən geci gələn il istifadəyə veriləcək. Yun tədarükü ilə bağlı daha 10 tədarük mərkəzi yaradılmalıdır. Çayçılığın inkişafı üçün plantasiyalar genişləndirilir və ən müasir texnologiyalar Azərbaycana gəlməlidir. Aqroparkların sayını ən azı 10-a çatdırılmalıdır.
"Ərzaqla təminatda müsbət addımlar var”
Millət vəkili Vahid Əhmədov "Kaspi”yə açıqlamasında bildirdi ki, ölkə başçısının əsas diqqət yetirdiyi məsələlərdən biri ərzaq təhlükəsizliyinin təmin olunmasıdır: "İlham Əliyev prezident seçiləndən sonra regionların iqtisadi inkişaf proqramının birinci mərhələsi həyata keçirildi. Ümumilikdə isə o vaxtdan bəri 2004-2008, 2009-2013, 2014-2018-ci illəri əhatə edən 3 proqram qəbul edilib. İkisi başa çatıb, üçüncü icra olunmaqdadır. Hələ birinci proqramın yekunlarının müzakirəsi zamanı İlham Əliyev nitqində regionların inkişafı ilə əlaqədar Azərbaycan hökumətinin qarşısında iki vacib məsələ qoydu. Onlardan birincisi Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi, ikincisi isə qeyri-neft sektorunun inkişafı idi. Həmin vaxtdan bəri Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı davamlı işlər görülür. Dünyada ərzaq qıtlığı, aclıqdan əziyyət çəkən ölkələr var. Ona görə də dövlət başçısının Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar xüsusi fərmanı da olub. Çox böyük işlər də görülüb. Əvvəlki illərlə müqayisədə Azərbaycanda ərzaqla təminatda müsbət addımlar var”.
"Kənd təsərrüfatına diqqət xeyli artırılıb”
V.Əhmədov deyir ki, bu istiqamətdə əsas məqsəd ölkənin özünü heç olmasa 80 faiz ərzaqla təmin etməsinə nail olmaqdır: "Ərzaq təhlükəsizliyi o zaman tam təmin olunmuş hesab olunur ki, ölkə özünü 80 faiz ərzaqla təmin etsin. Bizdə elə məhsullar var ki, 100 faiz özümüzü təmin edirik. Amma daha az təmin etdiklərimiz də var. Ölkə başçısı da qeyd etdi ki, strateji məhsul olan taxılla özümüzü 53 faiz təmin edirik. Ərzaq təhlükəsizliyinin təmin edilməsi dövlət üçün vacibdir. Azərbaycan müharibə şəraitində olan bir dövlətdir, ona görə də bizim ərzaq ehtiyatımız həmişə olmalıdır. Ölkə başçısı tərəfindən keçirilən bütün iclaslarda bu məsələ ilə bağlı tapşırıqlar verilir. Sonuncu konfransda da ciddi şəkildə bu mövzuya toxundu. Hətta bəzi rayonlar üzrə suvarma sisteminin qurulması, əkin sahələrinin genişləndirilməsi ilə bağlı konkret detallar göstərdi və çoxsaylı göstərişlər verdi.
Düzdür, idxalımız da olur, amma ərzaqla bağlı elə ciddi problemimiz yoxdur. Əsas məqsəd ondan ibarətdir ki, Azərbaycan özünü heç olmasa 80 faiz ərzaqla təmin etsin. Bu sahədə də işlər gedir. Kənd təsərrüfatına diqqət xeyli artırılıb. Son vaxtlar ölkə başçısı tərəfindən çox ciddi addımlar atılır, güzəştlər var, sahibkarlara müəyyən kreditlər verilir. Görülən işlərə əsasən deyə bilərəm ki, Azərbaycan yaxın illərdə özünü ərzaqla tam təmin edəcək”.
Millət vəkili bildirdi ki, ərzaq təhlükəsizliyinin təmin olunmasından sonra ixrac yolu ilə ölkəmizə daha çox xaricdən valyuta gətirilməsinə nail ola bilərik: "Bir vaxtlar Azərbaycan zeytunu ixrac edirdi. İndi isə idxal edirik. Siqareti xaricdən idxal edirik. Bunlar elə sahələrdir ki, Azərbaycanın öz imkanları var. Bunları genişləndirməklə həm özümüzü təmin edə bilərik, həm də ixrac edib müəyyən qədər valyuta gətirə bilərik”.
"Yeni standartların tətbiq edilməsinə ehtiyac var”
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı deyir ki, ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində ölkəmizdə bir çox işlər görülür. Amma o, təklif edir ki, bu istiqamətdə əlavə tədbirlər də görülsün: "Əvvəla qeyd edim ki, ölkədə müəyyən məhsulların yetişdirilməsini, istehsalını artırmaq doğru və lazımdır. Amma məni daha çox narahat edən məsələ ölkənin müxtəlif ticarət obyektlərində satılan ərzaqlarla bağlıdır. Onların bir çoxu standarta uyğun deyil. Buna görə də həm ölkəyə gətirilən məhsullar yoxlanmalı, həm də mağazalarda, böyük marketlərdə müntəzəm yoxlamalar keçirilməlidir. Bir çoxlarında zamanı keçmiş məhsullar satırlar. Təsadüfi deyil ki, son vaxtlar ölkə xəstəxanalarına müraciət edənlərin böyük hissəsi mədə şikayətləri ilə bağlı olur. Burada qidaların rolu böyükdür. Yeni standartların tətbiq edilməsinə ehtiyac var. Həm ölkədə istehsal olunanlarda, həm də idxal yolu ilə gətirilən məhsulların keyfiyyətinə ciddi nəzarət olmalıdır. Bunu həyata keçirən ayrı-ayrı qurumlar var, amma bəlkə də xüsusi qurum da yaranmalıdır. Bunun üçün bizim çoxsaylı laboratoriyalarımız olmalıdır. O laboratoriyalar həm də gömrük məntəqələrində yerləşməlidir ki, ölkəyə gələn ərzaqların keyfiyyəti yoxlanılsın. İstehsal müəssisələrində də keyfiyyət yoxlanılmalıdı”.
"Şərab zavodlarının böyük hissəsini dirçəltmək lazımdır”
Q.Bayramlı ərzaq təhlükəsizliyinin təmin olunması və eyni zamanda yeni iş yerlərinin yaradılması baxımından bir neçə istiqamətdə xüsusi işlər aparılmalı olduğu haqda da danışdı: "Ölkəmizdə cəmi bir şəkər zavodu var, o da İmişlidə fəaliyyət göstərir. Şəkər çuğundurunun demək olar ki, Azərbaycanın əksər rayonlarında yetişdirilməsi mümkündür. O məhsul elədir ki, qısa müddətdə emal edilmədikdə, keyfiyyəti düşür. Ona görə də öncə şəkər çuğunduru yetişdirən əraziləri genişləndirmək lazımdır. Digər tərəfdən, zavodlar Azərbaycanın bir neçə yerində yerləşdirilməlidir. Bunun həm işsizliyin aradan qaldırılmasında faydası olar, həm də nəqliyyat məsrəflərini azaldar.
Bəzi bölgələrimizdə meyvə-tərəvəzin konservləşdirilməsi ilə bağlı zavodlar var. Amma əksər bölgələrdə bunun olması lazımdır. Çünki çox zaman məhsulu yetişdirənlər bazar tapa bilmirlər. Vaxtında yığılıb satılmayanda məhsul keyfiyyətini itirir. Azərbaycan üçün yaxın qonşuluqda Rusiya, nisbətən uzaq olsa da Ukrayna, Qazaxıstan kimi böyük bazarlar var. Onlarda xüsusilə meyvə-tərəvəz konservlərinə ehtiyac var. İmkan yaratmaq lazımdır ki, orta səviyyəli biznesmenlər, sahibkarlar da belə müəssisələr aça bilsinlər.
Pambığın toxumlarında da ərzaq kimi yağ alınır. Pambıqla bağlı danışanda çox vaxt ixrac imkanlarını vurğulayırlar. Amma bu məhsulun istehsalının artırılması ilk növbədə ölkənin daxilində pambıq məhsullarına olan tələbatı ödəmək üçün gərəklidir. Azərbaycanın pambıq parçadan özünəməxsus bir brendi yoxdur. Ona görə də, ixracatdan əvvəl ölkədə fabriklər qurulmalı, emal olunan məhsullar Azərbaycanda daxili bazarın təmin olunmasına yönəldilməlidir.
Baramaçılıq da inkişaf etdirilməsi vacib olan sahələrdəndir. Bu sahəni genişləndirmək ona görə lazımdır ki, birinci ölkənin ipək məhsullarına olan tələbatı ödənilsin. Digər tərəfdən, bu, təxminən 40 gün ərzində başa gələn məhsuldur. Bundan öncə isə ölkədə böyük ərazidə tut bağlarının salınması lazımdır.
Perspektivli sahələrdən biri də üzümçülükdür. Vaxtilə bu sahə Azərbaycanda geniş şəkildə inkişaf etmişdi. Şərab istehsalından ölkəmiz gəlir əldə edirdi. Üzümçülüyü gəlir gətirən bir sahəyə çevirmək üçün həm üzüm əkilən sahələri genişləndirmək lazımdır, həm də bölgələrimizin əksəriyyətində əvvəllər fəaliyyət göstərən şərab zavodlarının hamısını olmasa da, böyük hissəsini dirçəltmək lazımdır. Bu zaman istehsal olunan məhsul əldə qalmaz”.
İstehsal olunan məhsul əldə qalmamalıdır
Q.Bayramlının sözlərinə görə, istehsalın çox olması üçün isə əhali əmin olmalıdır ki, məhsulu əldə qalmayacaq: "Bir çox ölkələrdə, o cümlədən Türkiyədə bu sistem tətbiq olunur. Məhsul yetişdirilmədən öncə dövlət təminat verir ki, onu biz ala bilərik. Bizdə isə bəzən hansısa məhsul çox yetişdirilir, həmin il isə o qədər ucuz satılır ki, onun xərci borcunu ödəmir. Ona görə baza qiymətlər sistemini Azərbaycanda tətbiq etmək lazımdır ki, artıq onu yetişdirən adama təminat verilsin ki, məhsulu əlində qalmayacaq”.
Q.Bayramlı onu da bildirdi ki, Azərbaycan ildə 3 milyona yaxın taxıl məhsulları yetişdirir. Bunun isə xeyli hissəsi buğdadır. Amma təəssüf ki, dəyirmanlarımızda idxal olunan buğdaları üyüdürlər. Yerli məhsulumuz isə heyvani yemlər üçün istifadə edilir. Bunun səbəbi odur ki, vaxtilə Azərbaycanın əksər yerlərində elektrikli, lap əvvəllər isə su dəyirmanları var idi. Onların da bir çoxları ləğv edildi. İndi isə Azərbaycanın 3-4 böyük dəyirmanı var. Xaricdən gətirilən buğda isə yumşaq olduğu üçün, orda üyüdülür. Amma bizim rayonlarda yetişdirilən buğda sərt buğdadır. Həmin sərt buğdaları isə dediyim dəyirmanlar üyütmür. Dəyirman şəbəkəsini genişləndirmək lazımdır ki, ölkəmizdə istehsal olunan buğda heyvani yem olaraq istifadə olunmasın”.
Aygün
banner

Oxşar Xəbərlər