Azərbaycan xurması və fındığı beynəlxalq sərgidə qızıl medala layiq görülüb
"Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisində
"Made in Azerbaijan” vahid ölkə stendində öz təbii və keyfiyyətli məhsulları
ilə ziyarətçilərin və Sərgi təşkilatçılarının diqqətini cəlb edən "Bal Xurma” və "Azərstar” şirkətləri 2017-ci ilin
məhsulu nominasiyası üzrə qızıl medala layiq görülüblər.
Qeyd edək ki, quru meyvə istehsalı
və emalı sahəsində yalnız Azərbaycan şirkətləri sərginin təşkilatçısı "ITE
Group” tərəfindən mükafatlandırılıb. Bununla da, ilk dəfə olaraq "Worldfood
Moscow” Sərgisinə qatılan Azərbaycan şirkətləri ən
yüksək mükafatı qazanıblar.
Azərbaycanın xüsusi
emal üsulu ilə qurudulmuş xurma istehsalçısı olan "Bal Xurma” və fındıq
istehsalçısı "Azərstar”ın bu mükafatlara layiq görülməsi həm də yerli məhsullarımızın
ekoloji təmiz olması, bu sahədə istehsal və emal prosesinin müasir
texnologiyalara əsaslanması ilə bağlıdır.
Azərbaycanın eksklüziv partnyor olduğu "Worldfood
Moscow” Sərgisində ölkəmizin 30-dan çox ixracatçı şirkətinin istehsalı olan meyvə
şirələri, təbii mineral sular, şərab və spirtli içkilər, meyvə-tərəvəz, süd
məhsulları, çay, fındıq,qənnadı məmulatları və konservləşdirilmiş qidalar
nümayiş olunur. Bu məhsullar öz təbiiliyi və keyfiyyəti ilə yanaşı,
qablaşdırılmasının müasir dizaynı ilə seçilir, sərgi ziyarətçiləri tərəfindən
maraqla qarşılanır.
Qeyd edək ki, sentyabrın 11-dən öz işinə başlayan
26-cı "Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisi bu gün başa çatır. Sərgi
çərçivəsində Azərbaycanın vahid ölkə stendi 1000-dən çox xarici şirkətin
nümayəndəsi tərəfindən ziyarət olunub, yerli şirkətlərimiz Rusiyaya fındıq,
qənnadı məmulatları, şəkərli vanil və qabartma tozu ixracına dair 13 müqavilə
imzalayıb, Azərbaycanın vahid ölkə stendi "Ən yaxşı debüt” mükafatına layiq
görülüb.